Məhkəmə qərarları › İş №2(5-124)-173/2026

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(5-124)-173/2026

20.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(5-124)-173/2026 20.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçılar İddiaçı1, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nisan Patrul” markalı, **-VS-*** dövlət qeydiyyatlı və VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və QAZ-31029 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış .......-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarına nəzər yetirdikdə iddia ərizəsinə qoşma kimi qeyd edilən sənədlərin iş materiallarında olmadığı müəyyən olunmuşdur. Qeyd edilən xüsusatla bağlı xx.xx.2026-cı il tarixli məhkəmə əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Bununla da iddiaçı məhkəməyə iddia ərizəsini verərkən qanunvericiliyin tələbinə riayət etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Habelə, rüsuma dair qəbzdən görünür ki, iddiaçı dövlət rüsumunu Gəncə Apellyasiya Məhkəməsinin hesabına ödəmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsində qeyd edilmişdir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin qiymətləndirilməyən iddia olduğu halda 100 manat dövlət rüsumu tutulur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Odur ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçılar İddiaçı1, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar