Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-1197/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, pretenziya) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, AN-İ 13800149 nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
5. Belə ki, qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməlidir.
6. Lakin iş materiallarına iddiaçı tərəfindən sözügedən müqaviləyə dair aralarında yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq (pretenziya) göndərilməsini, həmin məktubun cavabdehə çatdırılmasını təsdiq edən sənədi (poçt qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir.
7. Göründüyü kimi İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına da riayət etməmişdir.
8. Odur ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
9. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Pərvin İmamverdiyeva