Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-125/2026 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Nərgiz Ramiz qızı İddiaçı «borcun silinməsi» tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ X1 idarəsi tərəfindən Gəncə şəhəri, M. K. Atatürk küçəsi, bina 2a, mənzil 9 ünvanında olan evə dair maraqlı şəxs tərəfindən yazılan borcun silinməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş ərizədə prosessual sənədin adı «ərizə» kimi ifadə olunmuş, tərəflərin prosessual statusu “ərizəçi” və “maraqlı şəxs” kimi göstərilmiş, bununla da müraciət edən şəxsin onun müraciətinə icraatın hansı növündə baxılmasını tələb etdiyini müəyyənləşdirmək mümkün olmamışdır. Hüquq mübahisəsinin xarakterinə görə iddia icraatı qaydasında baxılması olan tələb xüsusi icraat qaydasında qaldırılmışdır ki, bu da Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş icraat növlərinin fərqləndirilməsi qaydalarının pozulmasıdır. Hazırki ərizənin xüsusi icraat qaydasında təqdim edilməsi prosessual baxımdan ona görə yolverilməzdir ki, xüsusi icraat yalnız mübahisəni olmadığı, yəni tərəflər arasında maddi-hüquqi ziddiyyət yaranmadığı hallarda tətbiq olunur və bu icraat növündə məhkəmə hər hansı subyektin pozulmuş və ya mübahisələndirilən hüququnu müdafiə etmir, yalnız hüquqi əhəmiyyətli faktların mövcud olub-olmadığını müəyyən edir. Halbuki konkret halda müraciət edilən tələb qarşı tərəfin hüquq və vəzifələrinə birbaşa təsir göstərən maddi-hüquqi mübahisədən irəli gəldiyindən, bu cür tələbin xüsusi icraat qaydasında baxılması qanunla istisna edilmişdir. Bu səbəbdən işin düzgün icraat növündə - iddia icraatı qaydasında qaldırılması zəruridir. Həmçinin məhkəmə prosessual qənaət prinsipi baxımından ərizədə yol verilmiş digər nöqsanları da ərizəçinin diqqətinə çatdırır. Belə ki, cavabdeh qismində hər hansı idarənin göstərilməsi baxılan halda qanunvericiliyin tələblərinə uyğun deyildir, çünki cavabdeh qismində yalnız mübahisə edilən hüquq münasibətinin subyekti olan, iddiaçının tələbini pozmuş, tanımamış və ya icrasından yayınmış şəxs çıxış etməlidir. Mübahisənin predmeti üzrə maddi-hüquqi məsuliyyət daşımayan, yalnız səlahiyyətlərini icra edən və ya texniki funksiyalar yerinə yetirən idarənin cavabdeh kimi göstərilməsi iş üzrə düzgün tərəf tərkibinin formalaşmasına mane olur və məhkəmənin qəbul edəcəyi qərarın hüquqi nəticə doğurmasını mümkünsüz edir. Həmçinin ərizənin nəticə (xahiş) hissəsinin prosessual tələblərə uyğun tərtib edilməməsi də mühüm nöqsan hesab olunur. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən məhz xahiş hissəsi məhkəmənin hansı həcmdə və hansı konkret hüquqi nəticəni təmin etməli olduğunu müəyyən edir. Həmin hissədə tələbin qeyrimüəyyən, ziddiyyətli və ya hüquqi nəticə baxımından icra oluna bilməyən formada ifadə edilməsi məhkəməyə iddiaçının iradəsini dəqiq anlamağa və iş üzrə düzgün qərar qəbul etməyə imkan vermir. Məhkəmə iddiaçının əvəzinə tələbi dəqiqləşdirmək, ona hüquqi cəhətdən formalaşdırmaq və ya mümkün qərar variantlarını seçmək səlahiyyətinə malik olmadığından, bu cür qeyri-konkret xahişlərlə müraciət edilməsi işin mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı «borcun silinməsi» tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərgiz Məmmədova
Məhkəmə qərarları › İş №2(5-121)-125/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-125/2026
12.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver