Məhkəmə qərarları › İş №2(5-99)-23/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(5-99)-23/2026

23.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-99)-23/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “konpensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "kompensasiya verməklə istisadə hüququna xitam verilməsi və mənzildən çıxarılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı "kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx xxxxxxx 1968-ci il təvəllüdlü Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında istifadə hüququna 10.800 (on min səkkiz yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 iyul 1991-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar və nikahları Nizami rayon VVADQ şöbəsində 645 № ilə qeydə alınmışdır. Sonradan münasibətləri pozulduğundan nikahın pozulması və sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi ilə məhkməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2(007)-421/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındakı 20 iyul 1991-ci il tarixində Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində bağlanmış 645 saylı nikahın pozulması qət edilmişdir. Nikahlarının pozulması Nizami rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 09 iyun 2012-ci il tarixdə, 148 nömrə ilə qeydə alınmışdır. Bundan əlavə onlar birgə nikah dövründə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.1243 ha torpaq sahəsində yerləşən 94b nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 64.83 kv.m ümumi, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlak alınmışdır. Həmin mənzilə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyası ******* nömrəli Çıxarış verilmiş və dövlət reyestrində 960 nömrəli reyestr kitabının 89105 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə ki, Nizami rayon İcra Hakimiyyəti Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 84 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 41 nömrəli, 28 yanvar 2022-ci il tarixli və Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 10 mart 2022-ci il tarixli, ******* nömrəli Arayışlarda göstərildiyi kimi xx xxxxxxx 1968-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh nikahın pozulmasına baxmayaraq, halhazırda ona məxsus olan mənzildə qeydiyyatdadır və bu səbəbdən o, həmin yaşayış sahəsindən sərbəst istifadə edə bilmir. Çünki həmin mənzildə qeydiyatda olduğu üçün həmin mənzilə istənilən vaxt girib-çıxır, onun yaşamaq hüququnu məhdudlaşdırır. Mənzil üzərində tam mülkiyyət hüququ ona məxsus olsa da, cavabdehin orada qalması onun evindən istifadə etməyinə mane olur. Nəticədə o, öz yaşayış sahəsinə daxil ola, orada yaşaya və ya onu istədiyi kimi istifadə edə bilmir. Buna görə də cavabdeh qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozduğundan onun evindən kompensasiya verilməklə çıxarılmalı və mənzil ona təhvil verilməlidir .

İş materialları :

3. AZ-İ seriyalı, 142480 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixində, 148 nömrə ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına Tağıyeva soyadı verilmişdir.

4. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-421/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 iyul 1991-ci il tarixdə Bakı şəhəri Nizamı rayon VVADQ Şöbəsində bağlanmış 645 saylı nikah qeydiyyatının pozulması, 10 avqust 1995-ci il təvəllüdlü X3 və X1 anaları İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, hər ay hər bir uşağa görə 87 (səksən yeddi) manat, cəmi 174 (yüz yetmiş dörd) manat sabit məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.1243 ha torpaq sahəsində yerləşən 94b nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 64.83 kv.m ümumi, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 960 nömrəli reyestr kitabının 89105 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1995-ci il təvəllüdlü X3, xx.xx.1995-ci cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.1993-cü il təvəllüdlü X5 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

7. xx.xx.2025-ci il tarixli, **********65 nömrəli qəbzdən görünür ki, iddiaçı X2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, evi o, almışdır. Keçən il bankdan 12 min manat kredit götürmüş və evi təmir etdirmişdir. Bildirmişdir ki, keçən məhkəmə iclasından sonra iddiaçı ilə barışmışlar, lakin bugün məhkəməyə gəldiksə fikri dəyişmişdir. İşin faktiki halı :

10. İddiaçı ilə Cavabdeh 20 iyul 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-421/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

11. Birgə nikah dövründə İddiaçı adına Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi 94B, 14 saylı mənzil satın alınmışdır.

12. Tərəflər arasında olan nikaha xitam verildiyi vaxtdan hazırki vaxtadək tərəflər mübahisə obyekti olan ünvan 3 ünvanında birlikdə yaşayırlar.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikasının Konstitusiyası:

13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

19. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbini cavabdeh ilə arasında olan nikaha xitam verilməsinə baxmayaraq cavabdehin ona məxsus olan mənzildə yaşaması ilə əsaslandırmışdır.

20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə obyekti olan ünvan 3 iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlak olub, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Tərəflər arasında bağlanmış nikaha xx.xx.2012-ci il tarixində xitam verilməsinə baxmayaraq nikah pozulduqdan sonra da cavabdeh iddiaçı ilə birlikdə mübahisə obyekti olan evdə yaşamışdır və yaşamaqda davam edir.

21. Mübahisə obyekti olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halı olduğundan həmin əmlakın tərəflərin ümumi birgə mülkiyyətində olması prezumpsiyadır.

22. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə, onun mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbini irəli sürsədə, onun cavabdehə qarşı belə hüququ mövcud deyil. Çünki hazırkı dövrədək cavabdehin mənzilin birgə mülkiyyətçisi olduğu prezumpsiyası qüvvədədir.

23. Hazırda, cavabdeh iddiaçı kimi payı müəyyənləşdirilməyən ümumiliyin iştirakçısıdır. Bu mənada, ümumi birgə mülkiyyətdə (payı müəyyənləşdirilməyən) olan mülkiyyətçinin hüquqlarına xitam verilməsi isə Mülki Məcəllənin 223-cü maddəsi həll edilməlidir. Yəni, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilə bilər. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

24. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olub, onun hüquqi rejiminin dəyişməsi cavabdehin iddiası üzrə mümkündür. O cümlədən, cavabdehin müvafiq iddiası olmadan iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə də hüquqi qiymət verilə bilməz.

25. Hazırki halda iddiaçı və cavabdehin mübahisə obyekti olan mənzilin birgə mülkiyyətçisi olması prezumpsiyası qüvvədə olduğundan, mülkiyyətçinin onunla mübahisə obyekti olan mənzilə münasibətdə bərabər hüquqa malik olan digər mülkiyyətçinin mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbini irəli sürmək hüququna malik deyil.

Məhkəmə Xərcləri:

26. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən MPM-nin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanından istifadə hüququna 10.800 (on min səkkiz yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsinə dair iddia tələbi təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 94B saylı evin, 14 saylı mənzilinə olan istifadə hüququna 10.800 manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar