Məhkəmə qərarları › İş №2(5-101)-767/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-101)-767/2026

18.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-767/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi dövründə aralarında bağlanan Bakı 6 saylı Mediasiya təşkilatında MŞB/6-02241 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və hüquqi xidmət haqqı üçün vəkilə ödədiyi 350 manat, ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 450 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Mediasiya prosesi dövründə aralarında Bakı 6 saylı Mediasiya təşkilatında MŞB/6-02241 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişin 2-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2014-cü il təvəllüdlü X1 anasının yanında saxlanmasına (himayəsində) qalmasına etiraz etmir və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 245 manat məbləğində alimenti Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Bildirir ki, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Aralarında barışıq sazişinin bağlanmasının üzərindən 3 ay müddət keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə üzərinə düşən aliment öhdəliyi icra edilməmişdir. Bu barədə onunla əlaqə saxladıqda 245 manat aliment məbləğinin çox olduğunu və bu səbəbdən ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, hazırda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Hesab edir ki, hüquqi xidmət haqqı üçün vəkilə ödədiyi 350 manat, ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 450 manat məbləğində pul Maraqlı şəxs alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi və bildirdi ki, aralarında barışıq sazişi bağlanmış, lakin maraqlı şəxs 3 ay (dekabr, yanvar, fevral) keçməsinə baxmayaraq hazıradək sazişi icra etməmiş, aliment ödəməmişdir. Ərizə verdikdən sonra cəmi 150 manat ödəniş etmişdir ki, bu da tərəfin dediyinə görə boşanmazdan öncə umicoda hardasa kredit götürmüşlər və həmin məbləğ borc olaraq göndərilmişdir. Mart ayın hesablamasaq 750 manat aliment ödənilməli olsa da, cəmi 150 manat ödəniş etmişdir. Uşaq anasının yanında qalır. Tərəf istədiyi vaxt uşağı ilə görüşə bilər. Bu hissələrdə tərəflər arasında mübahisə yoxdur. Yalnız aliment hissəsində sazişi icra etməkdən boyun qaçırır. Odur ki, ərizənin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, bravoda satıcı kassir işləyir, ayda 500 manat maaş alır, ayda 245 manat aliment ödəsə özü necə dolanmalıdır. Əlavə kredit borcu da vardır. O məbləğdə alimenti ödəməyə gücü çatmır. Hissə-hissə 100 manat və 150 manat aliment ödəmişdir. Sazişi bağlayanda güman edirdi ki, ödəyə biləcək, lakin sonradan gördü ki, alınmır. Maddi imkanı çatmır. Barışıq sazişini hazıradək mübahisələndirməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 170 nömrəli müqaviləyə görə 6 saylı vəkil bürosunun hesabına 350 manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri 6 saylı vəkil bürosu təsdiq etmişdir. - AZ-İİİ seriyalı 538207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-02241 №-li barışıq sazişinə əsasən: 2.1 Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə, 1141 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2.2 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı: xx.xx.2014-cü il təvəllüdlü X1 anası, birinci tərəf kimi çıxış edən Ərizəçi himayəsində qalmasına etiraz etmir. 2.3 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı: xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 10-u 245 AZN məbləğində alimenti anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2.4 Birinci tərəf kimi çıxış edən Ərizəçi birgə nikahdan doğulmuş övladı: xx.xx.2014cü il təvəllüdlü X1 atası, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs ilə maneəsiz ünsiyyətinə (görüşünə) etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nikahın pozulması, uşağın anasının yanında qalması, aliment və ünsiyyət tələbi üzrə xx.xx.2025ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində və barışıq sazişini şərtlərinə uyğun qaydada aliment hissəsində könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Digər hissələrdə hazırda mübahisə yoxdur. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-02241 №-li barışıq sazişinin aliment hissəsi aşağıdakı kimi təsdiq edilməlidir: 2.3 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı: xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 10-u 245 AZN məbləğində alimenti anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, Maraqlı şəxs ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi xidmət haqqı üçün vəkil bürosuna ödənilmiş 350 manat pul vəsaiti tutularaq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-02241 №-li barışıq sazişinin aliment hissəsi aşağıdakı kimi təsdiq edilsin: 2.3 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı: xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 10-u 245 AZN məbləğində alimenti anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi xidmət haqqı üçün vəkil bürosuna ödənilmiş 350 manat pul vəsaiti tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar