Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-767/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 18000 manat məbləğində pulun və 145 manat dövlət rüsumunun, cəmi 18.145 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ## ###### 1958-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuşdur və orada yaşayır. Fərdi sahibkarlıqla məşğul olmaqla yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yolun kənarında yanacaqdoldurma məntəqəsi vardır. Həmin yanacaq doldurma məntəqəsində yanacaq və sürtgü məhsullarının satışı ilə məşğul olmuşdur. Cavabdeh ## ####### 2023-cü il tarixdə onun yanına gələrək ondan 13.000 manat məbləğində borca pul almışdır. Cavabdeh bu barədə kağız yazaraq onda saxlamış və aldığı 13.000 manat pulu ## ####### 2023-cü il tarixdə qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin o, (Cavabdeh) hazırda ondan borca aldığı 13.000 manat pulu ona qaytarmaqdan boyun qaçırmışdır. O da həmin pulu Cavabdeh vermək üçün bankdan kredit götürmüş, buna görə də 5.000 manat faiz pulu ödəmişdir. Dəfələrlə Cavabdeh ilə bununla bağlı danışıqlar aparmış, lakin Cavabdeh hər dəfə bir bəhanə gətirərək borclu olduğu pulu ona ödəməkdən yayınmışdır. Cavabdeh ona borclu olmağını cavabdeh Cavabdeh öz imzası olan vərəqdə təsdiq etmişdir. Həmin vərəqi iddia ərizəsinə əlavə etmişdir. O, dəfələrlə cavabdeh Cavabdeh borcla bağlı şifahi xəbərdarlıqlar etmiş və telefon vasitəsi ilə ona zənglər etmişdir, lakin Cavabdeh ona borclu olduğu 18.000 manat pulu könüllü olaraq qaytarmaq istəməmişdir. Həmçinin bununla bağlı Cavabdeh ünvanına ## ###### 2024-cü il tarixdə rəsmi qaydada pretenziya göndərmişdir. Lakin bütün bunların heç bir nəticəsi olmadığı üçün o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi (hakim: Anar Pənahov) ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 13.000 (on üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat məbləğində olmaqla cəmi 13.105 (on üç min yüz beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Qəbzdən görünür ki, cavabdeh iddiaçıya 13.000 manat borcu olduğunu etiraf edir. Pulu ##.##.2023-cü il tarixində almışdır. Lakin heç bir ödəniş edildiyinə dair sübut əldə olunmamışdır. Qəbzin sonunda qarşı tərəf (Cavabdeh) öz imzası ilə qəbzin məzmununda qeyd edilənləri təsdiq edir. ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı İddiaçı cavabdehdən 13000 manat borcu və 5000 manat faiz pulunu tələb etmişdir. Ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı İddiaçı tərəfindən 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında cavabdeh Cavabdeh iddiaçıdan ümumilikdə 13.000 manat borcu aldığını etiraf etməsi barədə qəbz mövcuddur. İddiaçı həmin qəbzi sübut növü kimi təqdim edərək, cavabdehin həmin qəbzə imza etməklə ondan pul aldığını və qaytaracağı barədə vəd verməsinə baxmayaraq qaytarmadığını bildirmişdir. Ümumiyyətlə cavabdeh Cavabdeh hazırkı mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, ona qarşı irəli sürülmüş iddia tələbinə münasibət bildirməmiş və iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş qəbzi mübahisələndirməmişdir. Hazırkı iddia tələbi üzrə cavabdeh məhkəmə iclasında iştirak etməyərək və iddiaya münasibət bildirməyərək 13.000 manat iddiaçıdan borc pul alınması, həmin puldan hansı məbləğin qaytarılmasını sübut edə bilmir. Bu isə iddiaçının iddia tələbinə münasibətdə istinad etdiyi halları şübhə altına alan meyar kimi qəbul edilə bilməz. Çünki cavabdeh artıq məlumatlı olduğu iddia tələbi üzrə məhkəmə icraatından boyun qaçırmaqla iddiaya qarşı öz müdafiəsini həyata keçirməkdən imtina edir, belə olan halda sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin pulu iddiaçıdan alıb-almaması və ya almışdırsa hansı hissəsinin qaytarılmasını sübut etməyə borcludur. Lakin cavabdeh məhkəmədə iştirak etməməklə belə bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Odur ki, iddia tələbi 13000 manata münasibətdə əsaslıdır. Bundan əlavə 5.000 manat pul vəsaitinin tələbi hissəsində iddia məhkəməyə təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapmadığından məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 427.1, 442-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 14.2, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv olunması, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində məhkəmə proseslərində iştirakı təmin edilməmiş və heç bir məhkəmə iclasından məlumatı olmamışdır. Məhkəmə bildirişləri poçtalyon tərəfindən yaşadığı və qeydiyyatda olduğu ünvana deyil əvvəllər işlədiyi yanacaqdoldurma məntəqəsinə verilmişdir. Sonradan təsadüfən bu bildirişlərdən xəbərdar olduqdan sonra artıq bütün məhkəmə iclasları bitmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Bildirir ki, iddianı qəbul etmir. O, iddiaçıdan qeyd olunan həmin məbləğdə pul almamışdır. Onunla hər hansı bir müqavilə bağlamamışdır. Məhkəmə iclasında aralarında müqavilə bağladığını qeyd etsə də aralarında nə notarial, nə də ki başqa qaydada müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən bir qəbz şəklində, adı müqavilə qoyulmuş yazı məhkəməyə təqdim edilmiş və həmin əlyazmalar əsasında ondan əsassız olaraq 13000 (on üç min) manat tutulmuşdur. Hazırkı mübahisə üzrə hesab edir ki, iddiaçı məhz mübahisə predmeti olan borc məbləği ilə bağlı tələbinin əsaslılığını təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iddiaçı sübutetmə predmetinə daxil olan yuxarıda qeyd etdiyi 1-ci və 2-ci halı ( iddia tələbində göstərilən müqavilənin faktiki mövcudluğu, müqavilənin tərəflər arasında bağlanması və həqiqətən tələb edən şəxsə, yəni iddiaçıya həmin müqavilədə iştirakı subut edilməlidir.) Belə ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iddiaçı bildirmişdir ki, iddia ərizəsində qeyd olunan pul məbləğinin, həqiqətən Cavabdeh tərəfindən alınmış lakin buna dair iki əlyazma qəbz adlandırılan kağız parçasından başqa məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Hesab edir ki, məhkəmə tərəfindən hazırda baxılan iş üzrə sübutetmə predmetinə daxil olan və yuxarıda qeyd etdiyi 3-cü hal ətraflı və obyektiv araşdırılmalıdır. Yəni, sözügedən bu hal (iddia tələbində qeyd olunan məbləğin, həmin pul məbləğinə dair müqavilənin və pulun ona verilməsinə dair və halların iddiaçı və cavabdehlə həqiqətən göstərilən tarixdə bağlanıb bağlanması) müəyyənləşdirilməlidir. Göstərilən normaların tələbləri pozulmuşdur. Məhkəmə mübahisəyə ona məlum olan faktlar əsasında baxmamış və iş üzrə mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən tələbə, əsasən qəbz adlanan müqavilənin mötəbərliyi ilə bağlı obyektiv araşdırma aparmamış, nəticədə hüquqları kobud şəkildə pozulması ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıların istinad etdikləri və məhkəmə iclaslarında verdikləri izahatlarda bildirdikləri fikirlər, yəni borcun tərəfimdən alınaraq iddiaçıya verilməməsi hər hansı mötəbər sübutla (əksi təkzib edilməyən, o anı əks etdirən video görüntü və ya fotoşəkil) təsdiq edilməsi aydınlaşdırılmamış və bunun da qəbul edilməsi, yəni onun tərəfindən hansı vaxtda müqavilənin bağlanması ilə bağlı iddiaçıların fikirlərinin sübut olunmuş kimi qəbul edilməsi qətnamədə əsaslandırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək yaxın qohumunun vəfat etməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmçinin növbəti məhkəmə iclasında müqavilə bağladığı müdafiəçisiylə birlikdə iştirak edəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd etmişdir ki, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh ərizəsində hüquqi yardım göstərilməsi barədə müqavilə bağladığı vəkilinin olduğunu və növbəti məhkəmə iclasında onunla birlikdə iştirak edəcəyini göstərmişdir. Halbuki, tərəfin nümayəndəsi və ya vəkili onun adından məhkəmə iclasında iştirak edərək prosessual hüquqlarını həyata keçirə bilər. Buna görə də cavabdehin şəxsən iştirak edə bilməməsi onun vəkilinin məhkəmə iclasında iştirakına mane olmur. Odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv olunması, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh qətnamənin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmindəiddianın təmin edilmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdehdən 18.000 manat pul vəsaitinin (13.000 manat əsas borc, 5.000 manat faiz kimi çəkildiyi iddia olunan xərc) və ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etmiş, tələbini cavabdehə ##.##.2023-cü il tarixdə 13.000 manat borc verməsi, bunun cavabdeh tərəfindən yazılı qəbzlə təsdiq edilməsi, lakin borcun qaytarılmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan yazılı qəbzlə cavabdehin iddiaçıdan 13.000 manat məbləğində borc alması təsdiq olunur. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibət bildirməmiş, təqdim olunmuş qəbzin həqiqiliyini mübahisələndirməmiş, habelə borcun tam və ya qismən qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin məhkəmə icraatında iştirak etməməsi və etirazlarını sübutlarla əsaslandırmaması iddiaçının təqdim etdiyi yazılı sübutun mötəbərliyini aradan qaldırmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh aldığı pulu qaytarmadından, iddiaçı ona qarşı borcun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 528, 529.1-ci maddələri təşkil edir. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı mülki iş üzrə iş materiallarında olan Qəbzdən görünür ki, cavabdeh iddiaçıya 13.000 manat borcu olduğunu etiraf edir. Pulu ##.##.2023-cü il tarixində almışdır. Qəbzin sonunda qarşı tərəf (Cavabdeh) öz imzası ilə qəbzin məzmununda qeyd edilənləri təsdiq edir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-borcverən müəyyənləşdirilmiş borc pulu cavabdehə-borcalana vermiş, cavabdeh isə aldığı borc pulu müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərlərinə götürmüş olsa da, buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Hal-hazırda cavabdehin apellyasiya şikayətinin dəilləri aşağıdakı hissələrdən ibarətdir: -Məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmaması -Borc münasibətinin mövcud olmaması -Yazılı qəbzin sübut kimi etibarlılığı -İddiaçının tələblərini sübuta yetirməməsi Apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlil iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə bildirişlərindən və poçt reyestrindən çıxarışlardan (cild 1, vərəqlər 15, 19, 23) görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətində məhkəmə bildirişlərinin qeydiyyatda olduğu ünvana göndərilmədiyini iddia etmişdir. Halbuki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti də eyni ünvana göndərilmiş, cavabdeh həmin qətnaməni əldə etmiş və ona qarşı apellyasiya şikayəti vermişdir. Bundan başqa, iş materiallarında olan SMS bildirişinə dair məlumatdan (cild 1, vərəq 25) görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat apellyasiya şikayətində cavabdehin özünə məxsus olduğunu göstərdiyi telefon nömrəsinə də SMS vasitəsilə göndərilmişdir. Beləliklə, məhkəmə cavabdehin məhkəmə baxışı barədə lazımi qaydada məlumatlandırılması ilə bağlı üzərinə düşən prosessual vəzifəni tam həcmdə yerinə yetirmişdir. Cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qəbul edilə bilməz, çünki iş materialları onun qanunla müəyyən edilmiş qaydada məlumatlandırıldığını göstərir. Bundan əlavə cavabdeh yalnız apellyasiya şikayətində lk dəfə olaraq qəbzdəki imzanın ona məxsus olmadığını bildirmiş və bununla əlaqədar ekspertizanın təyin edilməsini xahiş etmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılması barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibət bildirməmiş, iddiaçı tərəfindən təqdim edilmiş qəbzin həqiqiliyini mübahisələndirməmiş, həmin sənədin saxta olması və ya imzanın ona məxsus olmaması barədə hər hansı etiraz irəli sürməmiş, habelə bununla bağlı ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl əsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi qanunverici sübutların yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki cavabdeh tərəf həmin sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə aydınlıq gətirməmişdir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında-birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Hazırkı mülki iş üzrə cavabdeh məhkəmə icraatının gedişi barədə lazımi qaydada məlumatlandırılmış, prosesdə iştirak etmək, etiraz və vəsatətlərini təqdim etmək imkanına malik olmuşdur. Belə olan halda, cavabdehin birinci instansiya məhkəməsində həmin qəbzi mübahisələndirməməsi və ya müvafiq vəsatətləri vaxtında irəli sürməməsi onun öz prosessual davranışının nəticəsi kimi qəbul edilməlidir. Bundan əlavə, ekspertizanın təyin edilməsi və keçirilməsi mahiyyət etibarilə yeni sübutun əldə edilməsinə yönəlmiş prosessual hərəkət kimi çıxış edir. Hazırkı iş üzrə isə cavabdeh ekspertiza keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsində irəli sürməsinin onun iradəsindən asılı olmayan səbəblərlə mümkün olmadığını əsaslandıra bilməmiş, bu xüsusda hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə şəraitdə apellyasiya instansiyasında ekspertiza təyin olunması faktiki olaraq yeni sübutun toplanmasına xidmət edir ki, bu da mülki prosessual qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərlə uzlaşmır. Məhkəmə tərkibi bu əsasla apellyasiya mərhələsində yeni prosessual tələblərin irəli sürülməsi üçün hüquqi zəminin mövcud olmadığı qənaətinə gəlir. Apellyasiya şikayətinin borc məbləğinin 3.000 manatdan artıq olduğu halda müqavilənin notariat qaydasında bağlanmalı olması barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti üç min manatdan çox olduqda həmin müqavilənin yazılı formada bağlanması tələb olunur. Qanunvericilikdə belə müqavilələrin notariat qaydasında təsdiq edilməsinin məcburi olması nəzərdə tutulmamışdır. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin imzasını daşıyan qəbzdə cavabdehin ##.##.2023-cü il tarixdə iddiaçıdan 13.000 manat məbləğində pul aldığı və həmin məbləği qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarında göstərilmişdir ki: Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən edilmiş hüquqi mövqenin Qərar qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan işlərə də şamil ediləcəyi nəzərə alınaraq, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan həmin hüquqi mövqe bu mübahisəyə də tətbiq edilməlidir. Odur ki, cavabdehin yalnız yazılı borc müqaviləsinin mövcud olmamasına istinad etməsi iddianın rədd edilməsi üçün kifayət edən əsas hesab oluna bilməz. İş materiallarında olan pul verilməsinə dair qəbz tərəflər arasında borc münasibətinin mövcud olduğu və cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qaytarmaq öhdəliyini qəbul etdiyi müəyyən edilir. Buna görə də apellyasiya şikayətinin bu hissədəki dəlilləri məhkəmə tərkibi tərəfindən əsaslı hesab edilmir. Apellyasiya şikayətinin iddiaçının tələblərini kifayət qədər sübuta yetirməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlil əsaslı hesab edilə bilməz. Qeyd edilən qəbz borc münasibətinin mövcudluğunu təsdiq edən yazılı sübut olmaqla, iddiaçının istinad etdiyi halların sübuta yetirilməsi üçün kifayət edir. Bundan başqa, apellyasiya şikayətində irəli sürülən dəlillərin özündən də görünür ki, cavabdehin mövqeyi ardıcıl və məntiqi deyildir. Belə ki, cavabdeh bir tərəfdən iddiaçıdan ümumiyyətlə pul almadığını və tərəflər arasında hər hansı müqavilənin bağlanmadığını bildirir, digər tərəfdən isə "müqavilənin həqiqətən bağlanıb-bağlanmadığının", "pulun verilib-verilmədiyinin" və "müqavilənin mövcudluğunun" araşdırılmasını tələb edir. Halbuki, əgər cavabdehin iddia etdiyi kimi ümumiyyətlə heç bir borc münasibəti yaranmamışdırsa, bu zaman müqavilənin bağlanmasının və ya pulun verilməsinin əlavə araşdırılmasının tələb edilməsi onun öz mövqeyi ilə uzlaşmır. Eyni zamanda, cavabdeh bir tərəfdən qəbzdəki imzanın ona məxsus olmadığını bildirərək ekspertiza keçirilməsini xahiş edir, digər tərəfdən isə qəbzin borc münasibətini təsdiq etmədiyini iddia edir. Bu isə apellyasiya şikayətində irəli sürülən dəlillərin bir-biri ilə ziddiyyət təşkil etdiyini, konkret hüquqi və faktiki əsaslara deyil, fərziyyələrə söykəndiyini göstərir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, iddiaçı borc münasibətini təsdiq edən yazılı sübutu məhkəməyə təqdim etmiş, cavabdeh isə həmin sübutun mötəbərliyini aradan qaldıracaq və ya borc münasibətinin mövcud olmadığını təsdiq edəcək hər hansı yol verilən və mötəbər sübut təqdim etməmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (və iddianın rədd edilməsi) üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-767/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-767/2026
23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver