Məhkəmə qərarları › İş №2(3-9)-768/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-768/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-768/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı Bəşirov İlham Sabir oğlunun cavabdeh Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İşin halları İddiaçı Bəşirov İlham Sabir oğlu Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən onun xeyrinə 820 AZN əsas borc və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında AZƏRFON şirkətinə məxsus mobil telefonların satışı üzrə rəsmi dillər mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. ## #### 2017-ci il tarixdə Salyan şəhəri B.Talıblı küçəsi ev 7 m7 də qeydiyyatda olmaqla yaşayan Cavabdeh, işlədiyi mağazaya gəlmiş, dəyəri 920 manat olan Samsung A320 modelli mobil telefonu ilkin ödəniş 100 manat olmaqla və qalan 820 manatını 10 ay ərzində ayda 82 manat olmaqla ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. Onu tanıdığı üçün razılaşmışdır. Alqı-satqı barədə Cavabdeh ilə müqavilə imzalamışlar, istədiyi mobil telefonu ona vermişdir və Cavabdeh mobil telefonu götürüb mağazadan çıxmışdır. Lakin sonralar Cavabdeh aldığı mobil telefonun borcundan heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaq Cavabdeh mağazaya qalan 820 manat borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə onun istifadəsində olan mobil nömrəsinə zənglər etmiş və onun evinə gedib borcunu istəmiş, ünvanına xəbərdarlıq məktubları göndərmiş, lakin ondan borcunu ala bilməmişdir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddia təmin edilmiş, cavabdeh Cavabdeh 820 AZN əsas borc və 31 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Bəşirov İlham Sabir oğluna verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ünvan 2 ünvanında AZƏRFON şirkətinə məxsus mobil telefonların satışı üzrə rəsmi dillər mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. ## #### 2017-ci il tarixdə Salyan şəhəri B.Talıblı küçəsi ev 7 m7 də qeydiyyatda olmaqla yaşayan Cavabdeh, iddiaçının işlədiyi mağazaya gəlmiş, dəyəri 920 manat olan Samsung A320 modelli mobil telefonu ilkin ödəniş 100 manat olmaqla və qalan 820 manatını 10 ay ərzində ayda 82 manat olmaqla ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. İddiaçı onu tanıdığı üçün razılaşmışdır. Alqı-satqı barədə Cavabdeh ilə müqavilə imzalamışlar, iddiaçı istədiyi mobil telefonu ona vermişdir və Cavabdeh mobil telefonu götürüb mağazadan çıxmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlansa da, Cavabdeh aldığı mobil telefonun borcundan heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaq Cavabdeh mağazaya qalan 820 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddia təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda cavabdeh Fransada yaşayır və birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız qərarın surətini aldıqdan sonra xəbər tutmuşdur. Onun fikrincə, iddiaçı müqavilədən irəli gələn tələblə məhkəməyə qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra müraciət etmişdir. Belə ki, müqaviləyə əsasən borcun ödənilməsi 10 ay müddətində başa çatmalı olduğu halda, iddiaçı təxminən doqquz il sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 376, 377.1 və 377.2-ci maddələrinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə bu müddətin axımı öhdəliyin icra müddəti başa çatdığı andan başlayır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək hüququnu qanunla müəyyən edilmiş müddətdə həyata keçirməmişdir. Cavabdeh eyni zamanda Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad edərək bildirir ki, iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda, həmin müddətin keçməsi məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Bu əsaslarla o, birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iddia müddətinin keçməsinə lazımi hüquqi qiymət vermədiyini və nəticədə qanunsuz qətnamə qəbul etdiyini iddia edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-6.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Bəşirov İlham Sabir oğlu Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 820 AZN əsas borc və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında mobil telefonun alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək telefonu cavabdehə təhvil vermiş, cavabdeh isə qalan 820 manat borcu ödəməməklə öhdəliyini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2.1, 448.1 və 448.2-ci maddələrinə əsaslanaraq öhdəliyin müqavilədən yarandığını, onun vaxtında icra edilməməsinin isə borclunun məsuliyyətinə səbəb olduğunu qeyd etmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edilməklə göstərilmişdir ki, iddiaçı tələbini sübut edən sənədləri təqdim etmiş, cavabdeh isə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq etiraz və ya əks sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianı təmin edərək cavabdehdən 820 manat əsas borcun və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı müqavilədən irəli gələn tələbi qanunla müəyyən edilmiş üç illik iddia müddəti keçdikdən sonra irəli sürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı halda məhkəmə prosesində onun iştirak etmədiyi üçün o, iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili istiqamətində araşdırma apararaq aşğıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti məhkəmə tərəfindən yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Deməli, iddia müddətinin keçməsi məhkəmə tərəfindən ex officio (öz təşəbbüsü ilə) tətbiq edilmir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında mövcud alqı-satqı müqaviləsi ##.##.2017ci il tarixdə bağlanılmış və alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ##.##.2018-ci il tarixə kimi müəyyənləşdirilmiş, müqavilə 10 ay müddətinə qüvvədə olmuşdur. İddia ərizəsindən görünür ki, iddia ərizəsi ##.##.2026-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı iddia ərizəsini 3 il müddətində deyil, hüquqlarının pozulduğu vaxtdan 7 il 9 ay sonra məhkəməyə təqdim etməklə, iddia müddətini 7 il 9 ay müddətində ötürmüşdür. Lakin cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə yazılı ərizə verməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə bildirişindən görünür ki, cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına işə sadələşdirilmiş icraat qaydasında baxılacağı, habelə bildirişi aldığı gündən 10 gün müddətində iddia ərizəsinə qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sübutları məhkəməyə təqdim etmək hüququna malik olması barədə məlumat verilmişdir. İş materiallarında olan poçt reyestrindən çıxarışdan müəyyən olunur ki, həmin məhkəmə bildirişi ## #### 2026-cı il tarixdə cavabdehə qanunla müəyyən edilmiş qaydada çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsinə etiraz, habelə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilməmişdir. Məhkəmə tərkibi onu da nəzərə alır ki, apellyasiya şikayətinin özündə də cavabdehin ünvanı məhz məhkəmə bildirişinin göndərildiyi ünvan kimi göstərilmişdir. Apellyasiya şikayətində cavabdehin nümayəndəsi Cavabdeh Fransa Respublikasında yaşadığını bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir (bundan əlavə, cavabdeh məhkəmə bildirişini şəxsən qəbul etməmiş olsa belə, bildiriş qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun nümayəndəsinə və ya digər səlahiyyətli şəxs vasitəsilə təhvil verilmişdir). MPM-in məhkəmə bildirişlərinin çatdırılmasını tənzimləyən normalarına görə, məhkəmə bildirişinin bu qaydada təqdim edilməsi onun lazımi qaydada çatdırılması kimi qiymətləndirilir. Odur ki, cavabdehin işə baxılması barədə lazımi qaydada məlumatlandırılmadığı və ya iddiaya etiraz vermək imkanından məhrum edildiyi barədə dəlillər əsaslı hesab edilə bilməz. Hazırkı mərhələdə iddia müddətinin tətbiq edilib-edilməməsi məsələsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, sübutların təqdim edilməsi və işin faktiki hallarının müəyyən edilməsi əsasən birinci instansiya məhkəməsində həyata keçirilir. İddia müddətinin tətbiqi barədə vəsatət də, bir qayda olaraq, işə birinci instansiya məhkəməsində baxılarkən verilməlidir. Apellyasiya instansiyasında belə vəsatətin ilk dəfə irəli sürülməsi yalnız o halda mümkün hesab edilə bilər ki, həmin tərəf birinci instansiya məhkəməsində iştirak hüququnun pozulduğunu və ya özündən asılı olmayan üzrlü səbəblərdən həmin vəsatəti vaxtında verməsinin mümkün olmadığını mötəbər sübutlarla təsdiq etsin. Hazırkı işdə isə cavabdeh birinci instansiya məhkəməsində işə baxılması barədə lazımi qaydada məlumatlandırılmış, lakin iddia müddətinin tətbiqinə dair vəsatət verməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən həmin vəsatətin birinci instansiya məhkəməsində irəli sürülməsinə mane olmuş hər hansı üzrlü səbəbin mövcudluğu da sübuta yetirilməmişdir. Belə olan halda, iddia müddətinin tətbiqi barədə vəsatətin ilk dəfə apellyasiya instansiyası məhkəməsində irəli sürülməsi üçün prosessual əsaslar mövcud olmadığından, həmin dəlil təmin edilə bilməz. Məhkəmə tərkibi qeyd etməyi vacib hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. İddiа müddətlərinin və onlаrın müəyyənləşdirilməsinin qаydаlаrını nəzərdə tutаn qаnunun tələbləri əsаsən imperаtiv xаrаkter dаşıyır. Eyni zаmаndа qаnun, məhkəmə tərəfindən iddiа müddətinin yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıxаrılаnаdək verdiyi ərizə əsаsındа tətbiq edilməsi bаrədə son dərəcə vаcib qаydаnı nəzərdə tutur. Məhkəmə qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. İş materiallarından görünür ki, işə Mülki Prosessual Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış, cavabdehə iddia ərizəsinin surəti və ona etiraz vermək hüququ barədə bildiriş qanunla müəyyən edilmiş qaydada göndərilmişdir. Cavabdeh bildiriş aldıqdan sonra MPM-nin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəməyə nə iddiaya etiraz, nə də iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia müddətini öz təşəbbüsü ilə tətbiq etməməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə tam uyğundur. Apellyasiya instansiyasında ilk dəfə iddia müddətinin tətbiqi barədə istinad edilməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. Çünki qanun iddia müddətinin tətbiqini mübahisəyə baxan məhkəmədə, qərar qəbul edilənədək tərəfin iradəsi ilə şərtləndirmişdir. Cavabdehin bu hüquqdan istifadə etməməsinin mənfi hüquqi nəticələri digər tərəfin üzərinə qoyula bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutları obyektiv qiymətləndirmiş, Mülki Məcəllənin öhdəlik hüququna dair müddəalarını və Mülki Prosessual Məcəllənin sadələşdirilmiş icraata dair normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir, onun ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar