Məhkəmə qərarları › İş №2(5-155)-1534/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-1534/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-1534/2026 19.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı öhdəliklərin yerinə yetirilməsi və zərərin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliklərin yerinə yetirilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinin müəyyən edilməsini, cavabdehdən satış qiymətinə uyğun olaraq maddi zərərin və məhkəmə xərclərinin tutulmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Qanunun qeyd edilən tələblərindən görünür ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

5. “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə” elektron çıxarışdan görünür ki, Cavabdeh (VÖEN: **********) hüquqi ünvanı AZ5800, Şuşa rayonu, ev X1.

6. Göründüyü kimi iddiaçı Şuşa Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, səhvən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.

7. Odur ki, cavabdehin rəsmi qeydə alındığı yer Sumqayıt şəhəri olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.

8. Bundan başqa iddiaçı ərizəsində mənzilin satış qiymətinə uyğun dəymiş ziyanın ödənilməsini xahiş etsə də, həmin ziyanın məbləğini dəqiq müəyyən etməmiş, tələbi təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir.

9. Beləliklə, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə və tələb qeyridəqiq göstərildiyinə görə geri qaytarılmalıdır.

10. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı öhdəliklərin yerinə yetirilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar