Məhkəmə qərarları › İş №2(5-95)-151/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-151/2026

14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-151/2026 14.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək cavabdehə yəni, "xxxx" ASC-nə Bakı şəhəri, Xəzər rayonu, Mayak bağ massivində yerləşən bağ sahəsinə dair X1 adına verilmiş abonent kodlarının və müqavilənin ləğv edilərək Bakı şəhəri, Xəzər rayonu, Mayak bağ massivində yerləşən ona məxsus bağ sahəsinin elektrik enerjisinə dair məişət abonenti kimi onunla müqavilə bağlanmasının həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) tələblərinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.1, 45.1, 151.1, 152.1.3-cü maddələri.) Məhkəmə qeyd edir ki, qanunvericilikdə iddia ərizəsinin (ərizənin) ərazi aidiyyəti üzrə hansı məhkəməyə verilməli olması ilə bağlı xüsusi tələblər müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəlləyə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.1, 35.2.) Bununla yanaşı, ərizənin ərazi aidiyyəti ilə bağlı qanunda başqa hallar da nəzərdə tutulmuşdur, məsələn, MPM-in 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İddiaçı hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərkən, Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə istinad edərək, iddia ərizəsini iddiaçının yaşadığı yerə görə verdiyini qeyd etmiş və yaşayış yerini təsdiq etmək üçün də iddia ərizəsinə Xəzər rayon Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli 99 nömrəli arayışı əlavə etmişdir. Həmin arayışda qeyd edilir ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən o, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağ massivi ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə şəxsin yaşayış yeri anlayışı ilə bağlı qeyd edir ki, qanunvericilikdə yaşayış yeri və olduğu yer terminlər bir-birindən fərqləndirilmiş və hər birinə ayrı anlayış verilmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, səxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri; şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qanunvericilikdə həm də, şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasının məcburiliyi və qeydiyyat qaydası tənzimlənmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələbinə görə, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş isə yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı isə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Qeyd olunan imperativ (məcburi) normalarının tələbindən göründüyü kimi, qanunverici vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması üçün onun müvafiq dövlət orqanına müraciət etməsini və qeydiyyata alınmasını məcburi qayda hesab etmişdir. Hətta vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyət müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı müvafiq xidmətdən istifadə etmək üçün onunla müqavilə bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair, yəni istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia vermişdir. Yuxarıda qeyd olunan normaların tələbinə əsasən də, iddiaçı hazırki iddia tələbi ilə öz seçiminə uyğun olaraq ya cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə, ya da öz yaşadığı yerin məhkəməsində iddia vermək hüququna malikdir. Qeyd edək ki, hazırda tərəflər arasında hər hansı bir müqavilə mövcud olmadığından, müqavilənin bağlandığı və ya icra edildiyi yer məhkəməsinin seçilməsi mümkün deyildir. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, cavabdeh "xxxx" ASC-nin rəsmi qeydiyyata alındığı hüquqi ünvan ünvan 2 normalarının tələbinə əsasən iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən onun yaşayış yeri isə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 8 MKR, ev 26, mənzil 86-dır. İddiaçının təqdim etdiyi Şüvəlan Bələdiyyəsinin arayışı isə qanunvericiliyin tələbinə əsasən şəxsin yaşayış yerini təsdiq edən sənəd hesab edilə bilməz. Həmin arayışdan yalnız şəxsin “olduğu yer”in müəyyən edilməsi üçün istifadə olunması mümkündür ki, mülki prosessual qanunvericilik hazırki iddianın iddiaçının olduğu yerə görə verilməsini nəzərdə tutmur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki nə cavabdehin rəsmi qeydə alındığı yer, nə də iddiaçının yaşayış yeri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar