Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(5-160)-230/2026 11.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-01862 saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah münasibətinə girib onunla evlənmişdir. Onlar nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbi ilə əlaqədar mediasiya təşkilatına müracət edərək xx.xx.2023-ci ildə mediator X2 və borclu Maraqlı şəxs iştirakı ilə aramızda “Barışıq Sazişi” tərtib edilmişdir. Həmin “Barışıq Sazişi” nə əsasən borclu Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay iki uşaq üçün ümumilikdə 500 ( beş yüz ) manat mənə aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Mediasiya xidmətinə müraciət etdikləri zaman cavabdeh hər ay iki uşaq üçün ümumilikdə 500 ( beş yüz ) manat sabit pul məbləğində aliment ödəməyi razılaşaraq üzərinə öhdəlik götürmüşdür, bu barədə cavabdehlə aralarında saziş bağlanılmış və ümumi razılıq əldə olunmuşdur. Lakin hazırda borclu Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT № 023/2023-01862 saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla rəsmi nikah dövründə dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iki uşaq üçün ümumilikdə 500 ( beş yüz) manat sabit pul məbləğində alimenti ödəməkdən qəsdən yayınaraq qəti şəkildə əməl etmir. Hazırda həmin sazişin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, Maraqlı şəxs sazişə əməl etməkdən imtina edərək razılaşdırılmış alimenti ödəməmişdir. Odur ki, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT- 023/2023-01862 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-01862 saylı barışıq sazişinə əsasən : 1 və 2. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 460 nömrə ilə qeydə alınmış nikahın pozulmasına razılaşırlar. 1.1 və 2.1 Tərəflər nikah pozulduqdan sonra azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ananın himayəsində qalmasına razıdırlar. 1.2 və 2.2. Tərəflər razılaşır ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa hər ay 250 (iki yüz əlli) manat, ümumlikdə 500 (beş yüz) manat məbləğində aliment sentyabr ayından başlayaraq Maraqlı şəxs tərəfindən Ərizəçi bank kartına ödəniləcək. 1.3 və 2.3. Tərəflər razılaşır ki, Maraqlı şəxs uşaqların dərs vaxtı olmayan günlərdə istənilən vaxt, dərs vaxtlarında şənbə və bazar günləri uşaqlarla ünsiyyətdə ola bilər, uşaqlar gecə də atalarının yaşadığı ünvanda qala bilər. Tərəflər bunun üçün lazımı şərait yaradacağını öhdəsinə götürür. 1.4 və 2.4. Tərəflər razılaşır ki, başqa heç bir iddia və tələbi yoxdur. Sazişin 5-ci bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi (yəni sazişdə qeyd olunan məbləğdə alimenti ödəmək vəzifəsini) icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-01862 saylı barışıq sazişi icra olunmayan hissədə yəni qismən (1.2-ci və 2.3-cü bənd) təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2023-01862 saylı barışıq sazişinin 1.2 və 2.2-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: “Mən Ərizəçi “1.2 xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa hər ay 250 (iki yüz əlli) manat olmaqla, ümumlikdə 500 (beş yüz) manat Maraqlı şəxs alimenti ödəməsinə razıyam. Alimentin ödənilməsini sentyabr ayından başlanılmasına razıyam.” “Mən Maraqlı şəxs, “2.3 xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa hər ay 250 (iki yüz əlli) manat olmaqla, ümumlikdə 500 (beş yüz) manat Ərizəçi aliment ödəyəcəyimi öhdəmə götürürəm. Alimentin ödənilməsini sentyabr ayından ödəyəcəyimi öhdəmə götürürəm. Alimenti Ərizəçi bank kartına ödəməyi öhdəmə götürürəm.” Qalan hisədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(5-160)-230/2026
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-160)-230/2026
11.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver