Məhkəmə qərarları › İş №2(5-155)-688/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-688/2026

06.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-688/2026 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi Mövsum oğlunun maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: geri qaytarma, rüsum, forma məzmun) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, Ərizəçi Mövsum oğlunun maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb

1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir; Maddə 108.3. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.

5. Belə ki, qanunvericiliyin tələbinə görə hazırkı ərizənin verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində rüsum ödənilməli idi.

6. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz və ya dövlət rüsumu ödənilməsindən azad edilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir.

7. Bundan başqa MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

8. İşdə olan xx.xx.2025-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın qısa anamnez bölməsindən görünür ki, bir neçə ildir ki, özünü xəstə hesab edir və bir neçə dəfə ambulator müalicə almışdır.

9. Həmçinin, ərizənin məzmunundan görünür ki, barəsində fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə verilən şəxsin hər hansı psixi pozuntusunun olması və bunun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi, hərəkətlərini idarə edə bilməməsi ilə bağlı hər hansı əsas göstərilməmiş, şəxsdə psixi pozuntunun olmasını təsdiq edən sübut (psixiatriya xəstəxanasında qeydiyyatda olması, psixi pozuntu ilə bağlı əlillik dərəcəsinin olması və s.) ərizəyə əlavə edilməmişdir.

10. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün onda hər cür pozuntu deyil, məhz psixi pozuntunun olması əsas şərtdir. Ərizəçi tərəfindən MPM-nin 318.2-ci maddəsinin tələbi pozulmaqla, barəsində fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə verilən şəxsin psixi pozuntusunun olması barədə ilkin sübutlar da məhkəməyə təqdim edilməmişdir.

11. Odur ki, ərizə MPM-nin tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmalıdır.

12. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi Mövsum oğlunun maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi Mövsum oğluna izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar