Məhkəmə qərarları › İş №2(3-9)-144/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-144/2026

04.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-144/2026 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun azaldılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3429/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Cavabdeh Masallı X4 İdarəsinin rəisi Xanlar Əliyev tərəfindən təsdiq edilmiş 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, Masallı şəhəri, H.Əlibala küçəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evdə “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12816 m3 itirilmiş qaz hesablanmışdır. Cavabdeh Masallı X4 İdarəsi tərəfindən təsdiq edilmiş 28 iyul 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı şəhəri, H.Əlibala küçəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin Masallı X4 idarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 3831.68 manat borcun (12.816 kub metr) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək (azaldaraq) akta əsasən ziyan kimi hesablanmış 3831.68 manat qaz sərfiyyatının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İələbi onunla əsaslandırılmışdır ki, onun Masallı şəhəri, H.Əlibala küçəsində yerləşən mənzili təbii qazla təchiz olunmuş və o da təbii qazın dəyərini vaxtında ödəmişdir. Abonentin saldosundan da göründüyü kimi ödənişlər mütəmadi olaraq ödənilmişdir. Buna baxmayaraq Cavabdeh İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixdə, ******* saylı akt tərtib edərək guya sayğacdan kənar birləşmə olmasını göstərmişlər və 3831.68 manat ziyan hesablanmışdır. Həmin akt qanunsuzdur və borc silinməlidir. Belə ki, ümumiyyətlə Cavabdeh İB-nin vətəndaş barəsində məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur, əgər belə hal vardısa belə o zaman həmin hadisə ilə bağlı protokol və inzibati qərar qəbul olunmalıdır və bundan sonra ondan dəymiş ziyan tələb olunmalıdır. Hazırkı vəziyyətdə onun təqsirinin olması barədə hər hansı sübut mövcud deyildir. Dəymiş ziyanı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür və cavabdeh təşkilat dəymiş ziyanı sübut etməlidir. Sayğac həyətdən kənarda yerləşir və onu qorumaq onun vəzifəsi deyildir. Bundan başqa, ümumiyyətlə hesablanmış ziyan da reallığı əks etdirmir və şişirdilmişdir. Onların evində 3831.68 manat qazın işlədilməsi üçün 10 il vaxt lazımdır, il ərzində təxminən 300 manatlıq sərfiyyat olur, lakin cavabdehin əməkdaşları qanunsuz olaraq 3831.68 manat ziyan hesablamışlar. Bundan başqa, inzibati icraatı aparmaq səlahiyyəti Energetika Nazirliyinin yerli qurumlarına məxsusdur, Azəriqazın belə icraat aparmaq səlahiyyəti yoxdur, lakin qanunsuz olaraq akt tərtib olunmuş və ziyan hesablanmışdır. O həmin ziyanla razı deyil və ləğv olunmasını tələb edir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) 2(050)-3429/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azzərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, 14-cü maddəsinin 1-ci bəndinə, 26-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydaların) 5.2-ci, 6.5, 6.5-3, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 3.1.10-cu, 3.1.11-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, qanunvericilik məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirilməsi vəzifəsini qaz paylayıcısı olan cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə bildirir ki, bu hal məişət abonenti olan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. Ona görə də məhkəmə hesabat müddətinin 267 gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçının abonent hesabına cərimə borcu 90 gün hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən də, ******* nömrəli, 28 iyul 2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında iddiaçıya əsassız yerə yüksək həddə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m³/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə İddiaçı abonent hesabına 28 iyul 2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış ziyan 12816 kub metrdən 4320 kub metrə (4320 kub metr x 0.12 manat = 518.40 manat) azaldılmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh “Azəriqaz" İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, 28.07 2025-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni iddiaçı tərəfindən sayğacdan kənar istifadə etməsi faktı aşkar olunmuş, həmin fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə iddiaçının abonent bazasında 12816 kub metr olmaqla 3831,68 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğacdankənar təbii qazdan qeyriqanuni istifadəyə görə cavabdeh barəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyi Lənkəran filialı tərəfindən xx.xx.2025-ci il tarixli MN1276529 nömrəli qərarı ilə inzibati xəta haqqında protokol tərtib edilmiş 100 (bir yüz) manat məbləğində cərimə hesablanmışdır. Buda öz növbəsində, İddiaçı təbii qazdan qeyir-qanuni istifadəni təsdiq edir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlımünasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansıki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etməmiş, (Qaz təchizatı haqqında qanunun 8.1 maddəsinə uyğun) hansıki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəməyə tərəflərindən təqdim edilmiş sənədlər sübut kimi qəbul edilməmişdir iş materiallarında olan yuxarıda qeyd etdikləri sübutlara nəzər yetirilsə, hamısı iddia tələbinin əsaslı olmamasını göstərir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən birinci nstansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Saldodan görünür ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı azdır. Göründüyü kimi, iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, qaz istifadəsinə görə borcu olmuş, Cavabdeh İB-nin əməkdaşları gəlib qazın evə gəlməsini dayandırmışlar. Övladı isə ehtiyacı olduğu üçün qazı istifadə etmək üçün evə qazın gəlişini bərpa etmiş, Cavabdeh İB-nin əməkdaşları bu halı görmüşlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh nümayəndəsi Bayramov Xəzər ədalət oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10.-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.2.-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz 6.5.-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3.-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Delikt öhdəlik münasibətləri zərər vurmaq nəticəsində əmələ gəlir. Zərərin əvəzinin ödənilməsi mülki hüququn əsas prinsiplərindən biridir və bu, hüquq pozuntularının nəticələrinin aradan qaldırılması və zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün nəzərdə tutulur. İlk növbədə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən mülki prosesdə sübutetmə yükü tərəflərin üzərinə düşür və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların hüquqi qiymətləndirilməsini həyata keçirir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş üstün qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üzrə müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı hüquqi münasibətlərini, tətbiq edilməli hüquq normalarını və təqdim edilmiş sübutların hüquqi qiymətləndirilməsini əsaslandırmalıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh qazpaylayıcı təşkilat tərəfindən iddiaçının abonent hesabına sayğacdan kənar qanunsuz qoşulma halı ilə əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya istifadə olunmuş qazın dəyəri hesablanmışdır. Mübahisə əsas etibarilə həmin hesablamanın qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmaması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini əsasən qaz sayğacının göstəricilərinə uyğun olaraq hesablamalı və hər ay üzrə istehlakçıya müvafiq hesab təqdim etməlidir. Bu norma qaz təchizatı münasibətlərində hesablaşmaların şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədi daşıyır. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Bundan əlavə, istehlakçının qazın talanmasında təqsirli olması yalnız səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Eyni Qaydaların 6.5-3-cü bəndinə əsasən qanunsuz qoşulma hallarında istifadə olunmuş qazın dəyəri qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulmanın aşkar edildiyi tarixədək olan müddət üzrə, lakin on iki aydan çox olmamaq şərti ilə hesablanmalıdır. Hesablama aparılarkən məişət abonentlərinə münasibətdə sutkanın on iki saatlıq orta iş rejimi nəzərə alınmalıdır. Bununla yanaşı, Qaydaların 3.1.10 və 3.1.11-ci bəndlərində qaz paylayıcısının üzərinə mühüm vəzifə qoyulmuşdur. Həmin müddəalara görə qaz paylayıcısı istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə müəyyən edilmiş müddətlərdə – yaşayış sahələrinin daxilində quraşdırılmış sayğaclara altı ayda bir dəfə, digər sayğaclara isə üç ayda bir dəfə baxış keçirməli, nəticəni aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İş materiallarının araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən iddiaçının abonent hesabına hesablanmış qaz sərfiyyatı və cərimə məbləği müəyyən edilərkən hesabat müddəti kimi 267 gün qəbul edilmişdir. Halbuki Qaydaların qeyd olunan müddəalarına əsasən belə hesablama sonuncu texniki baxış tarixindən qanunsuz qoşulmanın aşkar edildiyi tarixədək aparılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının abonent hesabına dair təqdim edilmiş “abonentin saldosu” sənədində 2025-ci ilin ayları üzrə qaz sərfiyyatı hesablanmışdır və bu hal həmin dövrdə sayğaca baxış keçirildiyini ehtimal etməyə əsas verir. Bu isə öz növbəsində hesabat müddətinin 267 gün kimi qəbul edilməsinin əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilik qaz paylayıcısının üzərinə sayğaclara müəyyən dövrlərdə baxış keçirmək vəzifəsi qoymuşdur və həmin vəzifənin lazımi qaydada icra edilməməsi məişət abonenti olan istehlakçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hesablamanın daha ədalətli və qanunvericiliyin məqsədinə uyğun aparılması üçün hesabat müddəti 90 gün (3 ay) kimi qəbul edilməlidir. Bu yanaşma həm Qaydaların tələblərinə, həm də istehlakçıların hüquqlarının müdafiəsi prinsiplərinə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş metodik göstərişləri nəzərə alaraq qaz sərfinin hesablanmasını aparmış və müəyyən etmişdir ki, 15 mm diametrli boru üzrə minimal təzyiq şəraitində maksimal saatlıq sərfiyyat 4 m³/saat qəbul edilməklə, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün nəzərə alınmaqla istifadə edilmiş qazın miqdarı 4320 kub metr təşkil edir. Bunun nəticəsi olaraq hesablanmış qazın dəyəri 4320 kub metr x 0,12 manat olmaqla 518,40 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv qiymətləndirmiş, iş üzrə faktiki halları düzgün müəyyən etmiş və həmin hallara tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.3-cü maddələrinin tələblərinə tam uyğundur. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin səhv olmasını təsdiq etmir və həmin dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3429/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar