Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-204/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasından qalan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 84 nömrəli bağ sahəsində yerləşən bağ sahəsinin adına keçməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. İddiaçı tərəfindən yol verilən prosessual pozuntular: İlk növbədə qeyd edilməlidir ki, iddia etmək hüququ özündə geniş mənada iki vacib tərkib elementini – *) iddianı təqdim etmək hüququ və 2) iddianı təmin etmək hüququnu ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddianı təqdim etmək hüququ tələbin əvvəlcə bu iddiaya cavab verməli olan şəxsə (cavabdehə) qarşı qaldırılması, ardınca iddia tələbinin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla səlahiyyətli məhkəmənin (ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə), həmçinin icraat növünün seçilməsi və baxılmaq üçün verilməsi kimi mühüm prosessual hərəkətlərin məcmusunu özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən *49-cü maddəsinə əsasən, iddia ərizəsində digər məlumatlarla yanaşı, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehə qarşı yönələn tələb dəqiq və konkret şəkildə göstərilməmiş, öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əks olunmamışdır. Bundan əlavə, ərizəyə əlavə edilən sənədlərin siyahısı da iddia ərizəsində öz əksini tapmamışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məcmu şəklində təhlili nəticəsində müəyyən olunur ki, iddiaçı mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına ərizə ilə müraciət etmiş, lakin mirasın qəbulu müddəti ötürüldüyü üçün bu xahişin təmin olunması mümkün olmamış və imtina məktubu verilmişdir. İddiaçının mərhum atasının vəfatı zamanı qüvvədə olan Azərbaycan Respubllikası Mülki Məcəlləsinin *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilir, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilmir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, iddiaçının tələbi mirasın qəbulu müddətinin ötürülməsi ilə bağlı olsa da, iddiaçı miras əmlakın qəbulu müddətinin uzadılması tələbi ilə bağlı məhkəməyə müraciət etməmiş, bu müddətin hansı səbəbdən üzrlü hesab edilməsi ilə bağlı əsaslandırma aparmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətləri sahəsində qüvvədə olan imperativ göstərişlərinə əsasən, miras əmlakın qəbulunun formal (notariat orqanına ərizə verməklə) və qeyri-formal (miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) üsulları müəyyənləşdirilir. Miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş (hazırkı iş üzrə iddiaçının atasının vəfatı zamanı qüvvədə olan qanunvericilik normasının tələbləri baxımından) müddəti ötürən, yəni miras əmlakın formal qəbulu üsulunu realizə imkanını itirən vərəsənin həmin müddətin buraxılmasının üzrlü hesab edilərək uzadılması tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququndan əlavə, miras əmlakın qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ da mövcuddur. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına, mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Lakin, iddiaçı tərəfindən onun çatmaq istədiyi hüquqi nəticəyə uyğun – miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması və ya miras əmlakın qəbulu faktının müəyyən edilməsi əsaslandırma aparılmamış, mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmun tələbləri kobud şəkildə pozulmuşdur. İddia ərizəsi məhkəməyə təqdim edilərkən həmin iddianın qiyməti müəyyən edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən məbləğlər nəzərə alınmaqla dövlət rüsumu ödənilməli və bu rüsumun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iddia tələbi hər hansı qiyməti özündə ehtiva etmədiyindən və qanunla qiymətləndirilməyən iddia növünə aid edildiyindən bu tip kateqoriyadan olan tələblərlə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Təsadüfi deyildir ki, mülki qanunvericilik müəyyən edilmiş qaydada (elektron ödəniş sistemləri vasitəsilə) və məbləğdə (*00 manat) dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakimin iddia ərizəsini geri qaytarmaq vəzifəsini birbaşa təsbit etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət üçün əsas olan ərizə “iddia ərizəsi” başlığı altında deyil “ərizə” formasında təqdim edilmiş, prosessual tərəflər qismində isə “iddiaçı” və “cavabdeh” qeyd edilmişdir. Belə olan halda, ərizənin yurisdiksiyasına aid olduğu səlahiyyətli rayon (şəhər) məhkəməsi də dəqiq müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı haqqında qanunvericilik vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələrə yalnız bir halda, yəni AR MPM-nin 39.2ci maddəsində nəzərdə tutulmuş halda müstəsna aidiyyət qaydalarının tətbiqini mümkün hesab edir. Belə ki, həmin maddənin tələblərinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Bununla belə, iddiaçı tərəfindən miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddia ərizəsi ilə ərazi aidiyyətinə uyğun olaraq səlahiyyətli rayon (şəhər) məhkəməsinə, həmçinin xüsusi icraat qaydasında miras əmlakın qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə yaşayış yeri üzrə aidiyyəti məhkəməyə müraciət edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yol verilən prosessual pozuntuların hər biri iddia ərizəsinin geri qaytarılması üçün müstəqil əsas qismində çıxış edir, lakin iddia ərizəsinin geri qaytarılması pozuntuların aradan qaldırılaraq mülki prosessual qanunvericiliyin tələblərinə uyğun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Məhkəmə son olaraq nəzərə çatdırır ki, hazırkı qərardad iddiaçı tərəfindən yol verilmiş pozuntuları sonuncunun diqqətinə çatdıran məhkəmə aktı olmaqla, həmin pozuntuların qısa müddətdə aradan qaldırılaraq pozulmuş və ya barəsində mübahisə edilən hüquqların çevik və operativ müdafiəsi məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: *49.2. Ərizədə aşağıdakılar göstərilməlidir: *49.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə *50. İddia ərizəsinə əlavə edilən sənədlər. *50.*. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: *50.*.*. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); *50.*.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; Maddə *5*. İddia ərizəsinin mümkünlüyü. *5*.*. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə *52. İddia ərizəsinin qaytarılması. *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.*. iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə notariat ofisinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-103)-204/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-204/2026
16.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver