Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(5-139)-36/2026 04.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdiyi 16 fevral 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2229 manat 12 qəpik borcun abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. 16 fevral 2024-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları yaşadığı ünvana gedərək mənzilə baxış keçirmiş və onun sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş və 16 fevral 2024-ci il tarixdə “0391102” nömrəli akt tərtib edilmişdir. Aktla razı olmadığından onu imzalamaqdan imtina etmişdir. Həmin akt qanunsuz və əsassızdır. Həmin akt əsasında xx.xx.2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilmiş və 18576 kub metr qazdan istifadəyə görə 2229 manat 12 qəpik məbləğində borc hesablanmışdır. O, zərər məbləği ilə razılaşmır. Bu barədə dəfələrlə öz etirazını Quba rayonunda yerləşən idarəyə gedərək bildirmişdir. O, qaz xəttinə kənar təsir göstərməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.50-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan dəyişiklik 01 may 2022-ci ildən qüvvəyə minmişdir. Həmin maddə də göstərilir ki, «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qeyd olunan qanunun tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, imkasızlıqdan dolayı, maddi cəhətdən çatdıra bilmədiyi üçün qazdan sayğacdan kənar istifadə etmişdir. Qaz pulunu ödəməyə imkanı olmadığından belə hərəkətə yol vermişdir. Hesablanmış ziyan məbləği yüksək olduğuna görə ödəyə bilmir, ödəniləcək məbləği onun maddi vəziyyətinə uyğunlaşdırılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, 16 fevral 2024-cü il tarixdə İddiaçı qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına baxış keçirilmiş və qaz borusuna gecə saatlarında müdaxilə edilməsi müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və 2229 manat 12 qəpik məbləğində ziyan hesablanmışdır. İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan qaydalara tam uyğun hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda Cavabdeh nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, abonent İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsi ilə bağladığı “Məişət qaz qurğusundan istifadə edən abonentlə qazpaylayı arasında qazın alqı-satqı “müqavilə”si əsasında öz evində təbii qazdan istifadə etmişdir. 16 fevral 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan Qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış şöbəsinin işçiləri tərəfindən abonent İddiaçı yaşadığı evdə qaz xətlərinə və qaz işlədici cihazlara baxış keçirən zaman abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qanunsuz təbii qazdan istifadə etdiyini müəyyən etmişlər. Bu hal aşkarlanan zaman video və foto çəkilişlər həyata keçirilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalarının pozulması barədə” akt tərtib edilmiş, abonentin qaz işlədici cihazlarına uyğun olaraq 18576 m3 miqdarında və ya 2229 manat 12 qəpik məbləğində itirilmiş qazın bərpası ziyanı abonent koduna daxil edilmişdir. Belə ki, qaz işlədicilərdən iki gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, 32 kv-lik kombinin maksimal saatlıq qaz sərfi 3,5 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 0,8 x 12 x 360 = 3456 m3 ; 3,5 x 12 x 360 = 15120 m3 cəmi 18576 m3 və ya 18576 m3 x 0,12 manat = 2229 manat 12 qəpik itirilmiş qazın bərpası üçün ziyan məbləğidir. Lakin İddiaçı 2229 manat 12 qəpik məbləğində borcun silinməsinin tələb etməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, etirazı nəzərdən keçirib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı mənzilinə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkarlanmışdır; xx.xx.2024-cü tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 18576 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən istehlakçı kimi İddiaçı müəyyən olunmuş müddətdə istifadə olunmuş qazın həcminə görə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən iddiaçının yaşadığı evə baxış keçirilərkən abonentin qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi müəyyən edilmişdir. Nəticədə 18576 m3 həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt əsasında İddiaçı 2229 manat 12 qəpik məbləğində təbii qaz sərfiyyatı borcu hesablanmışdır. İddiaçı tərəf həmin borc hesablanarkən cavabdeh tərəfindən istehlakçılara verilən təbii qazın standartlara uyğun hesablanmaması ilə bağlı iddia irəli sürsə də, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişlərdə İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmiş, bununla da, İddiaçı evində qanunsuz yolla təbii qazdan rezin boru vasitəsi ilə istifadə etməsi halı öz əksini tapmışdır. Bununla da, İddiaçı qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, məhkəmə iclasında İddiaçı evində qanunsuz yolla təbii qazdan rezin boru vasitəsi ilə istifadə etməsini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh ASC-nin qanunsuz hərəkətlərinin mövcud olması və bu hərəkətlər nəticəsində İddiaçı əsassız borcun hesablanması ilə bağlı hər hansı tutarlı sübut məhkəməyə təqdim edilmədiyindən, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(5-139)-36/2026
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(5-139)-36/2026
04.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver