Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-680/2026 09.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi ilə bağlı mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəçi tərəfindən aidiyyət normalarına riayət edilmədiyindən, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 317.3-cü maddəsində müəyyənləşdirilmişdir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Məhkəmələrinin elektron məhkəmə informasiya sistemindən barəsində fəaliyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilmiş şəxsin şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan belə məlum olur ki, X2 “Füzuli şəhəri, PMK-15 qəsəbəsi” ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsan aradan qaldırılmaqla və yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(5-155)-680/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-680/2026
09.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver