Məhkəmə qərarları › İş №2(3-9)-371/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-371/2026

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-371/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim X2 (sədrlik edən və məruzəçi), hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Masallı Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi) qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Masallı regional “ASAN xidmət” Mərkəzində Notariat ofisindən göndərilmiş ##.##.2021ci il tarixli *ə-*** nömrəli notariat işindən görünür ki, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında (qeydiyyat tarixi: ##.##.2012; qeydiyyat nömrəsi: 2212006266; reyestr nömrəsi: 802012000267- 10301) mülkiyətindəki ünvan 3 ünvanında bələdiyyənin istifadəsində olan 0.0066 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52 kv.m. yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 10.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evini satmaq üçün Masallı regional “ASAN xidmət” Mərkəzi Notariat ofisinə ərizə ilə müraciət etmiş, X3 da əri İddiaçı məxsus həmin evin satılması barədə razılıq ərizəsi vermiş, ##.##.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin ev mülkiyyətçisi, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 25396 manata satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan (qeydiyyat tarixi: ##.##.2012; qeydiyyat nömrəsi: 2212006266; reyestr nömrəsi: 802012000267-10301) görünür ki, ünvan 3 ünvanında bələdiyyənin istifadəsində olan 0.0066 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 10.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ##.##.1983-cü ildə Lənkəran şəhərində doğulmuş,atası X1, anası X4r. ##.##.2021-ci il tarixli orderdən görünür ki, Cavabdeh 25396 manat pul vəsaitini aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı ödəmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (qeydiyyat tarixi: ##.##.2021; qeydiyyat nömrəsi: 2221012056; reyestr nömrəsi: 802012000267-10301) görünür ki, ünvan 2 ünvanında bələdiyyənin istifadəsində olan 0.0066 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında 0.0066 ha ölçüdə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 10.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evi mövcud olmadığından, söküldüyündən təqdim edilən ünvana yaxın ərzilərdə yerləşən analoji fərdi yaşayış evləri (torpaq sahələri) barədə məlumat olmadığından sözügedən fərdi yaşayış evinin bazar dəyərinin ##.##.2021-ci il tarixdə və hazırda nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair ##.##.2025-ci il tarixli **/**** nömrəli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. “xxxx” MMC-nin direktoru M.M.Ağayev tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş rəydən görünür ki, ünvan 2 ünvanında 0.0066 ha ölçüdə bələdiyyənin istifadəsində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m olan fərdi yaşayış evinin ##.##.2012-ci il tarixə hesablanmış yekun bazar qiyməti 40900 manatdır. “xxxx” MMC-nin direktoru M.M.Ağayev tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçının nümayəndəsi X6 tərəfindən 200 manat qiymətləndirmə xərci “xxxx” MMC-nin hesabına ödənilmişdir. “xxxx” MMC-nin direktoru M.M.Ağayev tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş rəydən görünür ki, ünvan 2 ünvanında 0.0066 ha ölçüdə bələdiyyənin istifadəsində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m olan fərdi yaşayış evinin ##.##.2021-ci il tarixə hesablanmış yekun bazar qiyməti 41000 manatdır. “xxxx” MMC-nin direktoru M.M.Ağayev tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş məktubdan görünür ki, MMC sifarişin icra olunması üçün çəkilən xərc və görülən işə görə 300 manat hesablamış və həmin məbləğ iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmişdir. ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək onun Cavabdeh ilə arasında bağlanmış və Masallı Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhərində anadan olsa da, hazırda Cəlilabad rayonunun Üçtəpə kəndində yaşayır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52 kv.m. yaşayış sahəsi 41.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Əvvəl həmin evi satıb özünə maşın almaq fikri olmuş, lakin sonradan anası Nümayəndə onun üçün kreditə avtomobil aldığı üçün həmin evi satmaqdan imtina etmişdir. Sonradan isə ikinci arvadı ona evi satmaqda təkid etmişdir. O, da Lənkəran şəhərində özünü vəkil kimi təqdim edən İltifat adlı şəxsə bu barədə bildirib ondan xahiş etmişdir ki, evi satmaqda ona köməklik etsin. Onun anası isə evin satmasına həmişə etiraz etmiş və demişdir ki, “evi satma, uşaqların mülküdür, mən sənə nə vaxt kömək lazım olsa, edərəm”. 2021-ci ilin sentyabr ayında İltifat Cavabdeh həyətinə gətirib onun evini almaq istədiyini demiş, o da evi və torpaq sahəsini 60000 manata satmaq istədiyini demişdir. Onlar isə evinin dəyərinin o qədər olmadığını, cəmi 24000-25000 manat dəyərində olduğunu demişlər. Həmin vaxt evlərin dəyərindən məlumatı olmadığına görə onlara inanıb razılığa gəlmişdir. Həm də həmin həyətlə bağlı məhkəmədə mülki qaydada mübahisələri olmuşdur. Cavabdeh və İltifat Lənkəran şəhərində yerləşən notariat kontoruna getmədilər. Çünki, Lənkəran şəhərində yerləşən notariusun həmin həyətlə bağlı mübahisədən məlumatı vardı. Ona görə də, onlar Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun yanına onu aparıb orada evin satılması ilə əlaqədar alğı-satqı müqaviləsi bağlamışlar. Bundan sonra onlar cəmi 24000 manat məbləğində pulu ona vermişlər. Bu yaxınlarda isə Cavabdeh və İltifat onun qonşularının həyətlərini 150000 manata almışlar. Artıq başa düşmüşdür ki, Cavabdeh və İltifat onu aldatmışdır, onun evini dəyər-dəyməzə ondan almışlar. İndi özünün də başqa yerdə yaşamağa yeri yoxdur. Hazırda arvadı ilə birlikdə Cəlilabad rayonunun Üçtəpə kəndində kartof sahəsində yerləşən daxmada yaşayır. Beləliklə, Cavabdeh onun etibarından və savadsızlığından istifadə edərək ona məxsus evi ucuz qiymətə almış və bununla da, onu pis vəziyyətə salmışdır. Onun vəkili tərəfindən Cavabdeh ilə arasında bağlanmış və Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin əldə edilməsi üçün Masallı regional “ASAN Xidmət" mərkəzində notariat ofisinə müraciət edilsə də, notariat ofisi həmin sənədləri təqdim etməkdən imtina etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın əsassız olduğundan təmin edilməməsi, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun və “xxxx” MMC-nin hesabına ödədiyi 500 manat xərcin iddiaçının özünə aid edilməsi, iddiaçıdan iş üzrə 100 manat ekspertiza xərcinin tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında mülkiyyətindəki ünvan 2 ünvanında bələdiyyənin istifadəsində olan 0.0066 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52 kv.m, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 10.9 kv.m olan 2 otaqlı fərdi yaşayış evini özünün iradə ifadəsi əsasında Masallı regional “ASAN xidmət” Mərkəzində notariat ofisində özü tərəfindən qanunun tələblərinə uyğun olaraq ##.##.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsini imzalamaqla Cavabdeh 25396 manata satmışdır. İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, könüllü olaraq sözügedən mübahisəli daşınmaz əmlakı Cavabdeh satmış, alğı-satqıdan sonra Elçinə xeyir-dua vermiş və həmin gün satılmış əmlaka dair aldığı pul vəsaitini sayaraq, 24000 manat məbləğə olduğunu bilmişdir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2024-cü il tarixdə təqdim edilmişdir. Belə olduğu halda, iddiaçının tələbinin təmin olunması üçün heç bir əsas yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla əlaqədar (əmlakın dəyərinin 150000 manat olması barədə) – həmin daşınmaz əmlak satıldığı tarixdə onun real bazar dəyəri ilə alğı-satqı müqaviləsində razılaşdırılmış qiymət (25396 manat) arasında kəskin fərqin olması halı da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. AN-İ ******* nömrəli ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış və həmin müqavilənin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Eyni zamanda iddiaçı əqdin mübahisələndirilməsi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci, 354.2-ci, 646.1-ci və 567ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı işə baxarkən əvvəlcə mübahisəli fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün dəfələrlə ekspertiza təyin etmiş, tərəflərindən müvafiq olaraq hər keçirilmiş ekspertiza üçün lazım olan vəsaitlər ödənilmişdir. Ekspert rəyində ünvan 2 ünvanında 0.0066 ha ölçüdə bələdiyyənin istifadəsində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m olan fərdi yaşayış evinin ##.##.2021-ci il tarixə hesablanmış yekun bazar qiyməti 41000 manat olmasını qeyd etmişdir. Burada sual olunur ki, 41000 manatla 25396 manat arasında olan 15604 manatlıq fərq, bəs məhkəmə üçün bu kəskin fərq deyil, bəs nədir? Cavabdeh məhkəmə iclasında ancaq verdiyi izahatında mübahisəli fərdi yaşayış evini qanuni əsaslarla aldığını və heç bir qanun pozuntusuna yol vermədiyi qeyd etmişdir. Cavabdeh bundan əlavə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini alarkən yararsız vəziyyətdə olduğunu və orada yaşamağın qeyri-mümkün olduğunu qeyd etmişdir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə yüksək mərtəbəli binanın inşası nəzərdə tutulduğu üçün həmin ərazidə yerləşən fərdi yaşayış evləri onların mülkiyyətçilərindən münasib qiymətə satın alınmışdır. İddiaçı isə savadsız və kimsəsiz olduğu üçün iş üzrə cavabdeh və alğı-satqı müqaviləsində tərəf olmayan şəxslər onu hazırkı mübahisəli alğı-satqı müqaviləsini bağlamağa məcbur edərək ona demişlər ki, “bir daha sən Lənkəranda görünmə”. İddiaçı da həmin şəxslərdən qorxduğu üçün Lənkərandan Cəlilabada köçmüş və həmin vaxtdan orada yaşamır. Hazırkı alğı-satqı müqaviləsinin predmeti fərdi yaşayış evi olsa da, cavabdehin izahatından da aydın görünür ki, burada əsas məqsəd fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir. Çünki, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı olduğu üçün və onun həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alınmasında üstünlük hüququ olduğu üçün onu həmin alğı-satqı müqaviləsinin bağlamasına məcbur etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, evin satılmasından xəbəri olmamışdır. Mərhum əri evin yeganə oğlan övladı olduğu üçün həmin evi İddiaçı adına rəsmiləşdirmişdir. Evin satılmasına heç vaxt razılıq verməmişdir. Belə ki, 2021ci ildən etibarən həmin evi təmir etdirmişdir. Ev 1991-ci ildə tikilmiş və uzun müddət yaşayış üçün istifadə olunmuşdur. Evin satışı 2023-cü ilin sonu - 2024-cü ilin əvvəllərində həyata keçirilmişdir. İltifat adlı şəxs vəkil kimi torpaq məsələlərinin həlli üçün tərəfindən cəlb edilmişdi, lakin o, iradəsinə zidd olaraq həmin evi satmışdır. Anası yataq xəstəsi olduğu üçün onun yanında qalırdı, lakin evi təmir etdirdiyi üçün vaxtaşırı olaraq həmin ünvana gəlib-getmişdir. ## ######## 2021-ci il tarixdən təxminən 2 ay sonra evin satıldığını öyrənmişdir. 2024-cü ilin iyun ayında iddia qaldırmağının səbəbi Bakı şəhərində anasının yanında olması və evin satılması barədə məlumatının olmaması ilə bağlı olmuşdur. Vəkilə qarşı hər hansı iddia qaldırmamışdır, çünki həmin şəxs artıq vəfat etmişdir. Qonşulara həmin ərazi üzrə təxminən 150000 manat məbləğdə ödəniş edildiyi halda, oğlu aldadılaraq ev 24000 manata satılmışdır. Halbuki, evin təmirinə təxminən 6000–7000 manat məbləğdə vəsait xərcləmişdir. Evin satışından təxminən 5 ay sonra alıcının kim olduğunu müəyyən etmişdir, yəni Cavabdeh tapmışdır. Həmin şəxs evi satan şəxsin vəkil İltifat olduğunu bildirmişdir. İltifatla bu məsələ ilə bağlı danışarkən isə o, evin oğlunun mülkiyyətində olduğunu və onun razılığı ilə satıldığını qeyd etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, narazı qaldıqları əsas məsələ ondan ibarətdir ki, # #### 2024-cü il tarixində iddia ərizəsi birinci instansiya məhkəməsinə daxil olmuş, məhkəmə tərəfindən araşdırmalar aparılmış və iki dəfə ekspertiza təyin edilmişdir. Aparılmış ekspertizaların nəticəsinə əsasən evin bazar dəyərinin 41000 manat olduğu müəyyən edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiada göstərilən 150000 manat məbləği ilə real bazar dəyəri arasında kəskin fərq mövcuddur. Bununla belə, ekspertiza ilə müəyyən edilmiş 41000 manat dəyər ilə evin faktiki olaraq 24000 manata satılması arasında da əhəmiyyətli fərq vardır. Qeyd edilməlidir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa belə, həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi iddiaçıya məxsus olduğundan, həmin əmlakın əldə olunmasında üstünlük hüququ iddiaçıya aid olmuşdur. Cavabdehin məqsədi isə evi əldə etdikdən sonra torpaq sahəsini bələdiyyədən satın almaq olmuşdur. Hazırda həmin torpaq sahəsində inşa edilmiş binada mənzillərin 1 kvadrat metrinin satış qiyməti təxminən 2000 manat təşkil edir. İddiaçıdan alınmış evin ümumi sahəsi 52 kv.m olmuşdur. Bu əsasla hesablandıqda, əmlakın bazar dəyəri təxminən 100000 manata yaxın olmalı idi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə yalnız iddiaçının evini deyil, həmin evin ətrafında yerləşən digər torpaq sahələrini də almışdır. İddiaçının divarına bitişik olan 4 sot yarım torpağa 78000 manat ödəniş etmişdir. Lakin iddiaçının 52 kvadrat (0.52 sot) olan evinə yalnız 25000 manat ödəmişdir. Hətta bu məbləğ də həmin ev üçün çox yüksək qiymət idi. O evi almaq istəmirdi, çünki o ev bələdiyyənin mülkiyyətində idi və həmçinin çox baha qiymətə təklif edilirdi. İddiaçının nümayəndəsinin qeyd etdiyi qiymətlər isə şişirdilmişdir. İddiaçının nümayəndəsi tərəfindən ona ziyan vurulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. PROSESSUAL M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. MM-in 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bundan başqa MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. MM-in 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin MM-in 560-cı maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadədir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Qeyd edilməlidir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (“quivis praesumitur bonus dones probetur contrarium”). Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. O da qeyd edilməlidir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8ci maddəsinin 1 “a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasını mümkün edir. Ancaq müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən ilk növbədə qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsinin tərəflərin sərbəst və azad iradəsi əsasında bağlanmış olması faktını təkzib edən hallar iş materialları ilə təsdiq olunmur. Mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə görə şəxslər öz mülki hüquq və vəzifələrini sərbəst müəyyən edir, müqavilənin şərtlərini razılaşdırmaqda müstəqildirlər. Bu baxımdan, əqdin bağlanması zamanı tərəfin əmlakı hansı qiymətə özgəninkiləşdirməsi onun iqtisadi baxımdan iradəsinin ifadəsi kimi qiymətləndirilməlidir. MM-in 398-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən alğı-satqı müqaviləsi ##.##.2021-ci il tarixdə bağlanmış, iddia ərizəsi isə ##.##.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu müddət ərzində əmlakın bazar dəyərinin artması və ya azalması müqavilə tərəflərinə (istər satıcıya, istərsə də alıcıya) bağlanmış müqavilənin ləğvini tələb etmək hüququ vermir. Qeyd edilməlidir ki, MM-in 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçının sonradan müqavilə üzrə razılaşdırılmış qiymətin aşağı olduğunu əsas gətirərək müqavilənin ləğv edilməsini tələb etməsi özlüyündə hüquqi nəticə doğura bilməz. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbində ehtiva edilmiş və iddiaçının hazırkı niyyəti əslində mübahisələndirilən - ##.##.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığıdır. Mülki qanunvericiliyə əsasən əqdin etibarsız sayılması üçün iradə ilə onun ifadəsi arasında uyğunsuzluğun mövcudluğu, yaxud aldadılma, vacib əhəmiyyətli yanılma, zor tətbiqi, hədə-qorxu və ya digər hüquqi əhəmiyyət kəsb edən halların mövcudluğu sübuta yetirilməlidir. İş materiallarında isə belə halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Hətta “T.Qasımovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## ###### tarixli qərarında qeyd edilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, işin bütün faktiki halları tam araşdırılmış və təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar