Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-180/2026 09.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2176/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pulun və 80 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2176/2025 saylı qətnaməsi ilə (sədrlik edən hakim Osman Vəliyev) iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Lakin cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin forma və məzmun tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətinin bir sıra məcburi qrafaları tamamilə boş saxlanılmış, digər hissələrdə isə qanunvericilikdə tələb olunan formada və məzmunda məlumatlara yer verilməmiş, nəticədə şikayət prosessual baxımdan natamam və qeyri-müəyyən xarakter daşımışdır. Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılmasını çətinləşdirən, eyni zamanda onun prosessual yararlılığını şübhə altına alan mühüm çatışmazlıq kimi qiymətləndirilməlidir. Bundan əlavə, apellyasiya şikayətində məhkəmə kollegiyasına ünvanlanan xahiş hissəsi mücərrəd və qeyri-müəyyən formada ifadə edilmişdir. Belə ki, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissəsinin dəyişdirilməsinin tələb olunduğu konkret göstərilməmiş, iddia tələbinin qismən təmin olunmasını xahiş etsə də, pul tələbini hansı həddə qəbul etdiyi nə apellyasiya şikayətinin məzmunundan, nə də tələb hissəsindən aydın deyil. Bu halda apellyasiya şikayəti mahiyyət etibarilə məhkəmə kollegiyasından ümumi və əsaslandırılmamış şəkildə qətnaməyə yenidən baxılmasını tələb etməklə məhdudlaşır ki, bu da apellyasiya icraatının məqsədi və hüquqi mahiyyəti ilə uzlaşmır. Nəticə etibarilə, apellyasiya şikayətinin xahiş hissəsi formaca mövcud olsa da, məzmunca hüquqi qiymətləndirmə aparmağa imkan verməyən, ümumi və abstrakt xarakter daşıyır. Cavabdeh tərəfə yenidən apellyasiya şikayəti vermək istədikdə apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq MPM-in 2 saylı Əlavəsində göstərilmiş formada və məzmunda tərtib etməsi tövsiyə olunur. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2176/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.