Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-269/2026 06.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Behbudlu Bəxtiyar Kərəm oğlu, Kişiyev Tamraz Rəhmət oğlu və Əhmədov Əli Bahadur oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsindən cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə 06 aprel 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “Xalq Sığorta” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu və Kişiyev Tamraz Rəhmət oğlundan müştərək qaydada 1500,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,00 manat dövlət rüsumunun “Xalq Sığorta” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir xahiş etmişdir. Daha sonra iddiaçı 21.07.2025-ci il tarixdə ərizə təqdim edərək iddia ərizəsi üzrə Əhmədov Əli Bahadur oğlunun iş üzrə cavabdeh qismində işə cəlb edilməsini və Əhmədov Əli Bahadur oğlu, Behbudlu Bəxtiyar Kərəm oğlu və Kişiyev Tamraz Rəhmət oğlundan müştərək qaydada 1500,00 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,00 (otuz beş) manat dövlət rüsumunun “Xalq Sığorta” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.11.2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “Xalq Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü” üzrə PXA2204211050 nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Behbudlu Bəxtiyar Kərəm oğluna məxsus, istifadə hüququ Kişiyev Tamraz Rəhmət oğluna verilmiş, “Volkswagen Jetta minik” markalı, 90-MG-584 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Əhmədov Əli Bahadur oğlu tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə “Lifan minik” markalı, 99-NE-170 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5444883 saylı qərara əsasən, Əhmədov Əli Bahadur oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmçinin, DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5444897 saylı qərar əsasən Kişiyev Tamraz Rəhmət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Lifan minik” markalı, 99-NE-170 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1500,00 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022 ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən “Xalq Sığorta” ASC “Meqa Sığorta” ASC-nin hesabına lotto sistemi vasitəsilə 1553,73 manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, “Xalq Sığorta” ASC tərəfindən iş üzrə PXA2204211050 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1500,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “Volkswagen Jetta minik” markalı, 90-MG-584 dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Behbudlu Bəxtiyar Kərəm oğlunun mülkiyyətində olmuş, istifadə hüququ isə etibarnamə əsasında Kişiyev Tamraz Rəhmət oğluna verilmiş və hadisə zamanı Əhmədov Əli Bahadur oğlu sürücülük hüququ olmadan idarə etmişdir. Cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu iddiaya etiraz edərək bildirmişdir ki, mülkiyyətçi olaraq qanunla onun öhdəliyində olan yüksək təhlükə mənbəyini qanuni formada etibarnamə əsasında Kişiyev Tamraz Rəhmət oğlunun istifadəsinə vermişdir. İddiaçı tərəfindən “Meqa Sığorta”ya ödənilən vəsaitin ondan tələb olunması absurddur. Belə ki, o, birbaşa olaraq hadisəni törədən və etibarnaməsi olmadığı iddia edilən şəxsə verməmişdir. O, etibarnamə ilə Kişiyev Tamraz Rəhmət oğluna vermişdir. Onun burda qanunsuz heç bir əməli yoxdur və onun yerinə də ziyan ödənilməyibki ondan subroqasiya hüququ əsasında da məbləğ tələb olunsun. Bu əsassızdır. Zərər vuran şəxsdən tələb olunmalı olduğu halda iddiaçı ondan tələb edir. Halbuki əgər delikt varsa iddiaçı bu delikti törədəndən ona dəymiş ziyanı tələb edə bilər. Yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və ona qarşı iddianın təmin edilməməsini, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsi ilə (Hakim Ellara Abbasova), iddia təmin edilərək, cavabdehlər Əhmədov Əli Bahadur oğlundan, Kişiyev Tamraz Rəhmət oğlundan və Behbudlu Bəxtiyar Kərəm oğlundan subroqasiya qaydasında 1500 manat ziyan və 35 manat dövlət rüsumunun müştərək qaydada alınaraq “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın ona münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlunun apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Behbudlu Bəxtiyar Kərəm oğluna məxsus “Volkswagen Jetta minik” markalı, 90-MG-584 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi PXA2204211050 saylı müqavilə üzrə 23.03.2022-ci il tarixdən 23.03.2023cü il tarixədək 12 ay müddətinə “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığorta olunmuşdur. İş materiallarında olan İXP seriyalı 5098450 nömrəli protokol və TP seriyalı 5444883 nömrəli qərardan görünür ki, cavabdeh Əhmədov Əli Bahadur oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş qaydaları pozmuş, barəsində 100 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan İXP seriyalı 5098464 nömrəli protokol və TP seriyalı 5444897 nömrəli qərardan görünür ki, cavabdeh Kişiyev Tamraz Rəhmət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş qaydaları pozmuş, barəsində 60 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 02.12.2022-ci il tarixli qüsur aktından görünür ki, Sığorta hadisəsi nəticəsində “Lifan minik” markalı, 99-NE-170 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1500,00 manat təşkil edir. İş materiallarında olan 03.06.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, “Xalq Sığorta” ASC Əhmədov Əli Bahadur oğlu və Kişiyev Tamraz Rəhmət oğluna sığorta məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan 08.12.2022-ci il tarixli Sabunçu RPİ-nin TŞ-nin qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Əhmədov Əli Bahadur oğlu Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi və Kişiyev Tamraz Rəhmət oğlu nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli ödəniş aktından görünür ki 1500 manat (bir min beş yüz) məbləğində sığorta ödənişi sığortalı Əsgərov Hidayət Nəriman oğlunun hesabına köçürülmüşdür. İş materiallarında olan Ödəniş qəbzindən görünür ki, “Xalq Sığorta” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, 28.11.2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “Xalq Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü” üzrə PXA2204211050 nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Behbudlu Bəxtiyar Kərəm oğluna məxsus, istifadə hüququ Kişiyev Tamraz Rəhmət oğluna verilmiş, “Volkswagen Jetta minik” markalı, 90-MG-584 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Əhmədov Əli Bahadur oğlu tərəfindən sürücülük hüququ olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Lifan minik” markalı, 99-NE-170 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş TP5444883 saylı qərara əsasən, Əhmədov Əli Bahadur oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə, həmçinin TP5444897 saylı qərar əsasən Kişiyev Tamraz Rəhmət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsi baş vermiş sığorta hadisəsi ilə bağlı cavabdehlər Əhmədov Əli Bahadur oğlu, Kişiyev Tamraz Rəhmət oğlu və Behbudlu Bəxtiyar Kərəm oğlunun təqsirli hərəkətləri arasında səbəbli əlaqə olması qənaətinə gəlmiş və “Xalq Sığorta” ASC-yə dəymiş ziyana görə cavabdehlərdən 1500 manat məbləğində sığorta ödənişinin tutulması qənaətinə gəlmişdir. Cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu iddiaya etirazında və apellyasiya şikayətinin dəlillərində, mülkiyyətçi kimi qanunla onun öhdəliyində olan yüksək təhlükə mənbəyini qanuni formada etibarnamə əsasında Kişiyev Tamraz Rəhmət oğlunun istifadəsinə verdiyini, birbaşa olaraq hadisəni törədən və etibarnaməsi olmadığı iddia edilən şəxsə vermədiyini, etibarnamə ilə Kişiyev Tamraz Rəhmət oğluna verdiyini, ona görə də qanunsuz heç bir əməlinin olmadığını bildirərək, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd edilən maddi hüquq normasının tələbindən görünür ki, cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu “Volkswagen Jetta” minik markalı, 90-MG-584 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh Əhmədov Əli Bahadur oğlu tərəfindən idarə olunarkən Əli Əhmədovun qanunsuz hərəkəti nəticəsində onun sahibliyindən iradəsindən kənar çıxdığını sübuta yetirə bilməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Kollegiya hesab edir ki, tələb əsaslıdır və birinci instansiya məhkəməsinin “baş vermiş sığorta hadisəsi ilə cavabdehlər Əhmədov Əli Bahadur oğlu, Kişiyev Tamraz Rəhmət oğlu və Behbudlu Bəxtiyar Kərəm oğlunun təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. “Xalq Sığorta” ASC-yə dəymiş ziyanı aradan qaldıraraq, 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir” mövqeyi qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu tərəfindən mübahisələndirilən iddianın qiyməti 5000 min manatdan az yəni 1500 manat təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Behbudlu Bəxtiyar Kərəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-2573/2025 saylı qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-269/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-269/2026
06.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver