Məhkəmə qərarları › İş №2(5-104)-445/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-445/2026

11.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-445/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin üzərindən 287,44 AZN istilik borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal-2, 10 saylı binanın 2 otaqlı 30,14 kv.m olan 49 saylı mənzili Bakı şəhər İcra Hakimiyətinin xx.xx.1998ci il tarixli 658 saylı sərəncamı ilə 6 avqust 1998-ci il tarixli 023336 saylı orderlə ona verilmişdir. Buna baxmayaraq, həmin mənzildə o vaxtdan 13 may 2024-cü ilə kimi Şuşa şəhərindən məcburi köçkün düşmüş X8 öz ailə üzvləri ilə birlikdə yaşamışlar. Buna görə də, o ğz mənzilini nəzarətdə saxlaya bilməmişdir. Mənzilə istilik sistemi çəkilməmişdir. Mənzildə o vaxtdan bu günə kimi istilik sistemi olmamışdır. Bunu nəzərə almadan Cavabdeh ASC mənzilə 287,44 AZN istilik borcu hesablanmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq, axırıncı dəfə xx.xx.2025-ci ildə rəsmi ərizə ilə müraciət etsə də, bu günə kimi həmin borcu mənzilin üzərindən silmirlər. Yasamal rayon “İstiliktəchizat” İdarəsinin nəzarətçisi bildiriş xəbərdarlıq qəbzi gətirəndə nəzarətçi mənzilin istilik sisteminin olmaması barədə mənzilin fotoşəkillərini çəkmişdir. Bütün bunlara baxmayaraq, mənzilin üzərində həmin borc bu günə kimi qalır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı Cəmiyyətə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Yasamal rayonu, Yeni Yasamal 2, 10 saylı yaşayış binası 8 saylı X4 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 49 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə xx.xx.2024 cü il tarixinə 287,44 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 658 saylı sərəncamı əsasında verilmiş xx.xx.1998-ci il tarixli, 023366 nömrəli orderə əsasən İddiaçı və 4 nəfər ailəsi ilə birlikdə Bakı şəhəri, Yeni Yasamal -2, bina 10, blok 3, mərtəbə 7, 2 otaqlı, 49 nömrəli, ümumi sahəsi 30.14 kv.m. olan yaşayış sahəsini tutmaq hüququna malikdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X7, X3 və X1 qarşı zəbt olunmuş mənzilin tam boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək, X8, X6 və X2 tərəfindən Bakı şəhəri, Yeni Yasamal-2, 10 saylı evin, 49 saylı mənzilinin boşaldılması, İddiaçı Bakı şəhəri, Yeni Yasamal-2, 10 saylı evin, 49 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdən xx.xx.2026-cı il tarixinə kimi abonent kodu - **********29 olan abonent hərəkətlərinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, b.10, m.49 nömrəli ünvana, cəmi 287,44 manat istilik borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2026-cı il tarixli bildirişxəbərdarlığına əsasən abonent kodu - **********29 olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, b.10, m.49 nömrəli ünvana cəmi 287,44 manat istilik borcu yaranmışdır. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli “icra sənədinin icraatına xitam verilməsi haqqında” ərizəyə əsasən mənzilində məskunlaşan məcburi köçkünlər Şuşa şəhərinə köçürülüblər və mənzil ona təhvil verilmişdir. İcra sənədində qeyd olunan tələb tam icra olunduğundan icra sənədinin icrası ilə bağlı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə əsasən ünvan 2 ünvanı məcburi köçkünlər tərəfindən zəbt olunmuş və uzun müddət yaşamışlar. Onun mənzilə baxış keçirməyinə heç cürə imkan verməmişlər. Ona görə də, mənzildə istilik sisteminin olmaması barədə ASC-yə məlumat verə bilməmişdir. Mənzil boşaldılandan sonra ona məlum olmuşdur ki, mənzildə istilik sistemi olmaya-olmaya həmin ünvana 287,44 AZN borc hesablanmışdır. Borcun mənzildə istilik sistemi olmadığına görə silinməsinə göstəriş verilməsini və köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “İstilik enerjisinin istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarının: 1.2.1-ci bəndinə əsasən istehlakçı enerji təchizatı müəssisəsinin istilik və isti su təchizatı xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. 3.8-ci bəndinə əsasən sayğacların növbəti yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Sayğacların növbəti yoxlanılmasına görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə istehlakçı Müəssisə tərəfindən müəyyən edilən və rəsmi internet səhifəsində yerləşdirilmiş məbləğdə vəsait ödəməlidir. 4.1.4-cü bəndinə əsasən istehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qaydaların 9.5-ci və 9.6-cı bəndlərinə) əsasən tam hesablamaq və hər ay istehlakçıya məlumat (hesab) təqdim etmək (göndərmək) müəssisənin vəzifəsidir. 5.1.2-ci bəndinə əsasən istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini istehlakçıdan tələb etmək Müəssisənin hüququdur. 6.1.5-ci bəndinə əsasən istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçıların vəzifəsidir. 8.1.2-ci bəndinə əsasən müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə müəssisə istilik və isti su təchizatı xidmətlərini dayandırır. 9.2-ci bəndinə əsasən Müəssisə istehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qaydaların 9.5-ci və 9.6-cı bəndlərinə) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, subyektiv hüququn mövcudluğu müəyyən bir marağın təmin olunmasına xidmət etsə də, hər bir maraq subyektiv hüquqla qorunmur. Qanunla qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Bu baxımdan qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunu və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan sui-istifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır.O da qeyd edilməlidir ki, qanunla qorunan maraqlar sərhədsiz olmamaqla digərlərinin hüquq, azadlıq və qanuni mənafeləri ilə məhdudlaşır. Bu baxımdan maraqların özlüyündə qanunvericiliyə zidd olmaması həmin maraqların həyata keçirilməsində məhdudiyyətlərin tətbiqini istisna etmir. Odur ki, hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti,müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə uzun müddət Şuşa şəhərindən olan məcburi köçkün olan X8 ailə üzvləri ilə birlikdə yaşamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı X8, X6 və X1 qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. Lakin qeyd olunan qətnamə yalnız xx.xx.2024-cü il tarixdə icra edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, mənzildə məskunlaşmış məcburi köçkünlər Şuşa şəhərinə köçürülmüş və mənzil iddiaçıya təhvil verilmişdir. Bununla da, İddiaçı sözügedən mənzildən faktiki istifadə imkanını yalnız xx.xx.2024-cü il tarixindən əldə etmiş, bu tarixədək mənzildə yaşamamış və istilik enerjisindən istifadə etməmişdir. Cavabdeh ASC-nin xx.xx.2026-cı tarixli bildirişxəbərdalığına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, b.10, m.49 ünvanına abonent kodu **********29 üzrə 287.44 manat məbləğində istilik enerjisi borcu hesablanmışdır. Hazırda İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə hesablanmış 287,44 manat məbləğindəki borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından hesab edir ki, hazırkı iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Belə ki, subyektiv hüquq dedikdə, hüquq normasından irəli gələn və konkret şəxsə müəyyən davranışı həyata keçirmək, digər şəxslərdən müvafiq davranış tələb etmək və həmin hüququ məhkəmə qaydasında müdafiə etmək imkanı verən hüquqi səlahiyyət başa düşülür. Başqa sözlə, subyektiv hüququn mövcudluğu üçün şəxs hüquq normasının verdiyi konkret səlahiyyətə malik olmalı, həmin səlahiyyətin yarandığını təsdiq edən hüquqi əsas mövcud olmalı, bu hüququn bilavasitə özü üçün tanınması tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli mənzil İddiaçı məxsusdur. Abonent hərkətlərindən də görünür ki, tələb edilən borc mənzildə yaşayan məcburi köçkünlər X8 və onun ailəsi tərəfindən ödənilməmiş borcdur. Göründüyü kimi, iddiaçı üçüncü şəxsə aid olduğunu iddia etdiyi borcun cavabdeh tərəfindən silinməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarında olan abonent üzrə hərəkətlərdən görünür ki, istilik enerjisinə görə borc məhz mənzildə məskunlaşmış şəxslərin yaşadığı dövrdə yaranmış, həmin şəxslərin mənzildən çıxarılmasından sonra isə yeni borc hesablanmamışdır. Bu hal onu göstərir ki, istilik enerjisindən faktiki istifadə edilmiş və borc real istehlaka əsasən yaranmışdır. Digər tərəfdən, faktiki göstərilmiş kommunal xidmətlərə görə yaranmış borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, iddiaçının tələbi hüquqi baxımdan da əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı onun mənzilində ünvan 3 ünvanına müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranmış 287,44 manat borcun silinməsi tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar