Məhkəmə qərarları › İş №2(5-96)-616/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-616/2026

16.03.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(5-96)-616/2026 16.03.2026 BAKI ŞƏHƏRI QARADAĞ RAYON MƏHKƏMƏSI GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, iddiaçı İddiaçı cavabdehlər İri şəhərlərin X1 Xidməti publik hüquqi şəxsi və Qaradağ Rayon Su Kanal İdarəsinə qarşı əlavə işə görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı İddiaçı cavabdehlər İri Şəhərlərin X1 Xidməti publik hüquqi şəxsi və Qaradağ Rayon Sukanal İdarəsinə qarşı əlavə işə görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Tələbini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Sukanal İdarəsində işlədiyi zaman əmək haqlarının və qanunla nəzərədə tutulmuş digər ödəmələrin düzgün hesablanmaması nəticəsində qalıq əmək haqqı borcları və son haqq-hesab ödənilməmişdir. İddiaçı tərəfindən törədilməmiş heç bir pozuntu olmadan ##.##.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Hazırkı tələbi 2024-cü ilin yanvar ayından 2025-ci ilin sentyabr ayına kimi əlavə olaraq işlədiyi saatlara əsasən 530 manat olmaqla əmək haqqının ödənilməsidir.

ƏSASLANDIRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

50. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 149.2.2. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3 Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 54. İdarə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.

Məhkəmənin mövqeyi:

5. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, cavabdeh kimi qeyd olunmuş İri şəhərlərin X1 Xidməti publik hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonudur. Belə ki, iddiaçı ərazi aidiyyəti qaydalarına riayət eməmişdir.

6. Bundan əlavə digər cavabdeh kimi qeyd edilmiş Qaradağ rayon Su Kanal İdarəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki-Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Hazırki işdə İri şəhərlərin X1 Xidməti publik hüquqi şəxsin Qaradağ rayon Su Kanal İdarəsi hüquqi şəxs olmamaqla, hüquqi şəxsin müəyyən struktur bölməsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məzmunu ilə bağlı Azərbaycan Respublikası Mülki-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş şərtə əməl olunmamışdır. Yəni, iddia ərizəsində iki cavabdeh göstərilsə də, onlardan birinin- İri şəhərlərin X1 Xidməti publik hüquqi şəxsin hüquqi ünvanı üzrə ərazi aidiyyəti qaydaları pozulmuş, digər cavabdeh kimi qeyd olunmuş idarə- Qaradağ rayon Su Kanal İdarəsi isə hüquqi şəxs olmadığından prosessual baxımdan fəaliyyət qabiliyyətli hesab edilmir. Odur ki, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, ərazi aidiyyəti üzrə hüquqi şəxsin (İri şəhərlərin X1 Xidməti publik hüquqi şəxsin) ünvanına uyğun olmaqla müvafiq rayon-şəhər məhkəməsinə müraciət edə bilər.

7. Məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu da geri qaytarılır.

NƏTİCƏVİ HİSSƏ:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdehlər "İri Şəhərlərin X1 Xidməti" publik hüquqi şəxsi və Qaradağ Rayon Sukanal İdarəsinə qarşı əlavə işə görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər (rüsum barədə qəbz daxil olmaqla) geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar