Məhkəmə qərarları › İş №2(3-9)-202/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-202/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-202/2026 19.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(041)-2488/2025 saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 2040,00 (iki min qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41,00 (qırx bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində saat 22:45 radələrində, Kürdəmir rayonu, Babək prospektində İddiaçı ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai Veracruz minik” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Cavabdeh hadisə yerindən yayınmışdır. Kürdəmir Rayon Məhkəməsi tərəfindən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ASC tərəfindən iş üzrə PXA****** saylı sığorta aktı tərtib edilməklə, zərərçəkənə vurulmuş maddi zərərə görə 540,00 (beş yüz qırx) manat, PXA****** saylı sığorta aktı tərtib edilməklə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri aldığı üçün isə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan : -“xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış subroqasiya tələbinə dair məktubda, ##.##.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 2040,00 manat sığorta ödənişinin edildiyi, lakin sürücünün hadisə yerindən yayındığı və avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün bu məbləğin geri tələb olunduğu bildirilir. - “xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış ## ###### 2024-cü il tarixli bildirişdə, ##.##.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mopedə ziyan dəymiş və sürücüsü xəsarət almışdır. Zərərçəkən sığorta ödənişi tələbi ilə “xxxx" ASC-yə müraciət etmişdir. “xxxx" ASC, ödəniləcək məbləğin sonradan Cavabdeh subroqasiya qaydasında geri tələb ediləcəyini bildirir. 3 iş günü ərzində İddiaçı ASC-nin Gəncə filialına yaxınlaşaraq qiymətləndirmə nəticələri ilə tanış olmaq tövsiyə olunmuşdur. -İddiaçı ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə ##.##.2024-cü il tarixli PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai Veracruz minik” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri almışdır. - İddiaçı ASC tərəfindən PXA****** saylı sığorta aktı tərtib edilməklə, zərərçəkənə vurulmuş maddi zərərə görə 540,00 (beş yüz qırx) manat sığorta ödənişi həyata keçirilmişdir. -İddiaçı ASC tərəfindən PXA****** saylı sığorta aktı tərtib edilməklə “Moped” markalı nəqliyyat vasitəsinin sürücüsü X1 uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri aldığı üçün isə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına eyni zamanda, “xxxx" ASC tərəfindən sığorta ödənişinin alınması üçün plastik ödəniş kartının təhvil verilməsini rəsmiləşdirən ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, əmək müqaviləsi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış və digər sənədlər əlavə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 ona dəymiş ziyanın tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsi cinayət işinə əlavə edilmişdir (bax iş vər.74). Bundan əlavə, cinayət işinə əlavə edilmiş, «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş ## ### 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair *** №-li ekspert rəyindən görünrü ki, X1 bədən səthində aşkar olunan xəsarətlər-sol diz oynağının hemartrozu, sağ mil-bilək oynağının şikinliyi(əzələ-bağ aparatının gərilməsi), sağ budun ön səthinin, sağ bahdırın ön səthinin, sağ bazunun arxa səthinin sıyrılmış yaraları, alın nahiyəsinin qançırı-küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən ## ### 2023-cü il tarixdə hərəkətdə olan Mopedlə Hyundai markalı minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (bax iş vər. 65-67) İşdə olan sənədlərdən məlum olur ki, yol nəqliyyat hadisəsi ## ### 2023-cü ildə baş vermiş, məhkəmənin hökmü ##.##.2023-cü il tarixdə çıxarılmışdır. X1 ona dəymiş ziyanın tam ödənilməsi barədə ərizəsini məhkəməyə təqdim etdiyi halda, 2024-cü ilin yanvar ayında İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, aldığı az ağır xəsarətə görə sığorta tələb etmiş, ##.##.2024-cü il tarixdə isə ona sığorta haqqı ödənilmişdir. Beləliklə, işdə olan sübutlar əsasında müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyi barədə ərizəsini məhkəməyə təqdim etdiyi halda, məhkəmə hökmündən sonra ona dəymiş bədən xəsarətinə görə İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, sığorta haqqı alması ilkin ərizəsini sual altına almışdır. Belə ki, X1 cinayət işinə əlavə edilmiş ərizəsində yalnız nəqliyyat vasitəsinə deyil, nəqliyyat vasitəsi də daxil olmaqla ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin birinci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 881.1, 936-cı maddələri, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.1, 25.1.1, 25.1.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6, 25.1.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə iddianın təm təmin olunması barədə qətnamə çıxarılaraq cavabdeh Cavabdeh 2040,00 (iki min qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41,00 (qırx bir) manat dövlət rüsumunun həmçinin apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilmiş 21,40 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sürücü hadisə yerindən yayındığı üçün subroqasiya hüququ yaranmış və tərəfindən iddia irəli sürülmüşdür. Lakin Məhkəmə zərərçəkənə zərərvuran tərəfindən zərərin tam ödənilməsini qeyd edərək təqdim edilmiş hər hansı ödəniş tapşırığına əsaslanmadan iddianı rədd etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından aydın olur ki, Şirkət zərərçəkənin müraciəti əsasında sonuncuya sığorta ödənişi həyata keçirmişdir. Tələb olmadığı halda ödəniş edilə bilməzdi. Zərərçəkənə zərərvuran tərəfindən ödənilmiş əlavə zərər məbləği cavabdeh tərəfindən zərərçəkəndən tələb olunmalıdır. Tərəfindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən qiymətləndirilmədən yalnız cavabdeh tərəfindən təqdim edilən natamam, ödəniş məbləği qeyd olunmayan ərizə əsas sübut növü kimi qiymətləndirilmişdir. Tərəfindən zərərçəkənə icbari sığorta üzrə ödənilmiş məbləğ qanunvericiliyin tələbindən irəli gəlir. Zərərvuran (cavabdeh) tərəfindən təqdim edilən tərəflər arasında olan barışıq ərizəsi hadisə üzrə*(****-***/**** saylı hökm çıxarılması zamanı sonuncunun az cəza ilə cəzalandırılması üçün edilmiş bir hərəktdir. Məhkəmənin istinad etdiyi ərizədə zərərçəkənə ödənilmiş hər hansı bir məbləğin dəyəri qeyd olunmamışdır. Tərəflərin barışması sığorta ödənişindən imtina üçün əsas ola bilməz. Belə olan halda zərərvuran hesab edirsə ki vurduğu zərəri tam olaraq qarşılamış və sığorta şirkətindən əlavə ödəniş alınmışdır, bu zaman zərərçəkənə ödədiyi ödənişi geri tələb etmək hüququ yaranır. Zərərçəkmiş X1 hansı məbləğdə zərər almasını ölçən bir ekspert rəyi iş materiallarında yoxdur, şirkət olaraq sığorta qanunvericiliyində nəzərdə tutulmuş xəsarətlərin dərəcəsinə uyğun olaraq zərərçəkənə sığorta ödənişi edilmişdir. Bu gün zərərçəkənin sağlamlığını bərpa etmək üçün çəkdiyi xərclər ümumiyyətlə araşdırılmamış, cavabdehin təqdim etdiyi ərizə ilə dəymiş zərərin tam ödənildiyi qənaətinə gəlinmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Avtoqəza olduqdan sonra o, vətəndaşla məhkəmədən qabaq razılaşıb ona dəymiş bütün ziyanı ödəmişdir. Ziyanı ödədikdən sonra bunu notarial qaydada təsdiq etdirmişdirlər. Sığorta şirkəti ona 6-7 ay sonra məlumat göndərib pulu istəmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir (təmsil olunmur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hazırkı mülki işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələrindən biridir. 202-ci maddəsinə əsasən hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə iddianın təm təmin olunması barədə qətnamə çıxarılaraq cavabdeh Cavabdeh 2040,00 (iki min qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41,00 (qırx bir) manat dövlət rüsumunun həmçinin apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilmiş 21,40 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 2040,00 (iki min qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41,00 (qırx bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlar əsasında müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyi barədə ərizəsini məhkəməyə təqdim etdiyi halda, məhkəmə hökmündən sonra ona dəymiş bədən xəsarətinə görə İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, sığorta haqqı alması ilkin ərizəsini sual altına almışdır. Belə ki, X1 cinayət işinə əlavə edilmiş ərizəsində yalnız nəqliyyat vasitəsinə deyil, nəqliyyat vasitəsi də daxil olmaqla ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Sığorta hüququnun fundamental institutlarından biri olan subroqasiya, sığorta ödənişi həyata keçirildikdən sonra sığortaçının zərərçəkənin hüquqi mövqeyinə daxil olaraq, zərərin vurulmasında təqsirli olan şəxsə qarşı tələb irəli sürmək imkanını ifadə edir. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, zərərin son yükü sığortaçı üzərində deyil, hüquqazidd davranışı ilə həmin zərəri törətmiş şəxs üzərində qalmalıdır. Bu, həm mülki hüququn ədalət prinsipinə, həm də məsuliyyətin fərdiləşdirilməsi ideyasına uyğun gəlir. Məhkəmə tərkibi qeyd edir ki, sığorta ödənişi edildiyi andan etibarən sığortaçı avtomatik qaydada zərərçəkənin (yəni faydalanan şəxsin) tələb hüququnu əldə edir. Bu keçid əlavə razılaşma və ya ayrıca hüquqi akt tələb etmədən, birbaşa qanundan irəli gəlir və hüquqların “əvəz olunması” (cessio legis) xarakteri daşıyır. Beləliklə, sığortaçı artıq zərərçəkənin yerində çıxış edərək, ödənilmiş məbləğ həddində zərərvuran şəxsə qarşı tələbi reallaşdırır. “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsi isə bu ümumi qaydanı konkretləşdirərək, mülki məsuliyyətin icbari sığortası sahəsində subroqasiya hüququnun hansı hallarda yarandığını imperativ qaydada müəyyən edir. Qanunverici burada subroqasiya hüququnun tətbiq dairəsini geniş tutaraq, xüsusilə sığorta hadisəsinin sığortalının və ya sığorta olunanın təqsirli, qanunazidd davranışı nəticəsində baş verdiyi halları əhatə etmişdir. Qanunun 25.1.2-ci bəndinə əsasən, əmlakın, o cümlədən nəqliyyat vasitəsinin alkoqol və ya digər təsiredici maddələrin təsiri altında idarə edilməsi nəticəsində sığorta hadisəsinin baş verməsi subroqasiya hüququnun yaranması üçün birbaşa əsasdır. Bu norma xüsusi əhəmiyyət kəsb edir, Çünki burada qanunverici açıq şəkildə təhlükəli davranış formasını, sərxoş vəziyyətdə idarəetməni ağırlaşdırıcı hal kimi qiymətləndirir və belə hallarda sığortaçının ödədiyi vəsaiti geri tələb etmək hüququnu tanıyır. Hazırkı mülki işdən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, yolnəqliyyat hadisəsi törətmiş və bu fakt onun barəsində çıxarılmış məhkəmə hökmü ilə təsdiq olunmuşdur. Bu hal artıq mübahisəsiz sübut kimi çıxış edir və subroqasiya hüququnun yaranması üçün qanunda nəzərdə tutulmuş əsaslardan birini təşkil edir. Birinci instansiya məhkəməsi isə zərərçəkənin cinayət işi üzrə “zərərin tam ödənilməsi” barədə ərizəsinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, həmin ərizə zərərin hansı həcmdə və hansı komponentlər üzrə ödənildiyini müəyyən etmir və ən əsası, sığortaçının qanundan irəli gələn subroqasiya hüququnu aradan qaldırmır. Subroqasiya hüququ zərərçəkənin iradəsindən asılı olmayaraq yaranır və onun sonradan verdiyi bəyanatlarla məhdudlaşdırıla bilməz. Digər tərəfdən, zərərçəkənin həm zərərvurandan, həm də sığortaçıdan ödəniş alması “əsassız varlanma” institutunun predmeti kimi ayrıca qiymətləndirilə bilər. Lakin bu, sığortaçının hüququnu aradan qaldırmır. Belə ki, belə vəziyyətdə zərərvuran şəxs, artıq ödədiyi məbləği zərərçəkəndən geri tələb etmək imkanına malik olur. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Cavabdeh Cavabdeh 2040,00 (iki min qırx) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi tam təmin edildiyindən cavabdeh Cavabdeh 41,00 (qırx bir) manat dövlət rüsumu və apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilmiş 20,50 manat dövlət rüsumu iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 2040,00 (iki min qırx) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Cavabdeh 41,00 (qırx bir) manat dövlət rüsumu və apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilmiş 20,50 manat dövlət rüsumu iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar