Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-319/2026 13.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 2(5-111)-165/2026 saylı, 06 fevral 2026-cı il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara rayon Notariat ofisinə qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 2(5-111)-165/2026 saylı qərardadına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara rayon Notariat ofisinə qarşı “xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı1 geri qaytarılması qərara alınmışdır. İddiaçı1 məhkəməyə elektron qaydada şikayət ərizəsi ilə müraciət edərək, Astara Rayon Məhkəməsinin 2(5-111)-165/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsini, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara rayon Notariat ofisinə qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata götürülüb mahiyyəti üzrə baxılmasını, qərardaddan verilmiş şikayətin təmin edilmədiyi halda şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 2 (5-111)- 165/2026 saylı, xx.xx.2026-cı il tarixli iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardadı qanunsuz və əsassızdır. Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2- 1(106)-1891/2022 nömrəli qətnaməsinin mahiyyətini tam anlamadan nəticəyə gəlmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(106)-1891/2022 nömrəli qətnaməsinin əsaslandırma hissəsində məhkəmə kollegiyası açıq aydın göstərmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin satıcı olaraq daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh1 ilə alıcı olaraq X1 arasında bağlanmasına baxmayaraq müqavilənin ləğvi tələbi həmin müqavilədə tərəf olmayan iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən irəli sürülmüşdur. Buradan açıq aydın görünür ki, Astara Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(018)- 651/2022 saylı qətnaməsi alqı-satqı müqaviləsində tərəf olmayan şəxs tərəfindən həmin müqavilənin ləğv edilməsini tələb edə bilməməsi səbəbindən ləğv edilmişdir. İddiaçıların hazırki tələbi alqı-satqı müqaviləsinin ləğvi deyil, etibarsızlığıdır. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğvi ilə həmin müqavilənin etibarsızlığının tamamilə fərqli tələblər olması araşdırılmamış, işin faktiki halları ilə sübutlara düzgün qiymət verilməmiş, çəkişmə prinsipinin tələbləri pozulmuş, nəticədə iddiaçıların hüquqları pozulmuşdur. Astara Rayon Məhkəməsinin 2(5-111)-165/2026 saylı, 20 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 2(5-111)-165/2026 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tətbiqi üçün zəruri olan hüquqi meyarlar düzgün müəyyən edilməmiş, “eyni tərəflər, eyni predmet və eyni əsaslar” meyarlarının mövcudluğu formal və səthi yanaşma ilə qiymətləndirilmişdir. Mülki prosessual hüquqda qəbul edilmiş əsas prinsiplərdən biri eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə artıq məhkəmə qərarı mövcud olduqda həmin mübahisəyə yenidən baxılmasının yolverilməzliyidir. Bu prinsip hüquq nəzəriyyəsində “res judicata” prinsipi kimi tanınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən eyni predmet, eyni əsas və eyni tərəflər mövcud olduqda məhkəmə icraata başlamaya bilməz. Lakin bu prinsipin tətbiq olunması üçün üç əsas element eyni olmalıdır: tərəflər, predmet, iddianın əsasları. Bu elementlərdən hər hansı biri dəyişdikdə artıq mübahisə əvvəlki işlə eyni hesab edilə bilməz. İlk növbədə kollegiya qeyd edir ki, əvvəlki məhkəmə icraatında müqavilənin etibarsızlığı məsələsi nə iddia predmeti olmuş, nə də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Bu isə o deməkdir ki, hazırkı tələbin əsasında duran hüquqi əsaslar əvvəlki işdə məhkəmə baxışının predmetinə daxil olmamışdır. Halbuki, MPM-nin 153.2.2-ci maddəsinin tətbiqi üçün zəruri şərtlərdən biri də məhz mübahisənin eyni hüquqi və faktiki əsaslar üzrə artıq həll edilmiş olmasıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənib söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Kollegiya qeyd edir ki, prosessual hüquqda iddianın identikliyi yalnız tərəflərin eyni olması ilə deyil, eyni zamanda iddianın predmetinin və əsaslarının da üst-üstə düşməsi ilə şərtləndirilir. Bu meyarlar kumulyativ xarakter daşıyır və onlardan hər hansı birinin fərqliliyi MPM-nin 153.2.2-ci maddəsinin tətbiqini istisna edir. Birinci instansiya məhkəməsi isə bu meyarları bir-birindən ayırmadan, onların hər birinin məzmununu ayrıca hüquqi təhlil etmədən nəticəyə gəlmişdir. Əvvəlki məhkəmə işində iddiaçılar tərəfindən irəli sürülmüş tələb alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı olmuş, qanuni qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(106)-1891/2022 nömrəli qətnaməsi ilə iddia tələbinə hüquqi qiymət verilərkən xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarlılıq şərtləri yoxlanılmamış, müqavilədə tərəf olmayan şəxsin müqavilənin ləğvi tələbini irəli sürmək imkanı olmaması əsası ilə tələb rədd edilmişdir. Halbuki müqavilənin ləğvi hüquqi təbiətinə görə etibarlı bağlanmış əqdin sonradan müəyyən hallarla əlaqədar hüquqi qüvvəsinin aradan qaldırılmasına yönəlmiş tələbi ifadə edir. Bu halda müqavilə bağlandığı andan etibarən hüquqi nəticələr doğurmuş sayılır və yalnız gələcək üçün (ex nunc) qüvvədən düşür. Hazırkı iş üzrə isə iddiaçıların tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır. Müqavilənin etibarsızlığı isə hüquqi mahiyyət etibarilə əqdin bağlandığı andan etibarən hüquqi nəticə doğurmamasını (ex tunc) nəzərdə tutur. Bu institut, mülki hüquqda əqdin hüquqi qüvvəsinin başlanğıcdan mövcud olmamasına əsaslanır və tamam fərqli hüquqi nəticələrə səbəb olur. Göründüyü kimi, “ləğv etmə” və “etibarsız hesab etmə” tələbləri həm hüquqi təbiətinə, həm tətbiq şərtlərinə, həm də doğurduğu nəticələrə görə bir-birindən köklü şəkildə fərqlənir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin tələblərini də lazımi qaydada təmin etməmişdir. Belə ki, iddiaçıların irəli sürdüyü tələbin mahiyyəti araşdırılmadan, sübutların qiymətləndirilməsi mərhələsinə keçilmədən və hüquqi kvalifikasiya düzgün aparılmadan iddianın qəbulundan imtina edilməsi onların məhkəməyə çatım hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunmuş əsas hüquqlardan biri olmaqla, şəxsin pozulmuş və ya mübahisələndirilən hüquqlarının müdafiəsi üçün məhkəmə instansiyalarına sərbəst çıxış imkanını nəzərdə tutur. Bu hüququn məhdudlaşdırılması yalnız qanunla müəyyən edilmiş hallarda və həmin halların məqsədyönlü və əsaslandırılmış tətbiqi ilə mümkündür. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Astara Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 2(5-111)-165/2026 saylı qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, 2(5-111)-165/2026 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-319/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-319/2026
13.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver