Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(5-123)-99/2026 06.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına əsassız hesablanmış 777 manat 60 qəpik məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən və özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin yaşayış evi üzrə qaz təchizatı ilə bağlı qaz uçot hesabı onun adına açılmış və qazın alqı-satqısı barədə müqavilə onunla bağlanmışdır. 2024cü ilin may ayında Göyçay Qaz İdarəsinin əməkdaşları onun yaşayış evini qazla təmin edən və evin həyətyanı sahəsindən kənarda yerləşən qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədilə sökərək aparmışlar. İddiaçı qeyd etmişdir ki, həmin qaz sayğacı açıq ərazidə yerləşmiş, heç bir qoruyucu vasitə ilə təmin edilməmiş və onun birbaşa nəzarət imkanından kənarda quraşdırılmışdır. Bir müddət sonra ona təqdim edilmiş qaz borcu barədə hesablamada qaz sərfiyyatı üzrə məbləğin əhəmiyyətli dərəcədə artıq olduğunu müəyyən etmiş və bunun səbəbini öyrənmək məqsədilə qaz idarəsinə müraciət etmişdir. Qaz idarəsində ona bildirilmişdir ki, yaşayış evindən sökülərək laborator müayinəyə göndərilmiş qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan hissəsində əzilmə müəyyən edilmiş və bu hal sayğaca kənar müdaxilə edilməsi kimi qiymətləndirilmişdir. Bunun əsasında iddiaçıya 777 manat 60 qəpik məbləğində cərimə hesablanmışdır. İddiaçı həmin hesablanma ilə razılaşmadığını bildirərək göstərmişdir ki, qaz sayğacı açıq ərazidə, lazımi qoruyucu vasitələrlə təmin edilmədən və qaydalara uyğun olmayan şəkildə quraşdırılmışdır. Bu səbəbdən sayğacın texniki vəziyyətinə görə məsuliyyətin onun üzərinə qoyulmasını qanunsuz hesab edir. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, yaşayış evindən sökülmüş qaz sayğacı onun iştirakı təmin edilmədən laborator müayinədən keçirilmişdir. Onun fikrincə, sayğacın müayinəsinin onun iştirakı olmadan aparılması həmin yoxlamanın obyektivliyi və düzgünlüyü ilə bağlı şübhələr yaradır. İddiaçı hesab edir ki, cavabdeh qurum ona qarşı qanunsuz şəkildə cərimə tətbiq etmiş və bununla da onun qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək iclasda iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına maneə yaratmır və buna görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. İş materiallarından əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:
1. 30 may 2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın uçotunun aparılması və Təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmışdır. Yoxlama nəticəsində qaz sayğacının laboratoriyada müayinəsi zamanı sayğacın hesablama mexanizminin qapağının yan hissəsində əzilmə aşkar edilmiş və bu hal sayğaca kənar müdaxilə edilməsi kimi qiymətləndirilmişdir.
2. İş materiallarına əlavə edilmiş 7 may 2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Quraşdırılmış yeni qaz sayğacının texniki tələblərə uyğun olduğu müəyyən edilmiş və həmin sayğac abonentə təhvil verilmişdir.
3. Məhkəməyə təqdim edilmiş Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı Göyçay Xidmət Sahəsinin abonent bazasında qeydiyyatda olan abonent kodu üzrə 6480 m³ həcmində itirilmiş qazın bərpasına görə müvafiq məbləğdə ziyan hesablanmışdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 7.1-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatoru tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum), tənzimləyici və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. 17.2-ci maddəsinə əsasən reyestrə aşağıdakı məlumatlar daxil edilir: 17.2.1 müayinənin (o cümlədən təkrar müayinənin) keçirilməsinə və nəticəsinə dair məlumatlar; 17.2.2 texniki xidmətin keçirilməsinə və nəticəsinə dair məlumatlar; 17.2.3 ixtisaslaşmış podratçılara dair bu Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan məlumatlar. 17.3-cü maddəsinə əsasən qazpaylayıcı sistem operatoru müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. 18.1-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatoru tərəfindən müayinə ödənişsiz həyata keçirilir. 18.2-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. 18.3-cü maddəsinə əsasən müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. 18.4-cü maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşayış sahəsinə xidmət edən qaz sayğacı fərdi yaşayış evindən kənarda quraşdırılmışdır. Qaz sayğacının yaşayış sahəsindən kənarda yerləşdirilməsi həmin sayğac üzərində istehlakçının daimi nəzarət imkanlarını məhdudlaşdırır. Bu halda, sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılması və onun qorunmasının təmin edilməsi üzrə məsuliyyət qaz paylayıcısı olan cavabdeh qurumun üzərinə düşür. İş materiallarından görünür ki, qaz sayğacında kənar müdaxilə əlamətlərinin aşkar edilməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş akt mövcuddur. Lakin cavabdeh tərəfindən sayğaca müdaxilənin məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verdiyini təsdiq edən hər hansı mötəbər və inandırıcı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, istehlakçı tərəfindən qaz sayğacına kənar müdaxilə edilməsinin sübuta yetirilmədiyi şəraitdə, kifayət qədər hüquqi əsas olmadan itirilmiş qazın bərpası adı ilə hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının qaz sayğacına müdaxilə etməsi faktını təsdiq edən hər hansı səlahiyyətli orqanın qərarı və ya mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız qaz sayğacında müəyyən edilmiş texniki qüsura istinad etməklə iddiaçıya maddi məsuliyyətin tətbiq edilməsi qanunun qeyd olunan tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yalnız sayğacın mexaniki zədələnməsi faktına istinad edilməklə istehlakçıya maddi məsuliyyət tətbiq edilməsi hüquqi əsaslara söykənmir və qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə əsasən zərərin ödənilməsi üçün aşağıdakı elementlər mövcud olmalıdır: hüquqa zidd davranış zərərin mövcudluğu səbəbli əlaqə təqsir Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının təqsirli davranışı və həmin davranışla iddia olunan zərər arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Bu səbəbdən iddiaçıdan maddi ziyanın tutulması üçün mülki hüquqi məsuliyyətin zəruri elementləri mövcud hesab edilə bilməz. İstehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi barədə yalnız ehtimal xarakterli nəticələrə əsaslanaraq ona maddi məsuliyyət tətbiq edilməsi ədalətlilik və hüquqi müəyyənlik prinsiplərinə uyğun hesab edilə bilməz. Beləliklə, məhkəmə tərəflər tərəfindən təqdim edilmiş sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bu səbəbdən, Cavabdeh Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən tərtib edilmiş akt əsasında iddiaçının abonent kodu üzrə itirilmiş qazın bərpası məqsədilə hesablanmış 777 manat 60 qəpik məbləğində borc silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216 – 220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Cavabdeh Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent kodu üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 777 manat 60 qəpik məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslər rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Camalzadə