Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-384/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadından İddiaçı Qasm oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin, şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddiaçıya müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı inzibati orqanın hərəkətləri nəticəsində verilmiş JN ***A saylı şəhadətnamənin və ondan törəyən sənədlərin etibarsız hesab edilməsini tələb edir. İddiaçı müvafiq tələblə inzibati məhkəməyə müraciət etməlidir. İddiaçı Qasm oğlu qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qərardadında heç bir əsaslandırma aparmamışdır. Mülki Prosessual Məcəllənin 35-ci maddəsində də açıq aşkar göründüyü kimi, iddia cavabdehin olduğu yerə görə verilməsi nəzərdə tutulduğu üçün Masallı Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsi qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş, Mülki Prosessual Məcəllənin 149-cu və 151.1-ci maddələrinin tələbinə tam cavab verir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə iş materiallarının Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(050)- ****/**** nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə nəzərdə tutulmuş hərəkətlərin edilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə iddia ərizəsindəki tələbin inzibati məhkəməyə aid olması qənaətinə gəlindiyindən, yəni məhkəmə aidiyyətinə dair mübahisə iddiaya ümumi və kommersiya məhkəmələri tərəfindən baxılmalı olması ilə bağlı olmadığından, həmin qərardaddan verilən şikayətə baxılması səlahiyyəti Mülki Prosessual Məcəllənin 403-1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən deyil, Məcəllənin 269.3, 397-401-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinə aiddir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1-ci bəndinə görə torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Adıçəkilən qərarın 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. Buna görə də, İddiaçı Qasm oğlunun nümayəndəsi Vəkil tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263-264, 397, 398. və 400- 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-384/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-384/2026
22.04.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver