Məhkəmə qərarları › İş №2(3-9)-185/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-185/2026

02.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-185/2026 02.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6nə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə, Cavabdeh8nə qarşı qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-854 reyestr nömrəli, Cavabdeh4 və Bayramov X5 adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-855 reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Atası Cavabdeh4 Əlişan oğlu, anası isə X19r. Valideynlərinin birgə nikahından, o özü də daxil olmaqla, altı uşaq doğulmuşdur. X7 xx.xx.2007-ci il tarixdə, atası Cavabdeh4 Əlişan oğlu isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onlar atalarına məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası vəfat etdikdən sonra iş üzrə cavabdeh şəxslər onun xəbəri olmadan icra nümayəndəliyindən mərhum atasının vərəsələrinin dairəsi barədə arayış alaraq Lənkəran rayon 1 saylı Notariat ofisinə təqdim etmiş və öz adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin o, mərhum atasının vərəsəsi olmaqla, miras əmlakdan ona da pay çatmalı olduğu halda, həmin vərəsəlik arayışında onun adı qeyd edilməmiş, bu barədə ona heç bir məlumat da verilməmişdir. Ona görə də hesab edir ki, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş digər hüquq müəyyənedici sənədlər etibarsız hesab edilməlidir. Ona gorə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxış iclaslarında iştirak edərkən verdiyi izahatında qeyd etmişdir ki, 2009-cu ildən etibarən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri verildikdən sonra elektron notariat sistemi notariat orqanlarının xidmətinə verilmişdir və vərəsə tərkibi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları, o cümlədən, icra nümayəndəlikləri tərəfindən verilən arayışlar artıq notariat orqanları üçün əsas deyildir. Hazırki iş üzrə icra hakimiyyəti tərəfindən verilən ailə tərkibi haqqında arayışda nöqsana yol verilmişdir. Belə ki, iddiaçı kimi digər vərəsələr də həmin ünvanda yaşamadıqları halda, onların adları vərəsə kimi arayışda qeyd edilmiş, lakin iddiaçının adı arayışda göstərilməmişdir. Bu kobud pozuntusu olduğuna və iddiaçının hüquqlarına toxunduğuna görə iddia tələbinin təmin edilməsi, eyni zamanda, bununla bağlı qanun pozuntusuna yol vermiş aidiyyəti şəxslər barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş edir. Eyni zamanda, iddiaçının hazırki iddia ərizəsindən məlumatsız olması barədə Cavabdeh1 izahatında göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsini özü poçt vasitəsi ilə Rusiya Federasiyasında yaşayan iddiaçıya göndərmiş və iddiaçı ərizənin hər səhifəsini şəxsən imzalamışdır. Həmçinin, 2018-ci ildə vəfat edən atasının ölüm tarixini düzgün xatırlamayan şəxsin (yəni cavabdehin) mərhum atasının dəfnində iştirak etməyə gəlmək üçün iddiaçı və ailə üzvlərinin yol xərclərini ödəyəcəyi ilə bağlı iddiaçıya təklif göndərməsi inandırıcı deyildir və qeyri-səmimi izahat kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edir ki, iddiaçı Azərbaycana gələrək atasının dəfnində iştirak etmiş və bir müddət həmin evdə yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Ümumiyyətlə, iddiaçı hər dəfə ölkəyə gələndə atasının evində qalmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında “WhatsApp” mobil tətbiqi üzərindən videozəng vasitəsilə prosesə qoşulan İddiaçı öz iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, sonuncu dəfə 2022-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Atası 13.1*.2017-ci il tarixdə vəfat etsə də, ölüm haqqında şəhadətnamədə atasının xx.xx.2018-ci il tarixdə ölməsi qeyd edilmişdir. 2007-ci ildə vəfat edən anasınının ölüm xəbərini qardaşları ondan gizlətmiş və o bu barədə bir il sonra xəbər tutmuşdur. Atasının vəfat etməsini isə ölümündən iki gün sonra bilmişdir. Cavabdehlərin sözü ilə razılaşmayaraq Azərbaycana gəlmiş və valideyinlərinin qəbrini ziyarət etmişdir. Atasının vəfatından sonra qardaşı Cavabdeh1 ona zəng edərək mirasdan imtina etməsini tələb etmiş, əks halda ölkəyəyə gələcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Elçin ona atasının yas mərasimində iştirak etməyə gəlmək üçün təklif etdiyi yol xərcini də məhz mirasdan imtina edəcəyi halda göndərəcəyini bildirmişdir. O vaxt təklifdən imtina etdiyi üçün Elçin onu nalayiq sözlərlə təhqir etmişdir, lakin Elçinin onu təhdid və təhqir etməsi ilə bağlı hazırda heç bir sübutu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin ilk baxış iclasında iddiaçının digər nümayəndəsi və vəkili Vəkil2 ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, lakin iclasda iştirak edən cavabdehlər ərizəyə etiraz etməklə, işə baxılmasını tələb edərək məhkəmə iclasının davam etdirilməsi xahiş etmişlər. Məhkəmənin növbəti baxış iclasında isə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi sənədlərin iş materiallarına əlavə olunması və tədqiq edilməsi ilə bağlı vəsatət vermişdir. Məhkəmə həmin iclasda iştirak edən cavabdehlərin vəsatətə münasibətini öyrənib, məhkəmənin baxış mərhələsində sübutların qəbul olunması əsaslarını nəzərdən keçirərək iddiaçı tərəfin vəsatətlərinin baxılmadan (müzakirə edilmədən və ya araşdırılmadan) işə əlavə olunması ilə bağlı yerində qərar qəbul etmişdir. Cavabdeh X14 məhkəmə baxış iclaslarında iştirak edərkən ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Rusiyada yaşayan bacısı İddiaçı bu işdən məlumatlı yoxdur. Hazırki iddianın isə onlarla ədavət aparan və Lənkəranda bir çox insana qarşı dələduzluq edən şəxs - bacısı Kəmalənin əri Bəylər tərəfindən məhkəməyə verildiyini düşünür. Belə ki, Bəylər dəfələrlə telefonda onların ailə üzvlərini və valideynlərini söyüb təhqir etmişdir. 2007-ci ildə anaları vəfat edəndə ailə üzvləri ilə məsləhətləşib onun ölümünü bir müddət Kəmaləyə bildirməmişlər, 2017-ci ildə isə ataları bir il xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra vəfat etmişdir. Həmin vaxt o, Azərbaycana gəlməyə pulu olmadığını bəhanə edən bacısı Kəmaləyə özünün və ailə üzvlərinin yol xərcini ödəməyə hazır olduğunu bildirsə də, Kəmalə nə atasının xəstə yatdığı vaxtında ziyarətinə, nə də dəfninə gəlməmiş, ümumiyyətlə, valideynlərinin heç birinin məzarını görməmişdir. Həmçinin, atasının vəfatından sonrakı 6 ay ərzində də Kəmalə Azərbaycana gəlməmiş və atasının məzarını ziyarət etməmişdir. Ümumiyyətlə, iddiaçı mərhum atalarından qalan miras əmlakı nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etməmişdir. Atası 2017-ci ildə vəfat etsə də, ölüm şəhadətnaməsində ölüm tarixinin xx.xx.2018-ci il kimi qeyd olunmasının səbəbini bilmir. Bacısı Kəmalə vərəsəliyi qəbul etmədiyindən o, öz adından vərəsəlik ərizəsi tərtib edərkən Kəmalənin adının ərizəyə salınmasını lazım bilməmişdir. Çünki həmin vaxt Kəmalə artıq vərəsəlik üçün qanunda nəzərdə tutulan müraciət müddətini də ötürmüşdür və onun adının ərizəyə salınması heç nəyi dəyişmirdi. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X15 məhkəmə baxış iclasında iştirak edərkən iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, atasının vəfatından sonra qardaşının yanında yaşamış və ailədə mehriban olmuşlar. Ev bölüşdürülərkən digər bacıları mirasdan imtina barədə ərizəsi yazmış, o özü etibarnamə vermiş, bacısı Kəmalə isə şəxsən zəng edib onun tərəfindən problem olmadığını və evi istədikləri kimi bölüşdürmələrini bildirmişdir. Həmin vaxtdan neçə ildən sonra mülk üstündə yaranan söz-söhbətin səbəbkarının isə Kəmalənin əri Bəylər olduğunu hesab edir. Belə ki, başqa bir işlə əlaqədar qardaşı ilə Bəylər arasında fikir ayrılığı olmuş, bu səbəbdən aralarında münaqişə yaranmışdır. Hazırda miras əmlakla bağlı olan söz-söhbət və narazılığın da həmin münaqişədən yarandığını düşünür. Eyni zamanda, qeyd edir ki, onun adından vərəsəlik ərizəsini evlər idarəsinin Məhəmməd adlı əməkdaşı tərtib etmiş və həmin vaxt o özü şəxsən adı çəkilən şəxsin yanında bacısı Kəmaləyə zəng edərək onun mirasa olan münasibətini öyrənmişdir. Kəmalə miras əmlakdan pay istəmədiyini demişdir. Bu səbəbdən o, vərəsəlik ərizəsində Kəmalənin adını göstərməmişdir. Məhəmməd adlı şəxs isə hazırda vəfat etdiyi üçün onu məhkəməyə dəvət edə bilmir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X9 məhkəmə hazırlıq iclasında iştirak edərkən izahat verərək göstərmişdir ki, o, əvvəlcədən ərizə verərək öz miras payından imtina etdiyini bildirmişdir. Mərhum atası sağlığında ikən evin bir hissəsini onun övladları Elnur və Allahverdiyə vəsiyyət etmişdir və hazırda özü də övladları ilə birgə həmin evdə yaşayır. Mübahisə predmetinə aid miras əmlakda payı olmadığı üçün iddia tələbini qəbul edib-etməməsi ilə bağlı hazırda hər hansı fikir bildirməkdən imtina edir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 məhkəmə hazırlıq iclasında iştirak edərkən izahat verərkən ayrı-ayrılıqda iddia tələbini qəbul etmədiklərini və hazırda mübahisə predmetinə aid olan evdə yaşadığlarını bildirmişlər. Cavabdeh Lənkəran regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edərkən hazırki vərəsəlik işi üzrə icra nümayəndəliyindən verilən arayışın surətini məhkəməyə təqdim edərək bildirmişdir ki, nə həmin arayışda, nə də vərəsəlik ərizələrində vərəsə kimi İddiaçı adı qeyd olunmamışdır. Vərəsəlik işləri ilə bağlı notarial hərəkətlər əsasən icra nümayəndəlikləri tərəfindən verilən arayışlar əsasında aparılır. Mərhum Cavabdeh4 vərəsələri müəyyən edilərkən notariat ofisi tərəfindən İddiaçı vərəsə kimi nəzərə alınmamasının səbəbi onun adının məhz arayışda qeyd olunmaması ilə əlaqədardır. “Elektron notariat” sisteminə baxış keçirməklə də vərəsələrin adlarını müəyyən etmək texniki cəhətdən mümkündür və elektron sistemlə icra nümayəndəliyinin verdiyi məlumatlar arasında ziddiyət yarandığı təqdirdə, bu hal notariat orqanı tərəfindən icra nümayəndəliyinin nəzərinə çatdırılır. Hazırda İddiaçı ilə bağlı “Elektron notariat” sisteminə baxış keçirilmiş və onun adı sistemdə də aşkarlanmamışdır. İddiaçı adının elektron sistemdə aşkarlanmamasının səbəbi həmin sistemdə baş verə biləcək texniki xəta ilə, həmçinin, İddiaçı Azərbaycan Respublikasının deyil, Rusiya Federasiyasının vətəndaşı olması ilə əlaqədar ola bilər. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Lənkəran regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi notariusu Nümayəndə2 Yusufəli oğlu izahatında qeyd etdi ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən notarius miras qoyanın ölüm faktını və vərəsələrin dairəsini müəyyənləşdirir, mirasın tərkibinə münasibət bildirir. Vərəsələrin dairəsinin müəyyənləşdirilməsi iki yolla - icra orqanları və yerli icra hakimiyyəti nümayəndələrinin verdiyi arayışlarla müəyyən edilir. Mirası qəbul edən vərəsə mirası qəbul etməyən vərəsənin adını təqdim etməyə və şəhadətnamədə qeyd etdirməyə borcludur. Lakin hazırki iş üzrə vərəsələrin heç birinin ərizəsində mirası qəbul etməyən vərəsənin adı olmamışdır. Həmçinin o, bildirdi ki, əgər vərəsə susursa, yəni mirası qəbul etdiyini bu və ya digər şəkildə bəlli etmirsə, qanun onun payının başqa vərəsəyə verilməsinə imkan verir. Buna baxmayaraq mirasın qanun üzrə vərəsəlik qaydasında qəbul olunması üçün nəzərdə tutulan 6 ay müddət notariat orqanı tərəfindən gözlənilir. İndiki halda isə həmin 6 ay müddət ötürülmüş, bundan sonra notarius vərəsəlik işinin rəsmiləşdirilməsində mirasın qəbulu və vərəsələrin dairəsinin müəyyənlədirilməsi prosesini təlimata uyğun həyata keçirmişdir. Həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərar həmin qərarın qəbul olunduğu tarixdən sonrakı vərəsəlik işlərinə şamil olunduğundan, hazırki vərəsəlik işi isə 2018-ci ilə aid olduğu üçün mövcud qərar bu işə şamil oluna bilməzdi. 2018-ci ildə notariat orqanları elektron sistemə inteqrasiya olunmadığı üçün vərəsələrin dairəsi təlimata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən arayışa əsasən müəyyənləşdirilirdi. Elektron sistem vətəndaşların doğum tarixlərini, qohumluq əlaqələrini, ölüm şəhadətnamələrinin götürülməsi və sair yardımçı funksiyaları həyata keçirməkdə notariat orqanlarına kömək etmək məqsədi ilə yaradılmış bir sistemdir. Ancaq vətəndaşların ailə tərkibi haqqında məlumatlar o sistemdə mövcud deyildir. Sonradan digər orqanların məlumat bazaları elektron notariat sisteminə inteqrasiya olunsa da, bəzən bazada məlumatlar tam görünmür. Belə ki, hətta 1970 - 1990-cı illər aralığında doğulan elə şəxslər var ki, onlara aid məlumatlar hazırki vəziyyətdə də elektron sistemdə mövcud deyildir. Cavabdeh8 əməkdaşı Şahid2 Yadulla oğlu məhkəmə hazırlıq iclasında iştirak edərkən iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, həmin inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyir. O, bu vəzifəyə 2024-cü ildə təyin olunmuşdur. Şəhər ərazisində qarışıqlıq olduğu və ünvanların tapılmasında çətinlik yarandığı üçün vərəsəlik arayışı vətəndaşın verdiyi məlumata əsasən deyil, qeydiyyat şöbəsinin arayışına əsasən yazılır. Məhkəməyə təqdim edilmiş sonuncu arayış tərtib olunarkən də qeydiyyat şöbəsinin arayışına istinad olunmuşdur. Eyni zamanda, qeyd edir ki, o, 2018-ci ildə Cavabdeh8ndə işləmədiyindən həmin ildə verilən və hazırki işə əlavə olunan arayış barədə məlumatı yoxdur. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehin iştirakı olmadan keçirilməsini qərara almış və işə mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak edən Lənkəran Yaşıllaşdırma idarəsinin rəisi Şahid1 oğlu ifadəsində bildirdi ki, 2018-ci ilin sonlarında o, Cavabdeh8ndə işləmişdir. Həmin vaxt baza sistemi mövcud olmadığından ailə tərkibi haqqında arayışlar ailə üzvlərindən hər hansı birinin nümayəndəliyə təqdim etdiyi müvafiq sənədlər əsasında verilmişdir. Hazırda isə nümayəndəlikdə elektron baza mövcuddur və baza əsasında bütün məlumatlar görünür. 2018-ci ildə imzaladığı arayışdan fərqli olaraq İcra nümayəndəliyi tərəfindən 2025-ci ildə verilən sonuncu arayışda İddiaçı adı arayışa əlavə edilməklə vərəsələrin sayının bir nəfər artıq göstərilməsi də nümayəndəliyin hazırda bazadan istifadə imkanlarının olması ilə əlaqədardır. Arayışdakı ölüm tarixləri isə məzar daşında göstərilən ölüm tarixlərinə görə deyil, ölüm haqqında şəhadətnamədə qeyd olunan ölüm tarixinə əsasən yazılmışdır. Eyni zamanda, qeyd edir ki, o, həmin vəzifədə 7 il əvvəl işləmişdir. Hazırda məhkəmə iclas zalında oturan cavabdehləri tanımır, Cavabdeh1 isə ondan arayış aldığını xatırlamır. Lakin hər hansı şəxsin arayış alarkən ailə üzvlərindən kiminsə adının arayışa salınmaması barədə xahişi, təklifi ilə rastlaşmamış və işlədiyi müddətdə belə hallara yol verməmişdir. Nümayəndəliyin sakinlərə verdiyi ailə tərkibi haqqında arayış sadə arayışdır və onu hər bir ailə üzvü müraciət edib ala bilir. Həmin arayış nümayəndəliyə təqdim olunan sənədlər əsasında nümayəndəliyin işçiləri tərəfindən hazırlanır və sonda imza etmək üçün ona təqdim edilir. Notariat xidmətinin özünün istifadəsində elektron baza vardır və vərəsəlik zamanı notariat orqanı bütün lazım olan məlumatları o bazada görür. Hesab edir ki, nümayəndəliyin verdiyi arayış miras əmlakı bölüşdürmür və notariat orqanı həmin arayış olmadan da fəaliyyətini həyata keçirə bilər. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak edən Lənkəran rayon qeydiyyat şöbəsinin nümayəndəsi X12 ifadəsində bildirdi ki, vətəndaşların ölüm tarixləri Səhiyyə Nazirliyi tərəfindən onlara elektron qaydada göndərilən ölüm haqqında tibbi şəhadətnamələrdəki məlumatlar əsasında yazılır. Hesab edir ki, vəfat etmiş şəxsin həqiqi ölüm tarixi ilə ölüm haqqında şəhadətnaməsindəki ölüm tarixi arasında yaranmış ziddiyyət ölüm haqqında tibbi şəhadətnamədəki tarixin texniki səhv olaraq yazılması ilə əlaqədar ola bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elvin Əsgərov), iddia təmin edilməmiş, 100 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 320 manat vəsait iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 12 dekabr 2018-ci il tarixli 2V-854 reyestr nömrəli qanun üzrə vəsiyyətnaməsinin və Cavabdeh4 və Cavabdeh5 adına verilmiş 12 dekabr 2018-ci il tarixli2V- 855 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmçinin onların əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 12 dekabr 2018-ci il tarixli 2V-854 reyestr nömrəli qanun üzrə vəsiyyətnaməsinin və Cavabdeh4 və Cavabdeh5 adına verilmiş 12 dekabr 2018-ci il tarixli2V-855 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmçinin onların əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsini İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 115*.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.*.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan və reyestrdə 2-V-854№ ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 698 olan, 12 dekabr 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlunun vərəsəsi ünvan 2 ünvanında yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh4 Əlişan oğluna verilmiş **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 246.6 kv/m olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0.11515 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan və reyestrdə 2-V-855№ ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 698 olan, 12 dekabr 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vəsiyyətnamə üzrə vərəsələri Cavabdeh4- ünvan 2 və Cavabdeh5 miras əmlakdan hər birisi 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Cavabdeh4 Əlişan oğluna verilmiş **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 246.6 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh4 və həmin ünvanda yerləşən 0.11515 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh5 çatası əmlakdan ibarətdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* nömrəli, **********21- 10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,11515 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 246.6 kv.m., yaşayış sahəsi 112.8 kv.m., yardımçı sahəsi 133.8 kv.m. olan iki mərtəbəli altı otaqdan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 Əlişan oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Lənkəran Şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11 dekabr 2018-ci il tarixıi, 12-18/258 nömrəli arayışından görünür ki, Cavabdeh1 mərhum atası- Cavabdeh4 Əlişan oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və aşağıdakı vərəsləri ilə birlikdə yaşamışdır: *. Həyat yoldaşı-X24, (ölüb)

2. Oğlu-Cavabdeh2,

3. Oğlu- Cavabdeh1,

4. Oğlu- Cavabdeh3,

5. Qızı- Bayramova (Abdullayeva) Zəminə Allahverdi qızı,

6. Qızı- Bayramova (Qasımova) Günay Allahverdi qızı, Mərhum Cavabdeh4 Əlişan oğlunun yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri olmamışdır. İş materiallarında olan Lənkəran Şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 04 avqust 2025-ci il tarixıi, 12-18/84 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan mərhum Cavabdeh4 Əlişan oğlunun aşağıdakı vərəsələri olmuşdur: *. Həyat yoldaşı-X25(ölüb)

2. Övladı- Cavabdeh2

3. Övladı- X2

4. Övladı- Cavabdeh1

5. Övladı- İddiaçı

6. Övladı- Cavabdeh3

7. Övladı- X10 İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilimiş xx.xx.2023cü il tarixli, 05/09/S/169064-23 nömrəli arayışın surətindən görünür ki, X13 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün X13 üzrə yoxlama aparılmış və qeyd olunana ailə tərkibinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir: *. Atası-Cavabdeh4 Əlişan oğlu (xx.xx.1948) vəfat edib

2. X20 qızı (xx.xx.1948) vəfat edib

3. Qardaşı-Cavabdeh2 (xx.xx.1975)

4. X1 qızı (xx.xx.1977)

5. Qardaşı-Cavabdeh1 (xx.xx.1978)

6. Bacısı-İddiaçı (xx.xx.1979)

7. Qardaşı-Cavabdeh3 (xx.xx.1984) İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 4000 8 0221 13072018 nömrəli Ölüm haqqında Akt qeydinin surətindən görünür ki, 1003.1948-ci il tarixdə doğulan Bayramov X8 RMX-nin ******* nömrəli Tibbi Şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə xəbər verən X3 AZ-İ seriyalı, 947790 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm şəhadətnaməsi verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 7E-21003 nömrəli Vəsiyyətnamənin surətindən görünür ki, Cavabdeh4 Əlişan oğlu ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini nəvəsi Cavabdeh4, həmin fərdi yaşayış evinə məxus torpaq sahəsinin 1/3 hissəsini isə nəvəsi Cavabdeh5 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Əlişan oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1948-ci il tarixdə doğulmuş Cavabdeh4 Əlişan oğlunun məzar daşında onun 13.1*.2017-ci il tarixdə öldüyü qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən verilən 24.1*.2018ci il tarixli, **********494 nömrəli ərizənin surətindən görünür ki, X2 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan qalmış mirasdan imtina edərək adının vərəsəlik şəhadətnaməsinə salınmasını istəməmişdir. İş materiallarında olan Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilən 0*.08.2018ci il tarixli, 8İ-812 nömrəli ərizənin surətindən görünür ki, X4 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan qalmış mirasdan imtina edərək adının vərəsəlik şəhadətnaməsinə salınmasını istəməmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********701 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********702 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********703 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********705 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat kontorundan verilən **********706 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2018-ci tarixdə vəfat etmiş Cavabdeh4 Əlişan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 ilə X22 birgə nikahlarından xx.xx.1986-cı il tarixdə cavabdeh X17 doğulmuşdur Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, cavabdehlərin adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-854 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli 2V-855 reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi mərhum atasının birinci növbədə vərəsəsi olduğuna istinad edir, lakin cavabdehlər tərəfindən tərtib edilən sənədlərdə adının vərəsə kimi qeyd edilməməsi nəticəsində miras əmlakdan pay almaq hüququnun pozulduğunu bildirir. Cavabdehlər iddia tələbini qəbul etməyərək həmin tələbin rədd edilməsini xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının miras əmlakı nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etmədiyini bildirirlər. Kollegiya əvvəla qeyd edir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan- iddiaçının və cavabdehlərdən üçünün atası olmuş mərhum Cavabdeh4 Əlişan oğlunun 13.1*.2017-ci il tarixdə və ya xx.xx.2018-ci il tarixdə ölməsindən asılı olmayaraq həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində İddiaçı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. İkincisi İddiaçı tərəfindən mirasın qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, İddiaçı mirası qəbul etmə hüququnu itirmişdir. Üçüncüsü İddiaçı miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, İddiaçı atasının vəfat etməsindən xəbərdar olmadığını bildirsə də, məhkəmə həmin izahatı səmimi qəbul etmir. Azı vəfatının üzərindən 7 ildən çox vaxt keçən şəxsin övladının onun vəfatından xəbərdar olmaması ağlabatan kimi qəbul edilə bilməz. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq İddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər. Göründüyü kimi İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı atasının vəfatından, mirasın açılmasından xəbəri olmamasını sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyri-formal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyriformal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni İddiaçı miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir. Kollegiya İddiaçı mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd edir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Göründüyü kimi miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış fərdi yaşayış evində miras qoyanın birinci növbəli vərəsələrindən məhz oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakı qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi əsassız olduğundan rədd edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununun hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1670/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar