Məhkəmə qərarları › İş №2(3-9)-27/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-27/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-27/2026 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-3175/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “LG” LED, zəmanət + 2 il xidməti üçün 1085.12 manat ödənilməmiş hissə, 108.51 manat cərimə borcu olmaqla, ümumilikdə 1193.63 manat borcun və 31.94 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, “LG” LED, zəmanət+2 il xidməti almış və nəticədə 1193.63 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2750.04 manat (18 ay x 143.78 manat + 162 manat ilkin ödəniş) olan zəmanət “LG” LED, zəmanət + 2 il xidməti üçün ümumilikdə 1193.63 manat olmaqla, ondan, 1085.12 manat ödənilməmiş hissə, 108.51 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1664.92 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər-tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-3175/2025 saylı qətnаməsi ilə (hakim Gülsaba Ağayeva) iddia qismən təmin edilmiş, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 1085.12 manat ödənilməmiş hissə, 54.26 manat cərimə olmaqla, ümumilikdə 1139.38 (min yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.50 (otuz manat əlli qəpik) manatın Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, 1,8 (bir manat səksən qəpik) manatdan ibarət məhkəmə xərcinin Cavabdehdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, cavabdeh “LG” LED, zəmanət + 2 il xidməti almış və nəticədə 1193.63 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və iddiaçı tərəfindən 1193.63 manat borc və cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1664.92 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Məhkəmə hesab etmişdir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023-ci il tarixli alqısatqı müqaviləsi üzrə 54.26 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 1085.12 manat ödənilməmiş hissə, 54.26 manat cərimə olmaqla, ümumilikdə 1139.38 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 31.94 manat dövlət rüsumunun 30.50 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia ərizəsinin surətinin verilməsi ilə bağlı 1,8 manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1, 600.4, 601.1, 442, 445.1, 445.3, 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1, 112.1.1, 284-1, 284-5.2, 284-5.3, 119.1ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-3175/2025 saylı qətnaməsini qismən ləğv edilərək ondan 300 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sözü gedən qətnamə ilə razı deyil. Məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Qeyd edir ki, onun ABC Telekom MMC-nə iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. O, ödəniş qrafikinə əsasən hər ay ödənişlərini etmişdir. Hazırda onun iddiaçıya 300 manat borcu vardır. Lakin bütün bunlara baxmayaraq iddiaçı onun ödənişlərini nəzərə almamış və özündən şişirdilmiş borc məbləği müəyyən edərək əsassız iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iş üzrə isə məhkəmə onun prosesdə iştirakını təmin etmədiyi üçün o, sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri obyektiv qətnamə qəbul etmişdir. Belə ki, o, iddiaçıya olan borcunun çox hissəsini ödəmiş və bu barədə əlində sübutları vardır. Məhkəmə prosesdə onun iştirakını təmin etmədiyi üçün o, müdafiə hüququndan istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə heç bir ekspertiza təyin etmədən həmçinin heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(036)-3175/2025 saylı qətnaməsini qismən ləğv edilərək ondan 300 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 3175/2025 qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilən hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylıqərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “LG” LED, zəmanət + 2 il xidməti üçün 1085.12 manat ödənilməmiş hissə, 108.51 manat cərimə borcu olmaqla, ümumilikdə 1193.63 manat borcun və 31.94 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Bundan başqa iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 54.26 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, cavabdeh “LG” LED, zəmanət + 2 il xidməti almış və nəticədə 1193.63 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və iddiaçı tərəfindən 1193.63 manat borc və cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1664.92 manat təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində malları(ı), xidmətlər(i), (bundan sonra bu müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq “Mal” adlanacaq) ABC-yə sifariş verir, ABC həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir. Müqavilənin 2.4-cü bəndinə əsasən müştərinin sifariş verilən zaman ABC qarşısında bu sifarişədək yaranmış və razılaşdırılmış vaxtda icra edilməmiş, gecikdirilmiş pul öhdəlikləri olduğu təqdirdə ABC-nin hər hansı məsuliyyəti yaranmadan bu bənddə müəyyən edilmiş müddət ərzində müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmaq (icra etməmək) hüququ var. Müştərinin vaxtında icra etmədiyi (gecikdirdiyi) həmin borc öhdəliklərini bu müqavilə bağlandığı andan etibarən qısa müddət (bununla bağlı əlavə yazılı razılaşma olmadığı təqdirdə bu müddət 1(bir) təqvim günü kimi müəyyən edilir) ərzində tam icra etməlidir. Yalnız həmin müddət ərzində müştəri ABC qarşısındakı mövcud öhdəliklərini icra etdikdən sonra, bu müqavilə və (və ya) onun əlavəsi ilə müəyyən edilmiş malı təhvil ala bilər. Lakin cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş ödənişlərin icrasını sistemli şəkildə gecikdirmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh müqavilə üzrə ödəməli olduğu məbləği ödəmədiyindən, iddiaçı ona qarşı borcun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 601.1-ci maddəsi təşkil edir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı satıcı qismində müqavilə predmeti olan malı cavabdeh alıcıya təqdim etmiş, cavabdeh isə həmin malın dəyərini müqavilədə müəyyən edilmiş müddətlərdə və qaydada ödəmək öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü ödəniş öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn borc münasibətinin mövcudluğu iş üzrə mübahisəsiz hal kimi müəyyən edilir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin iddiaçı təşkilata sadəcə 300 manat borcu qalması dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı iddia tələbinin əsaslı olmasına dair sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə iddia tələbinin əsassızlığına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh müqavilə üzrə ödənişləri tam və ya qismən icra etdiyini, habelə faktiki olaraq yalnız 300 manat borcunun qaldığını bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə isə məhkəmə onun prosesdə iştirakını təmin etmədiyi üçün o, sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri obyektiv qətnamə qəbul etmişdir. Belə ki, o, iddiaçıya olan borcunun çox hissəsini ödəmiş və bu barədə əlində sübutları vardır. Məhkəmə prosesdə onun iştirakını təmin etmədiyi üçün o, müdafiə hüququndan istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə tərkibi qeyd edir ki, iş materialına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, İmişli Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli məhkəmə bildirişi Cavabdeh (etibarnamə ilə nümayəndəsinə) 20 oktyabr 2025-ci il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə heç bir ekspertiza təyin etmədən həmçinin heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri qanuni qətnamə qəbul etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin dəlili əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Onu hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Apellyator isə ekspertiza keçirilməsinin zəruri olmasına dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 3175/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-3175/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar