Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(5-106)-322/2026 18.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT047/2025-00123 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs üzərinə götürdüyü birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü təvəllüdlü X1 hər ayın 15-ci günündən 30-cu gününədək onunla qalması hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 30 mart 2022-ci ildə Ağcabədi "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdurlar. Bu barədə 281 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. Onlar 3 (üç) il bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pozulmuş və 2025-ci ilin mart ayından ayrı yaşamaq qərarına gəlmiş və aralarında olan ailə mübahisəsi ilə bağlı mediasiyaya müraciət etmişdirlər. Mediasiya prossesi zamanı Maraqlı şəxs ilə nikahlarının pozulmasına, uşağın ananın himayəsində saxlanılmasına, uşağın yetkinlik yaşına çatana qədər hər ay bir uşağa görə ayda 200 (iki yüz) manat aliment ödəməsinə, hər ayın 15-ci günü uşağı maraqlı şəxsin ona təhvil verib hər ayın 30-cu günü geri götürməsi həmçinin gələcəkdə maraqlı şəxs ailə qurarsa uşağın ümumiyyətlə onun himayəsinə verilməsinə dair saziş bağlamışdırlar. Nikahlarının pozulmasına və onun hər ay vaxtlı-vaxtında aliment məbləğini ödəməsinə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Həmçinin Ərizəçi qeyd etmişdir ki, uşağının tərbiyəsində yaxından iştirak etmək istəyir, övladı ona çox bağlıdır, yəni uşağın onun yanında uzun müddət qalması ilə uşaq heç bir mənfi pisixoloji, mənəvi sarsıntıya məruz qalmayacaqdır. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə “Barışıq Sazişi” bağlanmışdır. Həmin barışıq sazişinin şərtinə əsasən hər ayın 15-ci günü uşağı cavabdehin ona təhvil verib hər ayın 30-cu günü geri götürməsi həmçinin gələcəkdə maraqlı şəxs ailə qurarsa uşağın ümumiyyətlə onun himayəsinə verilməsinə dair saziş bağlamışdırlar. Hazırda Maraqlı şəxs Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olsada Bakı şəhərində yaşamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT047/2025-00123 saylı barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan Ağcabədi 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025ci il tarixli, MŞA/MT047/2025-00123 saylı barışıq sazişinin 6-cı bəndində birinci tərəf Maraqlı şəxs uşaqları xx.xx.2023-cü təvəllüdlü X1 hər ayın 15 günü atası Ərizəçi ilə qalmasına etiraz etmədiyini, ailə qurduğu halda uşağı ümumiyyətlə atasına verməyə razı olduğunu və uşaqla ünsiyyətdə olmağı barədə razılığa gəlmişdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından anadan olmuş X3 xx.xx.2023-cü il təvəllüdlüdür. Yəni hazırda onun 3 (üç) yaşı tamam olmamışdır. Məhkəmə mediasiya sazişini təsdiq edərəkən onun qanunvericiliyə uyğunluğunu və tərəflərin hüquqlarının qorunmasını yoxlayır. Mediasiya sazişi bağlanarkən tərəflərin birgə nikahından anadan olmuş uşağın 2 (iki) yaşı olmuşdur. Məhkəmə hesab edir ki, uşağın mənafeyi baxımından barışıq sazişinin təsdiq edilməsi qanuna zidd hesab edilməlidir. Belə ki, uşağın yaşı, valideyinlərin mənfi keyfiyyətləri, valideyinlərin uşaqla münasibəti, uşağın hər bir valideynə bağlılığı, uşağın tərbiyyəsi və inkişafı üçün şərait, valideyinlərin maddi vəziyyəti və yaşayış şəraiti nəzərə alınmamışdır. Uşağın uzun müddət yalnız atanın yanında saxlanılması onun psixoloji və fiziki inkişafına mənfi təsir göstərə biləcəyi hallarda (məsələn ata uşağın tərbiyyəsində kifayət qədər məşğul ola bilmirsə, maddi çətinliklər varsa, yaşayış şəraiti uyğun deyildirsə) ərizəçi xüsusi icraat qaydasında mediasiya sazişinin təsdiq edilməsi barədə ərizə verməklə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunan halların nəzərə alınması üçün mütləq qaydada qəyyumluq və himayəçilik orqanın rəyi əldə edilməlidir. Bundan başqa nəzərə alsaq ki, tərəflərdən biri Bakı şəhərində, yəni ərizəçinin yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsindən təxminən 300 (üç yüz) km aralı məsafədə yaşaması xx.xx.2023-cü təvəllüdlü X1 ayın 15 (on beş) gününü bir valideyinin, 15 (on beş) günü isə digər valideyinin yanında olması onun mənafelərinə uyğun hesab edilməmələdir. Nəzərə alsaq ki, uşaq yaxın vaxtlarda təhsil müəssisələrinə (uşaq bağçasına və məktəbə) getdikdə uşağın ayın 15 gününü Bakı şəhərində, ayın yerdə qalan 15 gününü isə Ağcabədi rayonu, Hindarx qəsəbəsində olması onun mənafeinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü ildə anadan olmuş X1 hər ayın 15 günü atası Ərizəçi ilə qalmasına etiraz etmədiyini, ailə qurduğu halda uşağı atasına verməyə razı olduğu barədə razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs Bakı şəhərinə köçmüş, bu səbədən barışıq sazişinin həmin hissəsi icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən Ağcabədi 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT047/2025-00123 saylı barışıq sazişi qanuna zidd və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Ağcabədi 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT047/2025-00123 saylı barışıq sazişinin 6-cı bəndində birinci tərəf Maraqlı şəxs üzərinə götürdüyü birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü təvəllüdlü X1 hər ayın 15-ci günündən 30-cu gününədək onunla qalması hissəsinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Bundan başqa məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, uşaqla görüş və ya uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı ümumi iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355- 25-ci maddələrinin tələblərinə əsasən, qət etdi: Ərizəçi Ağcabədi 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT047/2025-00123 saylı barışıq sazişinin 6-cı bəndində birinci tərəf Maraqlı şəxs üzərinə götürdüyü birgə nikahlarından anadan olmuş xx.xx.2023cü təvəllüdlü X1 hər ayın 15-ci günündən 30-cu gününədək onunla qalması hissəsinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2(5-106)-322/2026
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-106)-322/2026
18.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver