Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(5-85)-55/2026 12.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızının sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun katibliyi, Ərizəçi və onun vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişin təsdiqi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ЕTDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, X1 bağlanmış xx.xx.2024-cü il tarixli MŞN/24-S00933 nömrəli "Barışıq Sazişi"nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 10 oktyabr 2013-cü il tarixdə Naxçıvan MR Babək rayon İcra Hakimiyyəti Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində Ərizəçi ilə 08 nömrə ilə nikah rəsmiləşdirib ailə qurmuşlar. Birgə nikahdan 10 sentyabr 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri pozulmuş, nəticədə Babək rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(079)-212/2025 saylı qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında 10 oktyabr 2013-cü il tarixdə Naxçıvan MR Babək rayon İcra Hakimiyyəti Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 10 sentyabr 2014-cü il təvəllüdlü X2 anası Maraqlı şəxs yanında qalması müəyyən edilmişdir. Maraqlı şəxs ilə qarşılıqlı razılıq əsasında X1 Maraqlı şəxs iştirakı ilə aralarında xx.xx.2024-cü il tarixli MŞN/24-S-00933 nömrəli "Barışıq sazişi" bağlanmışdır. Barışıq Sazişində qeyd edilmişdir: Ərizəçi öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş 10 sentyabr 2014-cü il təvəllüdlü X4, anası Maraqlı şəxs himayəsində - onunla birlikdə yaşamaqla, Emil Səfərli yetkinlik yaşına çatana kimi hər ay 250 (iki yüz əlli) manat pulu Emil Səfərlinin kapital bankda açılmış hesabına ödəyəcək. Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, birgə nikahdan doğulmuş 10 sentyabr 2014-cü il təvəllüdlü X3 Ərizəçi ilə istənilən vaxtı ünsiyyət saxlamağına heç bir maneəçilik törətməyəcəkdir. Ərizəçi ayrı yaşayandan sonra bir neçə dəfə gedib övladı ilə görüşüb onu evinə gətirsə də son vaxtlar Zümrüd onu övladı ilə görüşüb evinə gətirməyə imkan vermir. Emil onun da övladıdır, onunla görüşüb, onun qayğısına qalmaq istəyir. Maraqlı şəxs ilə ərizəçi eyni kənddə yaşayır. Həmişə övladının gələcəyi haqqında düşünmüşdür. Lakin maraqlı şəxs Emili ərizəçi ilə ünsiyyət saxlamağına lazımi şəkildə imkan vermir. Ərizəçi isə övladını çox sevir və ona çox bağlıdır. Övladı ondan ayrı yaşasada həmişə onun qayğısına qalmağı bir ata olaraq özünə borc bilir. Maraqlı şəxs ona oğlu ilə görüşüb onu evinə gətirməyə imkan vermədiyindən o, öz hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyindən X1 bağlanmış xx.xx.2024-cü il tarixli MŞN/24-S-00933 nömrəli "Barışıq Sazişi"nin məhkəmədə təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin vəkil və nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında nikah pozulduqdan bir müddət sonra Maraqlı şəxs azyaşlı övladını ərizəçinin xəbəri olmadan 4 ay olar ki, Türkiyə Respublikasına aparmış, hal-hazırda da orada yaşayır. Orada yaşadıqları müddətdə ərizəçi 2 dəfə “Whatsap” vasitəsi ilə övladı ilə danışmış, övladı ilə danışarkən maraqlı şəxsin övladının yanında dayanaraq qərəzli şəkildə bəzi suallara cavab verməyə maneəçilik törətmişdir. İş materiallarından aydın olduğu kimi tərəflər arasında 23 iyul 2024-cü il tarixli barışıq sazişinin bağlanmış, lakin maraqlı şəxs tərəfindən barışıq sazişinin 2-ci bəndinə əməl olumadığına görə məhkəmədən 23 iyul 2024-cü il mediasiya barışıq sazişinin təsdiq olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların hansı valideynin yanında qalması, uşaqla ünsiyyət, alimentin ödənilməsi ilə bağlı barışıq sazişi bağlamışlar. Nikah Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin ünsiyyətlə bağlı hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Hazırda ərizəçi barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-212/2025 nömrəli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 10 oktyabr 2013-cü il tarixdə Babək rayon İcra Hakimiyyətinin Kərimbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 303536 nömrəli doğum kitabından çıxarışdan görünür ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X4 anadan olmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında X1 keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞN/24-S-00933 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: -İkinci tərəf öhdəsinə götürür ki, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, anası Maraqlı şəxs himayəsində - onunla birlikdə yaşamaqla, Emil Səfərli yetkinlik yaşına çatana kimi həray 250 (iki yüz əlli) manat pulu, Emil Səfərlinin kapital bankda açılmış hesabına ödəyəcəkdir. -Birinci tərəf öhdəsinə götürür ki, birgə nikahlarından doğulmuş övladı X2 atası Ərizəçi ilə istənilən vaxtı onunla ünsiyyət saxlamasına heç bir maneəçilik törətməyəcəkdir. -Tərəflər razılığa gəlirlər ki, nikahlarının davam etdirilməsi mümkün olmadığından nikahlarına xitam verilməsi üçün müvafiq məhkəməyə müraciət edəcəklər. Həmçinin tərəflər razılığa gəlirlər ki, tərəflərdən hər hansı biri üzərinə götürdüyü öhdəliyi pozarsa, digər tərəfin məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur. Həmin Qanunun 33.3-cü maddəsinə görə barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 10.2-ci bəndinə əsasən qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Hazırda iş üzrə Ərizəçi (ata) Maraqlı şəxs (ana) ilə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞN/24-S-00933 nömrəli barışıq sazişinin “2-ci tərəf (Maraqlı şəxs) X2 (xx-xx-2014) atası Ərizəçi ilə istənilən vaxtı onunla ünsiyyət saxlamasına heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürür” hissəsinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, uşaqla ünsiyyətə dair sazişin 2-ci bəndindəki “2-ci tərəf (Maraqlı şəxs) X2 (xx-xx-2014) atası Ərizəçi ilə istənilən vaxtı onunla ünsiyyət saxlamasına heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürür” şərti olduqca geniş və əhatəli formada təsbit olunmuşdur. Bu qeyri-müəyyənlik verilən hüquqdan sui-istifadə hallarına yol aça, həmçinin mübahisə doğuracaq halların əmələ gəlməsinə səbəb ola bilər. Bu ehtimalları nəzərə alaraq, barışıq sazişinin qeyd olunan hissəsinin təsdiq olunmasından imtina edilməlidir. Bundan başqa, qanunvericiliyin tələbinə görə uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalı olduğu halda, mediator tərəfindən belə rəy alınmadan mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi ilə atanın uşaqlarla ünsiyyət qaydasını müəyyən etmişdir. Həmin orqanın prosesə cəlb edilmədiyi və müvafiq rəy alınmadığı üçün əldə olunmuş razılaşma uşaqların mənafeyinə uyğun olması ilə bağlı nəticəyə gəlmək mümkünsüzdür. Həmçinin, Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən uşağın fikri mütləq nəzərə alınmalıdır. 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Barışıq sazişinin məzmunundan tərəflər arasında mediasiyada uşaqların atası ilə ünsiyyətdə olmasına dair barışıq sazişi bağlanarkən xx.xx.2014-cü il tarixdə X2 fikrləri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişin təsdiqi tələbi qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 35-ci bəndinə görə birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. Əlbəttə, məhkəmə atanın uşaqla ünsiyyətdə olması hüququnun olmasını inkar etmir. Lakin, atanın uşaqla ünsiyyətdə olma vaxtının uşağın yaşı, məktəbə gedibgetməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsini daha məqsədəmüvafiq hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞN/24-S-00933 nömrəli barışıq sazişinin “Birinci tərəf öhdəsinə götürür ki, birgə nikahlarından doğulmuş övladı X2 atası Ərizəçi ilə istənilən vaxtı onunla ünsiyyət saxlamasına heç bir maneəçilik törətməyəcəkdir” hissəsinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞN/24-S-00933 nömrəli barışıq sazişinin “Birinci tərəf öhdəsinə götürür ki, birgə nikahlarından doğulmuş övladı X2 atası Ərizəçi ilə istənilən vaxtı onunla ünsiyyət saxlamasına heç bir maneəçilik törətməyəcəkdir” hissəsinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Əhmədova
Məhkəmə qərarları › İş №2(5-85)-55/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(5-85)-55/2026
12.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver