Məhkəmə qərarları › İş №2(5-123)-145/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(5-123)-145/2026

13.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(5-123)-145/2026 13.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 172 manat 80 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşadığı üç otaqlı fərdi yaşayış evi cavabdeh təşkilat tərəfindən quraşdırılmış və qeydiyyata alınmış qaz sayğacı vasitəsilə qazlaşdırılmışdır. Həmin vaxtdan etibarən iddiaçı qazdan istifadə etmiş və istehlak etdiyi qazın dəyərini mütəmadi olaraq vaxtında ödəmişdir. İddiaçının bildirdiyinə görə, 2024-cü ilin noyabr ayının sonlarında cavabdeh təşkilatın nümayəndələri onu dəvət edərək qaz sayğacına müdaxilə edildiyini bildirmişlər. Onların sözlərinə görə, qaz sayğacının yararsız hala düşməsi nəticəsində sayğacın çıxış hissəsində olan plastik boru fiziki təsir nəticəsində sınmış, yivli birləşmələr deformasiya olunmuş, bunun nəticəsində qaz sızması baş vermiş və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeydə almamışdır. Bu əsasla cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və iddiaçıdan həmin akta imza etməsi tələb olunmuşdur. Lakin iddiaçı bildirmişdir ki, nə onun, nə də ailə üzvlərinin qaz sayğacına hər hansı müdaxiləsi olmamışdır. Bundan əlavə, akt tərtib edilən zaman iddiaçı prosesdə iştirak etməmiş və sayğaca iddia olunan müdaxilə ona əyani şəkildə göstərilməmişdir. Həmin vaxt cavabdeh təşkilatın nümayəndələri ona şifahi şəkildə bildirmişlər ki, qaz sayğacı dəyişdiriləcək və bununla da məsələ həll olunacaqdır. Lakin iddiaçı göstərilən halların əsassız olduğunu hesab etdiyindən tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Sonradan iddiaçıya poçt vasitəsilə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba əsasən ona bildirilmışdir ki, qaz sayğacına müdaxilə edilməsi nəticəsində 1440 m³ həcmində itirilmiş qaz hesablanmış və buna görə iddiaçı 172 manat 80 qəpik məbləğində ödəniş etməlidir. Bu məsələ ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət edərək izahat almağa çalışsa da, ona hər hansı əsaslandırılmış cavab verilməmiş, əksinə qaz təchizatının dayandırılması ilə hədələnmişdir. İddiaçının fikrincə, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən istehlakçı qaz sayğacına edilən müdaxilə və ya sayğacın texniki nasazlığına görə məsuliyyət daşımır. Qaz sayğacının quraşdırılması, texniki vəziyyətinə nəzarət və istismara yararlılığına görə məsuliyyət qazpaylayıcı təşkilatın üzərinə düşür. Buna baxmayaraq, cavabdeh təşkilat öz üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş, əksinə iddiaçıdan əsassız olaraq cərimə tələb etmişdir. İddiaçı hesab edir ki, Cavabdeh İB Ağsu X3ı İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 040269 nömrəli akt əsasında 172 manat 80 qəpik məbləğində hesablanmış borc qanunsuz və əsassızdır. Bu səbəbdən iddiaçı məhkəmədən göstərilən məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə yazılı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının mövqeyini və iş materiallarını nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:

1. 11 iyul 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin Ağsu X3ı İdarəsinin Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın uçotunun aparılması və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmışdır. Yoxlama nəticəsində mənzilə quraşdırılmış “Elster G-4” markalı, **********6 zavod nömrəli mexaniki məişət qaz sayğacının müvafiq akt əsasında dövlət yoxlamasına göndərildiyi və aparılmış yoxlama zamanı qaz sayğacının yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Belə ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeydə almamışdır. Bu səbəbdən 1440 m³ həcmində itirilmiş qaz hesablanmış və həmin qazın dəyəri 172 manat 80 qəpik məbləğində müəyyən edilmişdir.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi saatda 4 m³, orta gündəlik iş rejimi 12 saat, hesabat müddəti isə 30 gün qəbul edilməklə uçota alınmamış qazın həcminin müəyyən edilməsi üçün hesablanma aparılmışdır. Aparılmış hesablamaya əsasən itirilmiş qazın həcmi 4 × 12 × 30 = 1440 m³ kimi müəyyən edilmiş və həmin həcmdə qazın dəyəri müvafiq qaydada hesablanmışdır.

3. İş materiallarına əlavə edilmiş 18 aprel 2025-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış “Elster G-4” markalı, **********6 zavod nömrəli mexaniki məişət qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Quraşdırılmış yeni qaz sayğacının texniki tələblərə uyğun olduğu müəyyən edilmiş və həmin sayğac abonentin istifadəsinə verilərək istismara qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 7.1-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatoru tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum), tənzimləyici və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. 17.2-ci maddəsinə əsasən reyestrə aşağıdakı məlumatlar daxil edilir: 17.2.1 müayinənin (o cümlədən təkrar müayinənin) keçirilməsinə və nəticəsinə dair məlumatlar; 17.2.2 texniki xidmətin keçirilməsinə və nəticəsinə dair məlumatlar; 17.2.3 ixtisaslaşmış podratçılara dair bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan məlumatlar. 17.3-cü maddəsinə əsasən qazpaylayıcı sistem operatoru müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. 18.1-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatoru tərəfindən müayinə ödənişsiz həyata keçirilir. 18.2-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. 18.3-cü maddəsinə əsasən müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. 18.4-cü maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin hüquqi qiymətləndirməsi:

Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları obyektiv, hərtərəfli və tam araşdıraraq aşağıdakı qənaətə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə xidmət edən qaz sayğacı qaz paylayıcısı tərəfindən quraşdırılmışdır və həmin sayğac yaşayış sahəsindən kənarda yerləşdirilmişdir. Sayğacın yaşayış sahəsindən kənarda quraşdırılması istehlakçının sayğac üzərində daimi nəzarət imkanlarını məhdudlaşdırır. İş materiallarından görünür ki, cavabdeh təşkilat tərəfindən qaz sayğacında müəyyən nasazlıq və mexaniki zədələnmə olması barədə akt tərtib edilmiş və bu əsasla iddiaçıya 1440 m³ həcmində uçota alınmamış qaz hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qaz sayğacına müdaxilənin məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verdiyini təsdiq edən hər hansı mötəbər və inandırıcı sübut təqdim edilməmişdir. Bu baxımdan sayğaca müdaxilə edilməsini və bunun nəticəsində qazın uçota alınmamasını iddia edən cavabdeh həmin halları sübuta yetirməli idi. Lakin cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini təsdiq edən hər hansı səlahiyyətli orqanın qərarı, ekspertiza rəyi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən iddiaçının təqsirli davranışı və həmin davranışla iddia olunan zərər arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Belə olan halda, yalnız qaz sayğacında texniki nasazlıq və ya mexaniki zədələnmə faktına istinad edilməklə istehlakçıya maddi məsuliyyət tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsini və bu səbəbdən qazın uçota alınmamasını təsdiq etmir. Buna görə də iddiaçıya qarşı uçota alınmamış qazın bərpası adı ilə hesablanmış 172 manat 80 qəpik məbləğində borcun tətbiq edilməsi üçün hüquqi əsas mövcud deyildir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını və iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bu səbəbdən Cavabdeh Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən tərtib edilmiş akt əsasında iddiaçının abonent kodu üzrə uçota alınmamış qazın bərpası məqsədilə hesablanmış 172 manat 80 qəpik məbləğində borcun silinməsi zəruridir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216 – 220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı abonent kodu üzrə Cavabdeh Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən tərtib edilmiş akt əsasında uçota alınmamış qazın bərpası məqsədilə hesablanmış 172 (yüz yetmiş iki) manat 80 (səksən) qəpik məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslər rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar