Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-2/2026 03.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(017)-2931/2025 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında 09 iyun 2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC müqavilənin predmeti olan əşyanı - “Ocean” markalı su təmizləmə sistemini alıcıya verməyi, alıcı isə müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı əlavədən görünür ki, kredit müqaviləsinin müddəti 9 ay olmaqla “Ocean” markalı su təmizləmə sisteminin qiyməti 1890 manat müəyyən edilmiş, ilkin ödəniş olaraq Cavabdeh tərəfindən 400 manat ödəniş edilmiş və qalan borcun məbləği 1490 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 09 iyun 2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən 890 manat əsas borcu yaranmışdır. İDDİATƏLƏBİ: "xxxx" MMC Cavabdeh qarşı borcun qaytarılması barədə iddia verərək Cavabdeh 890 manat borc və 31 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09 iyun 2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehə 9 ay müddətinə 1890 manat məbləğində “Ocean” markalı su təmizləmə sistemi kredit ilə verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 09 iyun 2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən 890 manat əsas borcu yaranmışdır. Ağcabədi Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(017)-2931/2025 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilərək Cavabdeh 09 iyun 2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən 890 manat əsas borc, həmçinin 31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. X1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia müddətinin keçməsi və borcun faktiki mövcud olmaması səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-dən su filtri almış və həmin malın dəyəri üzrə götürdüyü vaxtdan etibarən hər ay müntəzəm şəkildə ödənişlər etmiş, ümumilikdə 1150 manat məbləğdə pul ödəmiş və malın əsas qiymətini tam şəkildə ödəmişdir. Sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 150 manat məbləğdə olmuşdur. Ödənişlər zamanı iddiaçı tərəfindən hər dəfə ona qəbzlər təqdim edilmiş, sonuncu dəfə verilmiş qəbzdə isə “ödənilib” möhürü vurulmuş, lakin qəbzin üzərində məbləğ qeyd edilməmişdir. Həmin qəbz evdə olmadığı zaman oğluna təqdim edilmişdir. Qəbzdən sonra tərəfindən iddiaçıya heç bir ödəniş edilməmiş, iddiaçı tərəf də uzun müddət ərzində guya mövcud olan borcla bağlı ona qarşı heç bir irad bildirməmiş və onu narahat etməmişdir. Məhkəmə tərəfindən bu hallar, eləcə də təqdim edilmiş qəbzlər və faktiki ödənişlərin mövcudluğu nəzərə alınmamış, iddiaçının tələbləri sübuta yetirilmədən əsaslı hesab edilmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 77, 78 və 88-ci maddələrinin tələblərinə ziddir. Bundan əlavə, məhkəmə tərəfindən iddia müddəti məsələsi tamamilə nəzərə alınmamışdır. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən ümumi iddia müddəti üç ildir, 373-cü maddəsinə əsasən iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır, 377-ci maddəsinə əsasən isə borc münasibətlərində iddia müddətinin axımı sonuncu ödəniş tarixindən hesablanır. Sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuş və iddiaçı həmin tarixdən sonra üç il ərzində məhkəməyə müraciət etməmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və məhkəmə bu halı tətbiq etməli olduğu halda, bunu etməmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün müstəqil əsasdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. MM-in 600.3-ci satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.4-cü və 600.5-ci maddələrinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 09 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 890 manat əsas borc alınaraq iddiaçıya ödənilməlidir. Bununla belə məhkəmə tərkibi X3 birinci instansiya məhkəməsi tərəfindən müvafiq qəbzlərin və faktiki ödənişlərin mövcudluğunun nəzərə alınmaması, habelə iddia müddətinin keçməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, X5 öz şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən müqavilə üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmiş və həmin hal apellyasiya şikayətində də təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Eyni zamanda birinci instansiyada məhkəmənin bildirişini qəbul etsə də, iddia müddətinin tətbiqi barədə ərizəsini təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 2(017)-2931/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-2/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-2/2026
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver