Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-280/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağlar massivi ünvanında yerləşən 38 nömrəli bağ evinin **********00380 abonent kodu üzrə əsassız olaraq hesablanmış 800 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 38 ünvanında illərdir ki yaşayır. Həmin ev anası Minəxanım Məmmədəliyevin mülkiyyətində olmuş və anası 2007-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Onun yaşadığı müvafiq ərazidə illərlə qaz olmamış, edilən saysız şikayətlərin ardınca təxminən 2018-ci il tarixdə yaşadıqları əraziyə qaz çəkilmişdir. Həmin tarixdən etibarən istifadə etdikləri qaz sayğacı yaşadığı evin çölündə, yəni ümumi həyətdə olmuşdur və heç bir zaman sayğaca tərəfindən müdaxilə olunmamışdur. O, son bir neçə ay ərzində qazdan istifadə edilməsi məqsədilə smard karta müvafiq məbləğlər köçürməyinə baxmayaraq kartda olan məbləğlə verilən qazın miqdarının üst-üstə düşmədiyini anlamışdır. Belə ki, karta ödədiyi məbləğlər çox olmasına baxmayaraq verilən qazın miqdarı az olmuşdur. Buna görə də o, Cavabdehnə bununla bağlı müraciət etmiş və ona 13 dekabr 2018-ci il tarixli sənəd təqdim edilməklə Cavabdehnə 800 manat borcu olduğu bildirilmişdir. Cavabdeh tərəfindən 13 dekabr 2018ci il tarixdə tərtib edilmiş sənəddə qeyd olunmuşdur ki, guya Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 38 nömrəli bağ evində sayğacdan kənar xətt aşkar olunmuş və sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, həmçinin qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3 saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Ümumillikdə 8100 m3 hesablanmışdır. Cavabdeh tərəfmdən tərtib edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda isə eyni xüsusatlar qeyd olunaraq guya sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlandığı qeyd olunmuşdur. Onun həmin aktdan xəbəri olmamışdır, belə ki, həmin akt ona ümumiyyətlə təqdim olunmamışdır. O, 2018-ci il tarixli akt ilə ilk dəfə 2026-ci ilin yanvar ayında tanış olmuşdur. Həmçinin, nə o, nə də ki anası tərəfindən sayğacdan kənar qaz xətti çəkilməmişdir. O, hazırda həmin borc məbləğini qanunsuz və əsassız olduğuna görə qəbul etmir, həmçinin həmin məbləği ödəməyə də maddi imkanı yoxdur və gəlir mənbəyi mövcud deyildir. Həmçinin, qeyd edir ki, o, qanuni olaraq hesablanmış kommunal xərclərini hər zaman tam vaxtında ödəyir. Həmin borc məbləği əsassız olaraq hesablanmışdır.
b) iddiaya etiraz
3. Cavabdeh xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(5-155)-280/2026 saylı mülki iş üzrə İddiaçı 800 manat borc məbləği əsassız olduğu üçün silinməsi tələbi ilə bağlı iddia qaldırmışdır. İş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edirlər. Belə ki, iddiaçıya məxsus Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır. Qanunsuz istifadə barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi üçün 8100 m3 təbii qaz sərfi – 810.00 manat dəymiş ziyan məbləği hesablanmışdır. Hal-hazırda iddiaçının təbii qazdan istifadəyə görə yaranmış faktiki borcu 775.50 manat təşkil edir və iddiaçının istifadəsində olan **********00380 saylı abonent saldosunda (borcun olub-olmamasını təsdiq edən sənəd) öz əksini tapmışdır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan əsaslarla 2(5-155)-280/2026 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı qeyd etdi ki, sayğac mənzildən kənarda yerləşir. Sayğaca heç bir müdaxilə etməmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, müraciətləri əsasında 2018-ci ilin əvvəllərində onun yaşadığı mənzilə sayğac quraşdırmaq üçün cavabdehin nümayəndələri gəlmişlər. Bu zaman rezin boru quraşdırmışlar. Cavabdehin nümayəndələrinin bu hərəkətlərini başa düşə bilməmiş, nə etdiklərini soruşmuşdur. Ona narahat olmamağını bildirmişlər. Daha sonra sayğacın rezin boru ilə şəklini çəkmişlər. Bundan sonra rezin borunu söküb gəldikləri maşının arxasına atmış, dəmir turbalar vasitəsilə qazı calayıb getmişlər. Bu, birinci hal deyil. Həmin ərazidə neçə nəfərin başına bu hadisə gəlmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçıya məxsus ünvanda sayğaca baxış keçirilən zaman rezin borudan istifadə edərək sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmış, bu barədə akt tərtib edilmişdir. Həmin pozuntuya dair fotoşəkil elektron sistemə əlavə edilmişdir. Lakin həmin vaxt videoçəkiliş aparılması məcburi olmadığından təqdim etmələri mümkün deyildir. İddiaçı hazırda iddia edir ki, guya kənar xətt cavabdeh tərəfindən çəkilərək bu cür görüntü yaradılmış, daha sonra iddiaçıya borc yazılmışdır. İddiaçının dedikləri ağlabatan deyil və özünümüdafiə xarakteri daşıyır. Həmçinin, qeyd etdi ki, sayğac smart tipli sayğac olduğundan hər ay bildiriş verilərkən pozuntunun aşkar edilməsi mümkün deyil. Sözügedən pozuntu xx.xx.2018-ci il tarixdə yoxlama zamanı aşkar edilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, itirilmiş qazın bərpası ilə bağlı hesabat qış aylarına təsadüf etdiyindən orta günlük iş rejimi 18 saat olmaqla hesablanmışdır. Hesabat müddəti isə 180 gün götürülmüşdür.
Əsaslandırıcı hissə
a. mülki işin materialları
6. xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, sayğaca baxış keçirilmiş və sayğacdan kənar rezin boru vasitəsilə qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir.
7. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi 38 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8100 m3 müəyyən edilmişdir. İcra olunacaq tədbirlər: sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması.
8. Abonent saldosundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi 38 üzrə **********00380 nömrəli abonent kodlu abonent İddiaçı hesabına 810 manat borc akt üzrə hesablanmışdır. b) mülki iş üzrə tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 6.5. Qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
c) məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
15. İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana qaz təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00380 nömrəli abonent kodu açılmışdır.
16. İddiaçı barəsində cavabdeh tərəfindən əsassız akt tərtib edildiyini və müqabilində yazılmış 800 manat məbləğində borcun silinməsi xahiş etmişdir.
17. Araşdırılan işdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********00380) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuş, bununla əlaqədar olaraq akt tərtib olunmuş, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir.
18. İddia tərəfindən qanunsuz qoşulma faktı inkar edilsə də, məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır. Belə ki, xx.xx.2018-ci il tarixdə smart tipli sayğacın quraşdırılması zamanı cavabdehin nümayəndələri tərəfindən rezin borunun yerləşdirilməsi, həmin şəklin çəkilməsi, dərhal sonra rezin borunun sökülməsi, həmin fotoşəklin cavabdehdə 8 ay saxlanılması və qəsdən xx.xx.2018-ci il tarixdə köhnə fotoşəkil əsasında akt tərtib edilərək borc yazılması ağlabatan görünmür. İddiaçı tərəfindən qanunsuz xəttin məhz cavabdehin əməkdaşları tərəfindən qəsdən süni sübut yaratmaq məqsədilə çəkilməsi faktını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
19. İş materiallarından aşkar olunur ki, həqiqətən də iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq akt tərtib etmiş, lakin dəymiş ziyanın bərpasına dair tədbirlər həyata keçirməmişdir.
20. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və aktla) sübut olunur.
21. Lakin Cavabdeh İB tərəfindən iddiaçının yaşadığı (abonent kodu: **********00380) Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi 38 ünvanında təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Cavabdeh İB tərəfindən hərəkətsizlik edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə riayət edilməmiş, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.
22. Məhkəmə iş materiallarına istinad edərək qeyd edir ki, iddiaçının ünvanına Cavabdeh İB-in əməkdaşları tərəfindən ilk dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilərkən həmin ünvanda abonentin rezin boru vasitəsilə təbii qazdan istifadə etməsi faktı aşkarlanmış və fakt eyni tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz işlədicilərinə daxili borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 8100 m3 müəyyən edilmişdir.
23. Məhkəmə bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 180 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.
24. Məhkəmə hesab edir ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Bu cür hesablama aparıldıqda (2.5 m3/saat X 18 saat X 90 gün X 10 qəpik = 405 manat) vurulmuş ziyanın məbləği xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akt üzrə 405 manat həcmində müəyyən olunur.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının abonent koduna əsassız daxil edilmiş 405 (810-405=405) manat məbləğində borc silinməlidir.
26. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. İddiaçı iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyindən (9.1.5) 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir,
Nəticə hissəsi:
28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, bağ evi 38 ünvanına (abonent kodu: **********00380) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun 405 manat hissəsi Cavabdeh tərəfindən silinsin. 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva