Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-271/2026 10.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi Cavabdeh1 məxsus 2003-cü il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi **********4778, ban nömrəsi WDB2110651A213933 olan, MERSEDES BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən ona - İddiaçı satılmasına dair 24 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh1 məxsus MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəllər tanımadığı şəxs olan Cavabdeh2 almışdır. Lakin alqı-satqı müqaviləsinin qeydiyyatının baha olduğundan və həmin ərəfədə kifayət qədər vəsaiti olmadığı üçün Respublikada formalaşmış adətlərə uyğun olaraq avtomaşına 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin Xüsusi notariusu X1mın xx.xx.2024-cü il tarixndə təsdiq etdiyi 7E-4848 reyestr nömrəli baş etibarnamə (6 ay 25 günlük) almışdır. Bir (1) ay avtomobili sürdükdən sonra mühərrik hissəsində nasazlıq yaranmışdır. Pul yığıb maşını düzəltdirmək istəyəndə atası rəhmətə getmişdir. Mənəvi sıxıntı bir yandan, pulsuzluq da bir yandan maşını sürməmişdir. Bu müddət ərzində aldığı etibarnamədə qüvvədən düşmüşdür. 6 aydan sonra çətinliklə də olsa, dost-yoldaşdan borc xərc edib pul toplayıb maşının matoruna 1500 manat xərc çəkərək düzəltdirmişdir. Qərara gəlmişdir ki, həmin avtomobili öz adına rəsmiləşdirsin. Belə ki, avtomaşını alarkən vəsaiti tam ödədiyindən faktiki alqısatqı baş vermişdir. Etibarnamənin imzalanma tarixi - xx.xx.2024, bitmə tarixi - xx.xx.2024. Atasının ölum tarixi - xx.xx.2024. Cavabdeh göstərilən maddələrin tələblərinə uyğun olaraq satdığı avtomobilə görə o, avtomobilin dəyərini tam ödədikdən sonra avtomaşını, avtomaşının qeydiyyat-şəhadətnaməsini ona vermişdir. Yəni faktiki olaraq onların arasında avtomobilin alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh maşını ona satmışdır. Əgər belə olmasa idi, tanımadığı adam hansı səbəbə görə ona öz avtomobilini verərdi. İndi isə Cavabdeh1 avtomobilin onun adına qeydiyyata alınması üçün alqı-satqı müqaviləsinin qeydiyyat orqanında rəsmiləşdirmək üçün gəlmir və bundan imtina edir. Daha sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Akif oğlunun iddia ərizəsinin tam təmin olunmasını və iddia ərizəsinə uyğun olaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi tərəfindən göndərilmiş İddiaçı Akif oğlunun iddia ərizəsini rəsmi qaydada poçtdan almış, oxumuşdur və məlumatlıdır. Mülkiyyətində olan MERSEDES-BENZ E320 markalı, **-GB-*** dövlət deydiyyat nişanlı avtomobili Cavabdeh2 baş etibarnamə əsasında satmışdır. Maşının açarın (mühərriki işə salan) və qeydiyyat şəhadətanaməsini Amilə təhvil vermişdir. Həmin vaxt Cavabdeh2 şəxsi işlərinin çox olduğu üçün vaxt edib gedib Baş Dövlət Yol Polisi İdarəsində rəsmiləşdirə bilməmişlər. xx.xx.2024-cü il tarixində Cavabdeh2 baş etibanamə vermişdir. Düşünmüşdür ki, gedib nə vaxtsa adına rəsmiləşdirər. Lakin Yasamal Rayon Məhkəməsindən poçt və sms bildirişi gələndən sonra məlum olmuşdur ki, Amil də maşını onun verdiyi baş etibarnamə əsasında İddiaçı Akif oğluna satmışdır. Aralarında rəsmi müqavilə olmasa da, respublikada formalaşmış adətlərə uyğun olaraq etibarnamə ilə satmış və pul almışdır. Baxmayarq ki, avtomobil onun adındadır, amma MERSEDES- BENZ E320 markalı, **-GB-*** dövlət deydiyyat nişanlı avtomobilin mülkiyyət sahibi İddiaçı Akif oğludur. Nəticə olaraq İddiaçı Akif oğlunun iddia ərizəsi əsaslıdır və tam təmin olunmalıdır. Hər hansı bir şikayəti yoxdur və gələcəkdə də iddia tələbi olmayacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, mülkiyyətçi Cavabdeh1 borcuna görə sözügedən nəqliyyat vasitəsi üzərinə həbs qoyulduğunu, lakin həmin nəqliyyat vasitəsini əldə edərkən onun üzərində hər hansı həbs olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair qüvvədən düşmüş etibarnamənin surətinə əsasən səlahiyyət verən Cavabdeh2 mülkiyyətçi Cavabdeh1 məxsus olan “Mercedes-Benz E320” markalı, **-GB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir (baş etibarnamə vermişdir). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2026-cı il tarixli arayışına əsasən Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2026-cı il tarixli arayışına əsasən Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş AZ-ll 448973 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2024-cü il tarixində Mingəçevir şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 327 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 567-ci maddəsinə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 İddiaçı 24 mart 2024cü il tarixində Cavabdeh1 mülkiyyətində olan “Mercedes-Benz E320” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Hazırda İddiaçı avtomobilin etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən ona satılmasına dair 24 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını avtomobili Cavabdeh2 alması, lakin alqı-satqı müqaviləsinin rüsumu olduğundan və həmin ərəfədə kifayət qədər vəsaiti olmadığıdan adətlərə uyğun olaraq avtomobilə baş etibarnamə (6 ay 25 günlük) aldığı, avtomobili alarkən vəsaiti tam ödədiyindən faktiki alqı-satqı baş verdiyi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan etibarnamə öz hüquqi mahiyyətinə görə mülkiyyət hüququnun ötürülməsini deyil, yalnız nümayəndəlik və nəqliyyat vasitəsi üzərində sərəncam vermə səlahiyyətini təmin edir. Bu səbəbdən, etibarnamə əsasında avtomobilin faktiki olaraq iddiaçıya verilməsi alqı-satqı müqaviləsinin bağlanması kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə nəzərə alır ki, etibarnamənin qüvvədə olma müddəti bitmiş və tərəflər həmin müddət ərzində alqı-satqı münasibətlərini rəsmiləşdirmək üçün zəruri hüquqi addımlar atmamışlar. İş materiallarından görünür ki, tərəflər arasında müvafiq qanunvericiliyə uyğun rəsmi alqı-satqı müqaviləsi bağlanmamış və dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi ilə bağlı hər hansı ödəniş qəbzi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması” tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(5-104)-271/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-271/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver