Məhkəmə qərarları › İş №2(5-93)-410/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-410/2026

04.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-410/2026 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, Hacıyeva Nigar Zahid qızının katibliyi, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "X1" şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və digər” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı "X1" şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 398145.727 4478672.197; 2. 398158.156 4478673.416; 3. 398158.853 4478666.174; 4. 398146.458 4478664.955 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 25,42 manat mütəxissis rəyinin cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

2. İddiaçının nümayəndəsi Nümayəndə3 cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün yenidən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, iddiaçının cavadehin əsl cavabdehlə əvəz edilməsi üçün kifayət qədər vaxtı var idi. Hesab edir ki, hazırkı cavabdehin işlə heç bir bağlılığı olmadığı iddiaçıya məlumdur, cavabdehin iştirakı ziyanla bağlı yeni iddialara yol açır, buna görə işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

6. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

8. İddia tələbi qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Bu qəbildən olan mübahisələrə baxılarkən ilk növbədə mübahisəli tikilinin kim tərəfindən inşa edildiyi, həmin tikili üzərində faktiki sahibliyin kim tərəfindən həyata keçirildiyi və iddia tələbinin kimə qarşı yönəldilməli olması müəyyən edilməlidir. Çünki iddia tələbi mübahisəli hüquq münasibətinin subyekti olan və qəbul ediləcək məhkəmə aktı ilə hüquq və vəzifələri müəyyən ediləcək şəxsə qarşı irəli sürülür, əks halda iddia tələbinin əsassız olması ilə nəticələnir.

9. Hazırkı işdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qismində qeyd etsə də xx.xx.2026-cı il tarixli məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən cavabdehin bu iddia tələbi ilə bağlı olmadığını və başqa ünvanda yaşadığını bildirmiş və bu hal nəzərə alınaraq məhkəmə tərəfindən iddiaçıya cavabdehin mübahisəli hüquq münasibəti ilə bağlılığını təsdiq edən sübutların təqdim edilməsi və ya zərurət olduqda cavabdehin əsl cavabdehlə əvəz olunması üçün növbəti məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmışdır.

10. Lakin İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəməyə mübahisəli tikilinin kim tərəfindən inşa edildiyini və ya istifadə edildiyini müəyyən etməyə imkan verən məlumatlar təqdim edilməmiş, eləcə də iddia tələbinin kimə qarşı yönəldilməli olması dəqiqləşdirilməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən cavabdehin əsl cavabdeh olmadığı barədə məhkəmədə məlumat vermiş, mübahisəli tikiliyə yerində baxış keçirilmiş, lakin əsl cavabdehin şəxsiyyətinin eyniləşdirməsinə imkan verən məlumatlar məhkəmə tərəfindən iddiaçıya kifayət qədər vaxt verilməsinə baxmayaraq məhkəməyə təqdim olunmamışdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində tərəflər barədə məlumatlar, o cümlədən cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməlidir. Bu tələbin məqsədi mübahisənin düzgün tərəflər arasında həll edilməsini və qəbul ediləcək məhkəmə aktının icra imkanını təmin etməkdir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır.

12. Bununla yanaşı mülki prosessual hüququnda qəbul edilmiş dispozitivlik prinsipinə əsasən mübahisənin predmetinin və tərəflərinin müəyyən edilməsi iddiaçının səlahiyyətinə aiddir və məhkəmə iddiaçının irəli sürdüyü tələblərin və göstərdiyi tərəflərin hüdudlarından kənara çıxa bilməz. Məhkəmə yalnız təqdim edilmiş iddia tələbi çərçivəsində mübahisəyə baxır və tərəflərin əvəzinə yeni cavabdeh müəyyən etmək və ya mübahisənin tərəflərini öz təşəbbüsü ilə dəyişdirmək səlahiyyətinə malik deyildir.

13. Bundan əlavə mülki prosessual hüquqda rəhbər tutulan prosessual qənaət prinsipi məhkəmə icraatının səmərəli və məqsədəuyğun təşkil olunmasını nəzərdə tutur. Tərəflərin düzgün müəyyən edilmədiyi halda işə mahiyyəti üzrə baxılması sonradan yeni mübahisələrin yaranmasına, eyni hüquqi münasibətlər üzrə yeni məhkəmə çəkişmələrinin meydana çıxmasına və nəticə etibarilə məhkəmələrin iş yükünün əsassız artmasına səbəb ola bilər. Bu hal cavabdehin izahatı ilə də təsdiqini tapır, belə ki cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, məhkəmədə iştirakı ilə bağlı zərərin ödənilməsi ilə bağlı ayrıca məhkəməyə müraciət edə bilər ki, bu da tərəflərin düzgün müəyyən edilmədiyi halda yeni hüquqi mübahisələrin yaranması ehtimalını göstərir.

14. Odur ki, iddiaçı tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırılmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq qərara aldı:

İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və digər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. **********25 nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu "X1" şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılsın. "X1" şirkətinin Azərbaycan Respublikasındakı filialına izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar