Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-288/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(073)-195/2025 saylı qətnaməsindən Ərizəçi vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən ərizəçi xx.xx.1961-ci ildə Cəlilabad rayonu Pakrovka kəndində doğulub. xx.xx.1981-ci il tarixdə X2 ilə rəsmi nikaha girməklə evlənmişlər. X2 xx.xx.2003-cü ildə vəfat etmişdir. Birgə nihahlarından doğulmuş xx.xx.1990-cı il təvəllüdlü Aslan adlı oğlu anadan gəlmə “F06.3- ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. Hal-hazırda oğlu təkbaşına heç bir hərəkət edə bilmir. Bu səbəbdən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar ərizəçi Cəlilabad rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Orqanıa müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilib. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(073)-195/2025 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsaslarının olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəmə kollegiyası Ərizəçi vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən edir ki, apellyasiya şikayəti elektron qaydada verilmişdir. İş materiallarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, vəkil Nümayəndə2 Ərizəçi nümayəndəsi kimi onun adından apelyasiya şikayəti vermiş və həmin apelyasiya şikayətini elektron qaydada imzalamışdır. Lakin iş materiallarına nəzər yetirdikdə isə görünür ki, vəkil Nümayəndə2 ərizəçi tərəfindən hər hansı etibarnamə verilməmişdir. Apellyasiya şikayətinə əlavə edilən etibarnamə isə X3 tərəfindən Ərizəçi verilmiş etibarnamədir ki, həmin etibarnamədə MPM-in 74-cü maddəsinə aid müddəalar da sadalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi vəkil Nümayəndə2 Ərizəçi adına apellyasiya şikayəti verərək, həmin şikayəti imzalamaq səlahiyyəti olmamışdır. Bundan başqa apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 2-lə apellyasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti həmin formaya uyğun tərtib edilməlidir. Formanın 6cı və 7-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki apellyasiya şikayətində maddi hüquq normalarının pozulmasına dair qrada silinmiş, ümumiyyətlə həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe ifadə edilməmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə, daxil olan apellyasiya şikayətinin surəti qarşı tərəfə göndərilir ki, qarşı tərəfin həmin şikayətin dəlillərinə öz münasibətini bildirə bilsin və özünün məhkəmədə müdafiə hüququnu təmin edə bilsin. Lakin tərtib olunan apellyasiya şikayəti üzrə dəlillər əsaslandırılmamış, maddi və prosessual hüquq normaları yuxarıda qeyd edildiyi kimi göstərilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, Ərizəçi vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(073)-195/2025 saylı qətnaməsindən Ərizəçi vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-288/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-288/2026
26.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver