Məhkəmə qərarları › İş №2(3-9)-383/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-383/2026

19.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-383/2026 19.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Cavabdeh İB-nin X1 İstismarı İdarəsinin rəisi Xanlar Əliyev tərəfindən təsdiq edilmiş ## ######## 2025-ci il tarixli qərardan görünür ki, ünvan 1ndə yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evini qazla təchiz edən qaz sayğacının çıxış plastmas borusu fiziki təsir nəticəsində deşildiyi üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış, cəmi 4320 m3 itirilmiş qaz hesablanmışdır. Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş ## ######## 2025-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1ndə yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. EN EMTA-nin Lənkəran filialının ## ###### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı yaşadığı Masallı rayonu Vidadi küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına müdaxilə etməklə qazın talanması nəticəsində 1223,30 manat məbləğində ziyan vurmuşdur. İddiaçı İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 4320 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə özünə məxsus fərdi yaşayış evi təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB X1 istismarı İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilməsi səbəbindən onun adına ##.##.2025-ci il tarixli ******* saylı akt yazılmış və o akta əsasən 4320 kub metr cərimə olunmuşdur. Yazılmış aktdan xəbəri və məlumatı olmamışdır. İşin faktiki hallarından görünür ki, akt otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamışdır. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac həyətindən kənar yerləşir. Ödəniş saldosuna da nəzarət edilsə, ödənişlərinin kifayət qədər olduğunu görmək olar. İDDİA ƏRİZƏSİNƏ QARŞI ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: Cavabdeh İB iddia ərizəsinə etirazla müraciət edərək İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşamaqla X1 istismarı idarəsinin Masallı xidmət sahəsində *************** saylı kodla abonent qeydiyyatındadır. X1 istismarı idarəsinin Masallı xidmət sahəsinin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçirilən zaman G-4 markalı ******** nömrəli sayğacın “plastmas borusunun deşilməsi” faktı aşkar olunmuş “Sayğacların quraşdırılması və çıxarılması haqqında” ******* saylı aktla sayğac xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxsin tabeliyində olan “xxxx” MMC tərəfindən sayğac yoxlanılmış, yoxlama zamanın sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib rəyi verilmişdir. Bununla əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2025-ci il tarixli ******* saylı akta əsasən 4320 kub metr olmaqla 1223.30 manat abonent hesabına hesablanmışdır. Sözügedən fakt Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə agentliyi Lənkəran Filialının ##.##.2025-ci il tarixli MN******* nömrəli qərarı ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 3.3-cü Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞnın Şurasının ## #### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddianın qismən təmin edilməsi, İddiaçı abonent hesabına ## ######## 2025-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ziyan qismində hesablanmış cərimə məbləğinin 4320 kub metrdən 1440 kub metrə (1440 kub metr x 0.12 manat = 172.80 manat) azaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat hesabat müddətini 203 gün qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Məhkəmə iddianın 4320 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun azaldılmasına münasibətdə qeyd edir ki, tərtib edilmiş ******** nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi ## ######## 2025-ci il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2025-ci ilin bütün ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin sentyabr ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin 90 gün hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 30 gün (1 ay) hesabat müddəti ilə hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılmalıdır. qanunvericilik məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirilməsi vəzifəsini qaz paylayıcısı olan cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə bildirir ki, bu hal məişət abonenti olan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. Ona görə də, məhkəmə hesabat müddətinin 90 gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçının abonent hesabına cərimə borcu 30 gün hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən də, ******* nömrəli ## ######## 2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında iddiaçıya əsassız yerə yüksək həddə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının ##.##.2011-ci il tarixli ** nömrəli Qərarının * saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m³/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ## ######## 1995-ci il tarixli **** saylı Azərbaycan Respublikasının Qanununun 3-cü, 14cü, 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu, 3.1.11ci, 5.2-ci, 6.5-ci, 6.5-3-cü maddələrinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının ## #### 2011-ci il tarixli ** saylı qərarına və Qərarının * saylı Əlavəsinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı adına ##.##.2025-ci il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə 4320 kub. metr qaza görə hesablanmış 1223,30 manat məbləğində borcun müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan 284402900005740 abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, saldoya nəzər salındıqda görünür ki, əvvəlki illərin konkret ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Abonent alternativ enerji mənbəyindən istifadə etməsi barədə heç bir sübut təqdim etməmiş, eləcə də, məhkəmə bütün bunları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi abonentin ümumiyyətlə əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsiə dair məlumatları araşdırmamış və digər sübutlarla birlikdə qiymətləndirməmişdir. İddiaçıya aid olan 284402900005740 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İB-nin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdeh ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ## ######## 1995-ci il tarixli **** saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 3.1.10-3.1.11-ci maddələrinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci maddəyə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4-cü maddəsinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Qac təchizatı” haqqında Qanunun 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək dispozitivlik prinsipini rəhbər tutaraq hesab edir ki, iddia əsassız olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış qiymət verərək iddianı qismən təmin etmişdir. Belə ki, iş materiallarında olan EN EMTA-nin Lənkəran filialının ## ###### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı yaşadığı Masallı rayonu Vidadi küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına müdaxilə etməklə qazın talanmasına yol vermiş, nəticədə 1223,30 manat məbləğində ziyan vurmuşdur. Buna görə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, yuxarıda adıçəkilən inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə qazın talanmasına yol vermiş və nəticədə maddi ziyan vurmuşdur. Mübahisəli ##.##.2025-ci il tarixli ******* saylı aktı əsasında hesablanmış ziyan - 4320 m3 qaz sərfiyyatı və ona hesablanmış borc yuxarıda adıçəkilən inzibati xətanın törədilməsinin hüquqi nəticəsidir. Həmin aktla hesablanmış borc məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə uyğun olmuşdur. Onun məhkəmənin mülahizəsi əsasında fərqli hesablanması doğru qənaət hasil etməmişdir. Belə ki, hesabat müddətinin 90 gün qəbul edilməsini əsaslıdır. Çünki 2025-ci ilin sentyabr ayında keçirilən baxış qanunsuz qoşulma faktının aşkar edildiyi baxışdır. Cavabdeh qurum tərəfindən hesablanmış borc iddiaçının iddia etdiyi kimi əsassız deyil, onun təqsirli əməli ilə birbaşa səbəbli əlaqədə olan hüquqi nəticədir. Eyni zamanda, İddiaçı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh İB tərəfindən dövlət rüsumu qismində ödənilmiş 16 (on altı) manat 12 (on iki) qəpik məbləğdə pul vəsaiti İddiaçı alınaraq Cavabdeh İB-yə ödənilsin. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh İB tərəfindən dövlət rüsumu qismində ödənilmiş 16 (on altı) manat 12 (on iki) qəpik məbləğdə pul vəsaiti İddiaçı alınaraq Cavabdeh İB-yə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar