Məhkəmə qərarları › İş №2(3-9)-53/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-53/2026

09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-53/2026 09.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi filialı) 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1325/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 1997-2005-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən X3 dəmir qapı və pəncərə sexində işləmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, hazırda o, Biləsuvar şəhərində qeydiyyatda olmaqla yaşayır. 1978-1995-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən S.Vurğun adına kolxozda işləmişdir. Buna dair arxiv arayışı da vardır. Lakin həmin illərin arxiv arayışında 1984cü ildə həmin kolxozda işləməsinə dair arxiv sənədləri qalmamışdır. Bundan başqa 1975- 1978-ci illərdə 146 saylı Texniki peşə məktəbində oxumuşdur. Buna dair də arxiv sənədləri qalmamışdır. Hazırda 1984-cü ildə S.Vurğun adına kolxozda işləmə faktının və 1975-1978-ci illərdə 146 saylı Texniki peşə məktəbində oxumasının müəyyən edilməsi zərurəti yaranmışdır.Həmin faktın müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiyini, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1325/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsi (Nüsrət Mirzəyev) ilə, ərizənin qismən təmin edilməsi, Ərizəçi 1975-ci ildə Puşkin rayon 146 saylı X17 Peşə məktəbinə qəbul edilməklə oxuması faktı və 1984-cü ildə Biləsuvar rayonu S.Vurğun adına kolxozda işləməsi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin ərizədə 1997-2005-ci illər üzrə işləmə faktının təsdiqlənməsi tələbi olsa da, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə iddia tələbi tamamilə dəyişdirilmiş, yəni 1975-1978-ci il tarixlərində təhsil alma faktı və 1984-cü il tarixində işləmə faktının təsdiq olunması tələbi qoyulmuşdur. Hazırki iş üzrə ilkin tələblə bağlı dəlillər, dəyişdirilmiş tələblə bağlı sübutlarla eynilik təşkil etmir. Yeni tələblə bağlı maraqlı şəxsə məlumat verilməmiş, maraqlı şəxs nəinki yeni tələblə bağlı müdafiəsini təşkil edə bilməmiş, eyni zamanda yazılı münasibətini təqdim edə bilməmişdir. Ərizə tələbin dəqiqləşdirilməsi adı ilə qeyd edilsə də mahiyyətini tələbin dəyişdirilməsi təşkil edir. Belə olan halda dəyişdirilmiş tələb yeni ərizə hesab olunur. Bu maddənin tələblərindən çıxış edərək qeyd edirik ki, yeni ərizənin rəsmi qaydada maraqlı şəxsə çatdırılması təmin edilməmişdir. Ərizəçi apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1325/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1325/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini ərizəçi tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə şahid qismində dindirilmiş X6 və X5 1975-ci ildə Puşkin rayon 146 nömrəli X17 Peşə məktəbinə daxil olaraq həmin məktəbi 1978-ci ildə bitirmiş və diplom almışlar. Həmin şahidlər ifadələrində Ərizəçi 1975-ci ildə Puşkin rayon 146 nömrəli X17 Peşə məktəbinə qəbul olunaraq onlarla birlikdə oxuduğunu təsdiq etmişlər. Bundan əlavə, ərizəçinin vəsatətinə əsasən şahid qismində dindirmiş X5 və X1 əmək kitabçalarını məhkəməyə təqdim etməklə 1984-cü ildə Biləsuvar rayonu S.Vurğun adına kolxozda traktorçu işlədiklərini və həmin 1984-cü ildə Ərizəçi onlarla bərabər Biləsuvar rayonu S.Vurğun adına kolxozda işlədiyini göstərmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlayarkən müəyyən etmişdir ki, hazırkı ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar rayon Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 12 iyul 2023-cü il tarixli № 5- 39- 6/2-582/2023 saylı arayışından görünür ki, Mehdiyev X4 rayonu Bağbanlar kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi filialının 12 mart 2025-ci il tarixli № 3-17-1/2-M-60181/2025 saylı yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubunda göstərilmişdir ki, təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər və 1978-1995-ci illər üzrə əmək fəaliyyəti dövrləriniz də nəzərə alınmaqla cəmi sığorta stajınız 24 il 27 gün təşkil edir.Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 5 ay 9 gün sığorta stajınıza uyğun olaraq 18582,70 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 5694,17 manat olmaqla ümumilikdə 24276,87 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ 01,02.2025-ci il tarixinədək qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir.Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X9 xx.xx.2024-cü il tarixli 76 saylı arayışından görünür ki, Ərizəçim oğlu barəsində 1975-ci ilə aid əmr kitabı olmadığından onun qəbulu ilə bağlı heç bir məlumat tapılmamışdır.Lakin, Ərizəçi Puşkin rayon 146 nömrəli X17 Peşə məktəbini xx.xx.1978-ci il tarixli 36 saylı əmrlə məktəbin 31 nömrəli qrupun traktorçu maşinist ixtisasını bitirərək 788282 saylı diplom, 788282 saylı diploma əlavə və 068361 saylı vəsiqə almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Reşə Təhsili Üzrə Dövlət Agentliyi «X15» X13 20 oktyabr 2025-ci il tarixli 67 saylı arayışından görünür ki, Ərizəçi təhsil aldığı 146 nömrəli X17 Peşə məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarına əsasən (Əlavə 1) 146 nömrəli X17 Peşə məktəbi statusu dəyişdirilərək X15 statusu almışdır. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivi idarəsinin xx.xx.2014-cü il tarixli № 437 saylı Arxiv arayışında göstərilmişdir ki, Ərizəçi 1978-1995-ci illərdə S.Vurğun adına kolxozda işləmişdir.1984-cü ilə aid son hesab kitabı çox istifadə olunduğu və bərbad vəziyyətə düşdüyü üçün 1984-cü ilə məlumat verə bilimədik. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Kollegiya qeyd edir ki, məhkəmələrdə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir (S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il il tarixli qərarı) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən hüquq normalarının da təhlilindən görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırkı işdən də görünür ki, Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 1997-2005-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən X3 dəmir qapı və pəncərə sexində işləmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1997-2005-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən X3 dəmir qapı və pəncərə sexində işləmə faktının müəyyən olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş və 12 mart 2025-ci il tarixli imtina alaraq həmin faktın müəyyən edilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. Lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsini də xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi dedikdə, iddiaçının əvvəl verdiyi iddia ərizəsində dəqiqlik, düzəliş və ya dəyişikliklər etməsi başa düşülür. Məsələn iddiaçı iddia tələbinin dəqiq ifadə olunmaması, məbləğin dəyişməsi (məsələn, borc məbləği artırılıbazaldılır), tələbin predmetinin və ya əsasının dəyişdirilməsi, səhv yazılmış faktların, tarixlərin, adların düzəldilməsini xahiş etdikdə tələbini yeni ərizə vermək yolu ilə dəqiqləşdirir. Lakin iddiaçı sonradan verdiyi ərizədə əvvəlki tələbini dəqiqləşdirməmiş, yeni tələblər verməklə daha 2 halla bağlı faktların müəyyən edilməsini xahiş etmiş, həmin tələblər elektron kabinet vasitəsi ilə verilməmiş, kağız daşıyıcıda verilən ərizə isə EMİS-ə əlavə edilməmişdir. Bu isə onu göstərir ki, iddiaçı sonradan müəyyən edilməsini xahiş etdiyi 2 faktla bağlı, yəni 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsi ilə bağlı əvvəlcə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməmişdir. Dövlət Sosial Müdafiə Fondu bundan imtina etdiyi təqdirdə iddiaçı digər 2 faktın müəyyən edilməsi ilə bağlı buna müvafiq olaraq növbəti prosessual hərəkətləri edilməliydi. MPM-in 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. MPM-in 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi ərizəçi sonradan verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə məhkəmə qaydasında tələb etdiyi 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsi ilə bağlı pretenziya qaydasına riayət edilməsi barədə məlumat göstərməmiş, məhkəmədən qabaq səlahiyyətli orqana müraciət etmək imkanı olduğu halda, lakin bu qaydada riayət etməmiş, nəticədə işin məhkəmədən qabaq həlli qaydalarına riayət etməmişdir. Digər tərəfdən maraqlı şəxsin nümayəndəsi apellyasiya baxışı zamanı verdiyi izahatında ərizəçinin 1976-1978-ci illərdə texniki peşə məktəbində oxuması ilə bağlı iş stajının da pensiyasının hesablanması ilə bağlı nəzərə alındığını, həmçinin hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin izahatının dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmənin Plenum Qərarının 12 aprel 2019-cu il qərarının 14cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi ərizəçi 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsini xahiş etsə də, həmin halın məhkəmə qaydasında müəyyən edilməsi yol verilməzdir. Ona görə də kollegiya ərizəçi tərəfindən gələcəkdə məhkəmə qaydasında ərizə verilərkən Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən mövqeyinin nəzərə alınması tövsiyyə edilir. Sadalanan prosessual normaların mənasına görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş ərizəni baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu hlda ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1325/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260.1, 260.4, 372.1, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1325/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi 1997-2005-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən X3 dəmir qapı və pəncərə sexində işləməsi, 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar