Məhkəmə qərarları › İş №2(3-9)-295/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-295/2026

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-295/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kod **********20502 X9 Se, paket M xidməti, Apple airpods qulaqlıq, 2 ədəd JBL qulaqlıq, Samsung Charger+Cable üçün 777.5 (yeddi yüz yetmiş yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 77.75 (yetmiş yeddi manat, 75 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Huawei Watch GT 4 qol saatı üçün 211.32 (İki yüz on bir manat, 32 qəpik) manat ödənilməmiş hissə, 21.13 (iyirmi bir manat 13 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1087.70 manat borc, 30.88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Şərifova X2 Rayon Məhkəməsinə etiraz təqdim edərək qeyd etmişdir ki, ödənişləri vaxtı-vaxtında etmiş, iddia ərizəsində tələb olunan məbləğ artıq hesablanmış, həmçinin cərimə məbləğlərinin də hesablanması əsassızdır. Buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsi ilə (hakim: Ləman Mehrəliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 777,50 manat, cərimə borcuna görə 37 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 211,32 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 1035,82 (bir min otuz beş manat səksən iki qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30,88 manat pulun 30 (otuz) manatının tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh xx.xx.2026-cı il tarixdə poçt vasitəsilə şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(073)- 2840/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsindən, gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən poçt vasitəsilə göndərildiyi üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh məhkəməyə yenidən apellyasiya şikayəti təqdim etmiş, eyni zamanda ərizə ilə müraciət edərək, yaxın qohumu X4 vəfat etməsi səbəbindən mərhumun yas mərasimi ilə məşğul olduğundan apellyasiya şikayətini üzrlü səbəbdən gec verdiyini bildirmiş, bu səbəbdən apellyasiya şikayəti üzrə ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 2(073)-2840/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, Cavabdeh apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin apelyasiya baxışı zamanı Cəlilabad Rayon Məhkəməsi tərəfindən göndərilmiş 04 fevral 2026-cı il tarixli məktubdan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli qərardadından İddiaçı MMC tərəfindən şikayət verilmiş, şikayətə baxılması ilə əlaqədar iş materiallarının qaytarılması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2(3-9)-193/2026 saylı qərardadı ilə 2(3-9)-193/2026 saylı iş materialları Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə baxılması üçün apellyasiya baxışından çıxarılmaqla Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı MMC Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə müddətin ötürülməsinin səbəblərini əsassız olaraq üzrlü hesab etmişdir. İlk öncə ona görə ki, Cavabdeh 2(073)-2840/2025 saylı mülki işin mövcudluğundan əvvəlcədən məlumatı olmuşdur. Həmin iş üzrə cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir. Bundan əlavə, qətnamə qəbul edildikdən sonra cavabdehin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 2(073)-2840/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Şərifova X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Lakin iş materiallarında olan müvafiq EMİS-dən çıxarışdan (səhifə 62) görünür ki, müvafiq qətnamə Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Daha sonra cavabdeh xx.xx.2026-cı il tarixli həm prosessual müddətin bərpası barədə ərizə, həm də elektron olmayan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə apellyasiya şikayəti elektron olmadığından geri qaytarılmışdır. xx.xx.2026-cı il tarixdə cavabdeh yenidən elektron apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, həmçinin müddətin ötürülmə səbəbin onunla əsaslandırmışdır ki, yaxın qohumu X4 vəfat etməsi səbəbindən mərhumun yas mərasimi ilə məşğul olduğundan apellyasiya şikayətini üzrlü səbəbdən gec vermişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası qərarında haqlı olmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasını əsaslandırarkən yaxın qohumu X4 vəfat etməsini üzrlü səbəb kimi qəbul etmişdir. Lakin məhkəmə bu halı qiymətləndirərkən “yaxın qohum” anlayışının qanunvericilikdə müəyyən edilmiş məzmununu nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının müxtəlif normativ aktlarında yaxın qohumların dairəsi konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaxın qohumların dairəsi müəyyən edilmiş və bu kateqoriyaya valideynlər, övladlar, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, habelə övladlığa götürənlər və övladlığa götürülən şəxslər aid edilmişdir. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən vəfat etdiyi bildirilən X6 bu kateqoriyaya aid olan şəxslərdən biri kimi təsdiq edilməmişdir. Başqa sözlə, onun cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş yaxın qohumu olması sübut olunmamışdır. Bu səbəbdən, yalnız qohumluq münasibətinin mövcudluğu barədə ümumi istinad edilməsi prosessual müddətin buraxılmasının üzrlü səbəb kimi qiymətləndirilməsi üçün kifayət hesab edilə bilməz. Birinci instansiya məhkəməsi həmin şəxsin cavabdehlə yaxın qohumluq münasibətində olub-olmamasını müəyyən etmədən müddətin bərpası barədə qərara gəlməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Halbuki iş materiallarından görünür ki, vəfat etdiyi bildirilən şəxs qanunvericilikdə müəyyən edilmiş yaxın qohumlar kateqoriyasına aid olan şəxslər sırasına daxil deyildir. Həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti ilk dəfə də qanunvericiliyin tələblərinə uyğun qaydada verilməmiş, elektron qaydada təqdim edilmədiyinə görə məhkəmə tərəfindən geri qaytarılmışdır. Bu hallar birlikdə göstərir ki, prosessual müddətin buraxılması üzrlü səbəblərlə əsaslandırılmamışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, cavabdeh prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmiş, qeyd edilən hallar belə prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X7 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X3rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cu maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, şikayət təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(073)-2840/2025 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar