Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-798/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 İkram oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2023-cü il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirilmiş, rezin boru vasitəsi ilə sayğacdan kənar xətt aşkar edilmişdir. 2.İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus sayğaca ümumi baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunduğu aşkar olunmuşdur. ******* saylı, ##.##.2023-cü il tarixli akt əsasında qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 17280 kub metr əlavə sərfiyyat hesablanmışdır. 3.İş materiallarındakı İddiaçı adına olan *************** saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2025-ci il üzrə 2073,60 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G-4T mexaniki tiplidir, quraşdırılma tarixi ##.##.2022-ci ildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1963-cü il tarixdə Abşeron rayonu, Giləzi kəndində anadan olmuşdur. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən onun faktiki istifadəsində və mülkiyyətində olan abonent kodu 017705800100530 olan ünvan 2 ünvanına dair əsassız olaraq 1995 manat 70 qəpik məbləğində borcun hesablanması ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, sayğaca baxış keçirilmiş, qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi barədə akt tərtib olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Nəzərə çatdırmaq istəyir ki, sayğac evdən kənarda quraşdırılmışdır və həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim onun xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola bilər ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan necə istifadə edilə bilər. Bildirmək istəyir ki, onun iştirakı təmin edilmədən sayğacdan kənar qeyriqanuni qaz xəttinə baxış keçirilmiş və qeyd olunan nəticəyə gəlib çıxmışdırlar. Qeyd etdiyi kimi sayğac çöldə quraşdırılmışdır və məsuliyyəti o halda ona aid olardı ki, onun həyətində quraşdırılsaydı. Bəlkə qonşu müdaxilə edib, ya da yoxlama keçirilən zaman özləri tərəfindən müdaxilə edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. Qeyd etmək istəyir ki, aylıq ödənişlər daim tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən abonent kodu 017705800100530 olan ünvan 2 ünvanına dair əsassız olaraq hesablanmış 1995 manat 71 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı *************** saylı abunə hesabından Cavabdeh İB tərəfindən ******* saylı, ##.##.2023-cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1995,71 (bir min doqquz yüz doxsan beş manat, yetmiş qəpik) manat borcun silinməsi, cavabdeh Cavabdeh İB-dən 39,96 (otuz doqquz manat, doxsan altı qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət etmişdir (hakim Şəbnəm Həxiyeva). 7.Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 və 139.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə və 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.3.5.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9, 13.8 və 13.8-1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5 və 9.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 124.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 8.Cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilib, iddiaçı İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. 9.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında ona məxsus fərdi yaşayış evinə yazılan 1995.70 manat borcla razı deyil. Həmin yazılan akta imza etməmişdir. İddiacının qazdan qanunsuz istifadə etməsi adi hal almışdır. Qazdan istifadə qaydalarının yoxlanılması zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu ##.##.2023-cü il tarixdə aşkarlanmış və qeyd olunan hüquqazidd faktın foto, video sübutlar və aktlarla sənədləşdirilərək qeydə alınmışdır. Abonent sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edərkən itirilmiş qazın sərfi ilə bağlı tərtib olunan Aktları imzalamaqdan imtina etmişdir. Sumqayıt şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək 1995.70 manat borc məbləğinin silinməsi qət edilmişdir. Cavabdeh İB hesab edir ki, 1995.70 manat (akt üzrə 2073.60 manat) kifayət qədər böyük məbləğdir. İddiaçı dövlətə küllü miqdarda ziyan vuraraq qanunsuz istifadə etdiyi qazın pulunu ödəməmək üçün şikayət etmək hüququndan sui-istifadə etmiş və Məhkəmə iddianı əsassız olaraq təmin etmişdir. İddiaçının qanunsuz hərəkətlərinə məhkəmə hüquqi qiymət verməmişdir. Nəticədə iddiaçının qazdan qanunsuz şəkildə istifadə etdiyinə görə dövlətə xeyli miqdarda (1995.70 manat) ziyan vurulmuşdur. Əgər Qaz saldosuna diqqətlə baxılsa görünər ki, iddiaçı demək olar ki, qaz sayğacından istifadə etməmişdir. Bu onu göstərir ki, iddiaçı qazdan qanunsuz şəkildə istifadə etməklə dövlət əmlakını acıq formada talamışdır. Məhz bu səbəbdən Məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassızdır. Bununla əlaqədar Cavabdeh İB tərəfindən həm aktlar, həm də məbləğlə bağlı kifayət qədər dolğun və ətraflı izahat verilmişdir. Cavabdeh İB bir daha bildirmişdir ki, abonenti olan vətəndaş İddiaçı barəsində tərtib olunan aktdan göründüyü kimi abonent istifadə etdiyi qazın pulunu belə ödəmədən qazdan qeyri-qanuni istifadə etmişdir. Bununla yanaşı Cavabdeh İB Məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, iddiaçı məhkəməyə hec bir sübut və sənəd təqdim etməsə də iddia təmin olunmuşdur. Həmin maddəyə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. Cavabdeh İB bildirmişdir ki, iş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təcjhizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün bütün tədbirləri görməlidirlər. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qeyd edilənlərdən aydın görünür ki, Aktlarla və foto,video faktlarla ilə təsdiq edilmiş iddiaçı tərəfindən Sayğacdan kənar qeyriqanuni qaz xətti cəkərək qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də Cavabdeh İB-yi tərəfindən ##.##.2023-cü il tarixdə tərtib olunan Akt əsasında (2073.60 manat) 1995.70 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Dövlət əmlakının talamasına görə iddiaçının əməlinə hüquqi qiymət verilməmişdir. Buna baxmayaraq məhkəmə iddia ərizəsində yazılan məbləğin silinməsini qət etmişdir. Cavabdeh İB Məhkəmə Kollegiyasının diqqətinə çatdırmışdır ki, iddia tələbində qeyd edilən borc məbləği sayğacdan kənar qeyri-qanuni qaz xətti istifadə etməsi nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uçun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 İkram oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 12.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 13.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 14.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 16.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan) 17.Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 18.Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 19.Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 20.Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 21.Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 22.Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 23.Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 24.Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 25.Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 26.6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 27.6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 28.6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 29.Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 30.Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 31.Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 32.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 35.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 37.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 38.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 39.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 40.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 41.MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 42.MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 43.MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 44.Hazırkı apellyasiya şikayətində qətnamə tam mübahisələndirdiyindən kollegiya qətnaməni tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır ki, zərərin tələb edilməsinə əsas olmuş aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, iddiaçı İddiaçı *************** saylı abunə hesabından Cavabdeh İB tərəfindən ******* saylı, ##.##.2023-cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1995,71 (bir min doqquz yüz doxsan beş manat, yetmiş qəpik) manat borc silinməlidir. 47.Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına qoşulma halı ilə bağlı müvafiq inzibati araşdırma aparılmamışdır. Belə ki, qazın talanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və cinayət təqibi orqanının qərarı olmadan və ya bu məhkəmənin qərarı ilə təsdiq edilmədən şəxsi təqsirli hesab edərək borc yazılması yolverilməzdir. 48.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-798/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-798/2026
22.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver