Məhkəmə qərarları › İş №2(5-136)-233/2026

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(5-136)-233/2026

19.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(5-136)-233/2026 19.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsi Cavabdeh maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax rayonu Canallı Bələdiyyəsinin 2010-17-ci illərdə Bələdiyyə sədri işləmiş X2 ilə cavabdeh arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqımüqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsində göstərilmişdir ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki işin faktiki hallarından görünür ki, 12 iyul 2017-ci il tarixdə Canallı Bələdiyyəsi tərəfindən qərar qəbul edilmiş, daha sonra isə Qazax rayon Canalı bələdiyyəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Qazax rayonu Canallı Bələdiyyəsinin sabiq sədri X1 xidməti dövrü ərzində, göründüyü kimi alqı-satqı inzibati orqanın qərarı əsasında həyata keçirilmiş, alqı-satqı müqaviləsini bağlayan tərəf məhz inzibati orqan olan bələdiyyə olmuşdur. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən aşkar görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fiziki şəxslərə verilməsi bələdiyyə qərarı və tərəflər arasında bağlanmış müqaviləsi əsasında həyata keçirilir. Hazırki mübahisədə məhz bələdiyyənin bu hərəkətləri (hərəkətsizliyi) ilə bağlıdır. Məhkəmə müəyyən edir ki, hazırki iddia üzrə yaranmış mübahisə öz mahiyətinə görə mülki-hüquqi deyil, publik-hüquqi münasibətlərdən irəli gəlir. Belə ki, 2017-ci il tarixdə Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin satılması barədə qərar Qazax rayon Canallı Bələdiyyəsi tərəfindən qəbul edilmiş, həmin qərarın icrası olaraq torpaq sahəsi Cavabdeh notariat qaydasında alqı-satqı müqaviləsi əsasında satılmışdır. Alqı-satqı müqaviləsində satıcı qismində bələdiyyə adından inzibati orqan bələdiyyə sədri, alıcı qismində isə fiziki şəxs çıxış etmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaq sahələrinin ayrılması və satılması zamanı bərabərhüquqlu mülki münasibət iştirakçısı kimi deyil, qanunda ona verilmiş publik hakimiyyət səlahiyyətlərini həyata keçirən yerli özünüidarəetmə orqanı kimi çıxış edir. Bu baxımdan torpaq sahəsinin satılması barədə qəbul edilmiş bələdiyyə qərarı hüquqi mahiyyətinə görə inzibati akt hesab olunur. Hazırki iddia tələbi əvvəlki bələdiyyə sədrinin dövründə qəbul edilmiş torpaq sahəsinin ayrılması və satılması ilə bağlı hərəkətlərin (hərəkətsizliyin) qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyini, inzibati prosedur qaydalarına riayət olunmadığını əsas gətirərək, həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, bu iddia faktiki olaraq bələdiyyənin qəbul etdiyi inzibati aktın hüquqiliyinin yoxlanılmasına, həmin aktın qəbul edilməsi zamanı inzibati prosedur normalarına əməl olunub-olunmamasının qiymətləndirilməsinə yönəlmişdir. Bu isə tərəflər arasında yaranmış mübahisənin publik-hüquqi xarakter daşıdığını və mübahisənin inzibati mübahisə olduğunu göstərir. Alqı-satqı müqaviləsi müstəqil mülki iradənin ifadəsi deyil, məhz inzibati aktın icrası nəticəsində bağlanmışdır və onun etibarlılığı inzibati qərarın hüquqiliyindən irəli gəlir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia publik hüquqi münasibətlərdən irəli gəlmiş, inzibati aktın hüquqiliyinin mübahisələndirilməsinə yönəlmiş, inzibati prosedur qaydalarının pozulmasına əsaslanmışdır. Bələdiyyə sədrinin kollegial qərar olmadan və müvafiq iclas keçirmədən bələdiyyə torpağını özgəninkiləşdirməsi, onun publik-hüquqi səlahiyyətini qanunszu icra etməsi kimi qiymətləndirilməli və bu münasibət inzibati orqanın hərəkətindən irəli gələn inzibati mübahisə hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında aşağıdakı qaydada göstərilmişdir: Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, iddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsinə qaytarılmalı və həmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Qazax Rayon Kosalar Bələdiyyəsinə qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar