Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-74/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyyən edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması və miras payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı və cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınması, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1/4 hissədə İddiaçı, 1/4 hissədə cavabdeh2, 1/4 hissədə cavabdeh3 və 1/4 hissədə cavabdeh1 payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdehlər Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyyən edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması və miras payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun tanınması, mirasın onun tərəfindən qəbul edilməsi, digər vərəsələrin miras əmlakı qəbul etmədikləri üçün, miras paydan məhrum olunması, miras payın üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.1963-cü il tarixdə nənəsi X4 adına qeydiyyata alınmışdır. 1990-cı ildə isə X1nun adına texniki pasport verilmişdir. Nənəsi X4 ##.##.1975-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra X1 miras qalmış evi faktiki qəbul edərək, orada yaşamışdır. X1 ##.##.2017-ci il tarixdə vəfat etmişdir. X1 vəfat etdikdən sonra, ondan başqa ailə üzvləri olaraq cavabdeh2, X2 və X6 qalmışdır. Ondan başqa heç bir vərəsə nə qanun üzrə, nə də faktiki olaraq miras əmlakı bu günə qədər qəbul etməmişdir. O, anadan olandan bu günə qədər daima həmin evdə yaşamış və daimi qeydiyyatda olmuşdur. Digər vərəsələr mirasın qəbulu müddətini ötürmüşlər. Atasının sağlığında və onun ölümündən sonra, evi yenidən tikib bərpa etmişdir. Belə ki, zəlzələ vaxtı ev tamamilə uçub dağılmışdır. Ata-anasını o dəfn edib, ehsanını tək vermişdir. Miras qalan evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə, cavabdeh4 müraciət etmiş, lakin notarius onun miras əmlak faktiki qəbul edən yeganə vərəsə olduğunu nəzərə almayıb, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı İddiaçı Şamaxı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşə baxan məhkəmə qətnamədə cavabdehlərin izahatlarına geniş yer ayırması, iddia tələbini əsaslandıran halları və onları təsdiq edən sübutları qətnamədə qeyd və tələblərini müəyyən edən faktlarla əlaqədar sübutları qəbul etməməsi tərəflərə bərabər yanaşmadığını, bu səbəbdən MPM-nin 9-cu ədalət mühakiməsinin prinsipini və sübutların aid edilməsi haqqında həmin Məcəllənin 80-cı maddəsinin tələbini pozduğunu göstərir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehlərin etibarnamə üzrə nümayəndəsi cavabdeh2 özü və iki bacısı nənələri Şirin Dəmirovanın vərəsələri, ondan qalan miras əmlakda payları olduğunu, nənələri Şirin Dəmirovanın vəfatından sonra atası ilə birlikdə nənəsinə məxsus evdə yaşadıqlarını, həmçinin atası Əvəz vəfat edənə kimi və ondan sonra da həmin evdə yaşadıqlarını göstərmişdir. Lakin ataları öləndən əvvəl və ondan sonra ailələri və özlərinə məxsus evləri ola-ola onun evində niyə yaşadıqlarının səbəbini, zəlzələ nəticəsində evin hansı hissəsinə ziyan dəyməsini məhkəməyə verdiyi izahatında və ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi etirazında bildirməmiş və bu halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sədrlik edənin sualına digər iki cavabdehin də nümayəndəsi cavabdeh2 cavab olaraq bildirmişdir ki, 30 ildir mübahisəli evdən özü çıxdığını, ailə qurduqları vaxtdan özü və məhkəmədə təmsil etdiyi Süsən və Mehriban da ailə qurduqdan sonra evdən çıxdıqlarını bildirmişdir. Göründüyü kimi cavabdeh cavabdeh2 özü və bacıları Süsən və Mehriban 30 ildir evdən çıxdıqlarını etiraf etmiş, bu hal da onların atadan miras əmlakı faktiki qəbul etmədiklərini təsdiq edir. Məhkəməyə təqdim etdiyi və tərəflərin ifadəsindən işə baxan hakimə məlum oldu ki, nənəsi 1975-ci ildə vəfat etmiş, atası onun birinci növbədə tək vərəsəsi kimi miras əmlakı qəbul edib həmin evdə yaşamış, anası öldüyü üçün 1990-cı ildə həmin fərdi yaşayş evinə dair adına texniki pasport hazırlanaraq ona verilmiş, 1980-1989-cu illərdə qardaşı evlənib, bacıları ərə getdikdən sonra atasıyla o və arvadı həmin evdə yaşamış, ##.##.2017-ci il tarixdə atası vəfat etmiş və o gündən bu günədək həmin mənzildə ailəsiylə birlikdə yaşayır. Bununla belə məhkəmə X4 ##.##.1975-ci ildə vəfatından sonra miras qoyanın nəvələri – hazırki iş üzrə tərəflər İddiaçı, cavabdeh2, cavabdeh3 və cavabdeh1 miras qalmış qeyd olunan əmlakı faktiki qəbul edərək, orada yaşamaları nəticəsinə gələrək, miras əmlakda hər bir vərəsənin payını ¼ hissədə müəyyən etmişdir. İşə baxan məhkəmə Mülki və Mülki Prosessual Məcəlləsinin tələblərini pozmaqla, qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinin tələbləri pozulmuşdur. Nənəsinin vəfatından sonra atası mirası qəbul etmiş, evə dair texniki pasport alması bu faktı təsdiq edir. O da onun miras əmlakını qəbul etmiş yeganə vərəsə olduğunu bildirməyinə və bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməyinə baxmayaraq, onları və mübahisə tətbiq edilməli olan hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməmişdir. Halbuki həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə sübutetməsi həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessaul hüquq normalarının tələblərinin pozulması qəbul edildiyi üçün ləğv edilməli, atadan qalmış miras evi övladlarından yalnız o qəbul etdiyi, digər övladları cavabdeh vərəsələr formal və qeyri-formal üsulu ilə qəbul etmədikləri üçün iddia ərizəsinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATI Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, lakin mövcud iddia tələbini düzgün qaldırmadığını, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Vəkil da apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin düzgün qaldırılmadığını əsas gətirərək qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağazadə (Bayramova) Fatimə Sahib qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi qismən vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması, mirasdan payın müəyyən edilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçı İddiaçı və cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 mərhum Şirin Dəmirovadan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini faktiki olaraq qəbul etmələrinin müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması ilə əsaslandırmış və məhkəmənin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi və mirasdan payın müəyyən edilməsi, digər vərəsələrin miras paydan məhrum olunmaları hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Baxılan iş üzrə iddia tələbi dörd hissədən - vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması və miras payın üzərində mülkiyyət hüququnun tanınması olmaqla, bu tələbləri cavabdeh kimi Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı yönəltmişdir. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Çünki iddiaçı iddianı qaldırarkən konkret şəxsin mübahisəli hüquq münasibəti üzrə vəzifələr daşıdığını güman edir və onu cavabeh kimi göstərir. Cavabdeh iddia tələbinin yönəldiyi fiziki və ya hüquqi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur (məsələn, borcun müəyyən edilmiş vaxtda ödənilməməsi, ziyanın vurulması və s) Bəzi hallarda isə cavabdehin özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də, mübahisəli hüquq münasibətinin subyekti olur (məsələn, vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə vərəsəyə qarşı qaldırılan iddia). Əgər məhkəmə araşdırması başa çatana qədər müəyyən edilsə ki, iddia həmin hüquq münasibəti üzrə vəzifələr daşımayan şəxsə, qarşı qaldırılmış və iddiaçı isə cavabdehin əsl cavabdehlə əvəzlənməsinə yazlı razılıq (vəsatət) verməmiş, bu halda icraat verilmiş iddia üzrə davam etdirilməli və məhkəmə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarmalıdır (MPM-54.1, 54.2.-ci maddələri). Lakin mübahisəni mahiyəti üzrə həll edən aşağı instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq, məhkəmənin ##.##.2025-ci il tarixli hazırlıq iclasında iddiaçının yazılı razılığı (vəsatəti) olmadan cavabdeh2, cavabdeh3 və cavabdeh1 əlavə cavabdeh kimi işə cəlb etmişdir. Halbuki, MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin işə cəlb edilməsi barədə məsələ iddiaçının yazılı vəsatəti və ya məhkəmənin təklifi ilə bir qayda olaraq işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yalnız iddiaçının razılığı (vəsatəti) ilə mümkündür. Nəzərə alınmalıdır ki, mülki prosessual hüququn əsas prinsiplərindən biri olan dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsi mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq işə başqa cavabdehin cəlb edilməsi iddiaçının müstəsna hüququdur. Əks yanaşma dispozitivlik prinsipinə və MPM-nin 51.3-cü maddəsinin mahiyyət və təyinatına uyğun gəlmir. İşdən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi mərhum nənəsi Şirin Dəmirova məxsus H.Mahmudbəyov küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etdiyinə istinad edərək, nənəsinin vərəsəsi olaraq tanınması, digər vərəsələrin vərəsəlik hüququndan məhrum edilməklə həmin miras əmlakda payının müəyyən edilməsini iddia etmiş, iş üzrə cavabdeh kimi tanınmış Mahir, Süsən və Mehriban Dəmirovalar isə miras əmlakın onlar tərəfindən qəbul etdiklərini əsas gətirərək, mövcud iddiaya etiraz etmişlər. İddiaçını nənəsi mərhum X4 ##.##.1975-ci ildə, X1nun ##.##.2017-ci il tarixdə vəfat etməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ##.##.1963-cü il tarixdə X4 adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.1.1 və 1159.1.3 maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onların qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər vərəsə ola bilər. Qeyd olunan maddələrdə qanun üzrə vərəsə sayılan şəxslər və onların vərəsəliyə çağrılması növbəliliyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk mövcud iki tələbin sonrakı tələbləri özündən asılı etdiyini nəzərə alaraq hesab edir ki, bu iki tələbə qiymət verilməsi zəruridir. Qeyd olunmalıdır ki, vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələblərinin təmin edilməsi üçün iddiaçı ilk növbədə mərhum Şirin Dəmirovanın birinci növbəli vərəsəsi olmalıdır. Mövcud vəziyyətdə iddiaçı İddiaçı Mülki Məcəllənin 1159.1.1 və 1134.1-ci maddələrinin tələbləri baxımından mərhum nənəsi Şirin Dəmirovanın vərəsəsi ola bilməz. Bu o halda mümkündür ki, mirasın açıldığı vaxt (##.##.1975ci ildə) miras qoyan Şirin Dəmirovanın vərəsəsi olacaq şəxs, yəni iddiaçının mərhum atası Əvəz Dəmirov sağ olmasın. Lakin işdən göründüyü kimi iddiaçının mərhum nənəsi X4 ##.##.1975-ci ildə vəfat edərkən, sonuncunun oğlu, yəni iddiaçının mərhum X1 sağ olmuşdur. Bu hal iddiaçının mərhum Şirin Dəmirovanın vərəsəsi olmasını istisna edir. Hazırkı işdə isə iddianın uğurluğu üçün miras qoyan Şirin Dəmirovanın ölümündən sonra miras əmlakın iddiaçının X1 tərəfindən, sonuncunun ölümündən sonra isə miras əmlakın onun vərəsəsi (vərəsələri) tərəfindən qəbul edilməsi barədə iddiaçı tərəfindən hər hansı bir tələb irəli sürülməmişdir. Qeyd olunmalıdır ki, özünün pozulan və ya mübahisə edilən hüququn sahibi hesab edən şəxs qanunvericilikdə müəyyənləşdirilən qaydada məhkəməyə müdafiə olunmaq üçün müraciət edir. Məhkəmədə hər hansı məsələnin mülki prosessual qaydada baxılması üçün ilk növbədə maraqlı şəxs (iddiaçı) birinci instansiya məhkəməsinə iddia ərizəsi və ya müvafiq növ ərizəsində öz tələb və ya xahişini göstərir. Məhkəməyə təqdim edilən iddianın mahiyyəti marağı olan şəxsin iddia ərizəsində açıqlanır. İddia ərizəsində maraqlı şəxs (iddiaçı) hüququn güman edilən pozucusuna (cavabdehə) qarşı öz tələblərini göstərir. Məhz iddiaçının cavabdehə qarşı maddi-hüquqi tələbi əsasında məhkəmə iş üzrə qətnamədə öz fikrini söyləyir. İddiaçının cavabdehə qarşı maddi-hüquqi tələbi olmadığı halda iddia da mövcud olmur və məhkəməyə müraciət predmetsiz olur. Bununla yanaşı mövcud tələb üzrə məsələ ilə bağlı iddiaçı tərəfindən iddiaçının mərhum nənəsi Şirin Dəmirovanın 6 nəvəsi olduğu halda, bütün vərəsələrin dairəsi tam müəyyənləşdirilməmiş və işə baxan məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarından da göründüyü kimi vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum nənəsi Şirin Dəmirova vəfat edərkən, iddiaçının mərhum atası Əvəz Dəmirov sağ olduğundan, iddiaçının nənəsi Ş.Dəmirovanın vərəsəsi olaraq tanınması, sonuncudan miras qalmış əmlakı qəbul etməklə həmin miras əmlakda onun payının müəyyən edilməsi barədə hazırki iddianı qaldırmaqda haqlı olmamış və məhkəmədə iddianı bu hissələrdə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bunun üçün iddiaçı hüququn həyata keçirilməsinin düzgün hüquqi müdafiə vasitəsi kimi bütün vərəsələr cəlb edilməklə mərhum nənəsi Şirin Dəmirovadan miras qalmış əmlakın mərhum atası Əvəz Dəmirov sağlığında qəbul etməsi və onun ölümündən sonra sonuncunun vərəsəsi olaraq mirası qəbul etməsi və miras əmlakda payının müəyyən edilməsi barədə iddia irəli sürmək hüququ istisna deyil. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalandığı, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (Mülki Prosessual Məcəllənin 385.1.1. 387.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi qismən vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması, mirasdan payın müəyyən edilməsi hissələrində ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi qismən vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması, mirasdan payın müəyyən edilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı və cavabdeh2, cavabdeh3 və cavabdeh1 mərhum nənəsi X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması, həmin miras əmlakın 1/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə cavabdeh2, 1/4 hissə hissəsinə də cavabdeh3 və 1/4 hissəsinə cavabdeh1 payının müəyyən edilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-8)-74/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-74/2026
14.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver