Məhkəmə qərarları › İş №2(5-145)-176/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-176/2026

03.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-176/2026 03.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddia tələbi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 oktyabr 2025-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 6134 m3 qaz sərfiyyatına görə hesablanmış 1782.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları xx.xx.2025-ci il tarixdə yaşadıqları evi təbii qazla təchiz edən qaz xəttinə, sayğaca baxış keçirmişlər və sayğacı yenisi ilə əvəz etmişlər. Qaz İdarəsi sayğacı apardıqdan sonra iştirakı olmadan 22 oktyabr 2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, aktda sayğacda olan qüsur kimi “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu.” göstərilmişdir. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 6134 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğac açılıb aparılarkən plombu üstündə olub və sayğaca nəzarəti cavabdeh etməlidir. Hər ay nəzarətçi sayğaca baxış keçirmiş, heç bir nöqsan aşkar etməmiş, sərfiyyata uyğun işlədilmiş təbii qazın dəyərini ödəmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır. İş materialları “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, sifarişçi İddiaçı (abonent kodu – **********020000) məxsus fərdi yaşayış evində həyət xaricində yerləşən qaz sayğacı növbəti dövlət yoxlaması səbəbilə çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli, DYM1809/2025/05 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 1809/2025 nömrəli akta əsasən Almaniya istehsalı, G-4 markalı, 10324171 zavod seriya nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına qəbul edilmiş və ekspertiza nəticəsi “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu.” kimi qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, xx.xx.20225-ci il tarixdə istehlakçı İddiaçı məxsus Masallı Rayonu Qasımlı kəndində fərdi yaşayış evində təbii qazın uçotu və təbi qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və nöqsan kimi “xx.xx.2025-ci il tarixli 1809/2025 nömrəli Akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu.”göstərilmiş və itirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus (abonent kodu – **********020000) Masallı rayonu Qasımlı kəndində yerləşən sayğacda olan qüsura görə 6134 m3 həcmində dəymiş zərər hesablanmışdır. Qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 kub/metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, X3 24 litr maksimal saatlıq qaz sərfi 2.4 kub/metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, Kombi 24 kw maksimal saatlıq qaz sərfi 2.6 kub/metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 72 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. **********020000 kodlu abonentin saldosundan görünür ki, abonentə 2025-ci ilin oktyabr ayında“qalıq və aktlar”a əsasən 1782.20 manat məbləğində borc hesablanmışdır. İşin halları Məhkəmə araşdırması zamanı müəyyən olunmuşsur ki, İddiaçı qız **********020000 kod üzrə təbii qazdan istifadə edən abonentdir. Cavabdeh iddiaçının abonent olduğu ünvanı təbii qazla təchiz edir. Cavabdeh tərəfindən İddiaçı abonent olduğu ünvan üzrə sayğac yoxlamadan keçirilmiş, abonentə məxsus sayğac yenisi ilə əvəz edildikdən sonra köhnə sayğac yoxlanılarkən xx.xx.2025-ci il tarixli 1809/2025 akt əsasında sayğacda bir sıra qüsurlar sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə bu yoxlama nəticəsi əsasında təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bu akta əsasən 6134 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 1782.20 manat məbləğində borc abonentin hesabına yazılmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı da hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (8 iyul 2025-ci il tarixli, 233-VİİQ nömrəli) Maddə 11. Qazın paylanması 11.4. Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır: 11.4.4. istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək. Maddə 13. Qazın istehlakı 13.4. İstehlakçıların vəzifələri aşağıdakılardır: 13.4.6. sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək. 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 18. Müayinə 18.4. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq olunduqda qaz paylayıcısı vurulmuş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi

İşin hаllаrındаn göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilərək sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar sayğaca istehlakçı tərəfindən olunan müdaxilə kimi qiymətləndirilərək dəymiş zərər akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz. Belə ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsində qeyd edilir ki, ... Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir... Həmçının həmin Qanunun 11.4.4-cü maddəsində qazpaylayıcı sistem operatorunun məhz istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ təsbit olunmuşdur. Göründüyü kimi, cavabdeh qismində çıxış edən qaz paylayıcısı Cavabdeh tərəfindən sayğaca müdaxilə halının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə sayğaca müdaxilədə istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə cavabdeh tərəfindən məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. İddiaçı tərəfindən sayğaca müdaxilə halı sübuta yetirilmədiyindən o, məsuliyyət daşımamalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent tərəfindən vuruluduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə hissə

Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu – **********020000) 22 oktyabr 2025-ci il tarixli, ******* saylı akta əsasən 6134 m3 qaz sərfiyyatına görə hesablanmış 1782.20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq və sadalanmış normaları hazırkı iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ödənilməli olan 37,82 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu – **********020000) 22 oktyabr 2025-ci il tarixli, ******* saylı akt əsasında 6134 m3 qaz sərfiyyatına görə hesablanmış 1782.20 (min yeddi yüz səksən iki manat iyirmi qəpik) manat borc silinsin. 37.82 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar