Məhkəmə qərarları › İş №2(5-93)-385/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-385/2026

28.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-385/2026 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “inzibati aktın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı Abbas oğlu iddia ərizəsi ilə mraciət edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib edilmiş aktın ona münasibətdə etibarsız sayılmasını, qeyd olunan aktdan irəli gələn 1097,84 manat borcun İddiaçı üzərindən tamamilə götürülməsini, akt üzrə məsuliyyətin həmin ünvanda fəaliyyət göstərən mərasim evini faktiki idarə edən şəxslərə yönəldilməsini, zərurət olduqda mərasim evini işlədən şəxslərin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

Məhkəmənin mövqeyi

5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi icraata götürülmədən imtina olunmalıdır.

6. Mübahisə tərəflərindən iddiaçı fiziki şəxs, cavabdeh isə publik hüquqi şəxsdir.

7. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 47-ci hissəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi göstərilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Agentliyin tabeliyində olan qurum olaraq fəaliyyət göstərir.

9. “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

11. Qeyd olunanları nəzərə alaraq hazırkı mübahisə üzrə cavabdeh publik hüquqi şəxs, mübahisənin predmeti inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı münasibətlər olmaqla mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən olan münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn subyekti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.

12. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı inzibati aktın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı Abbas oğluna aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar