Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1061/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 64.74 kvadratmetr ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********97-05101-093010 reyestr nömrəli mənzilə dair çıxarışa əsasən mənzildə 1/5 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçilərin hazırki mülki iş üzrə Cavabdeh2 (3/5 hissədə pay sahibi) və Cavabdeh1 (1/5 hissədə pay sahibi) qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən hazırki mülki iş üzrə hər iki cavabdehin rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmişdir. Sözügedən təkliflər cavabdehlər tərəfindən qəbul edilmişdir. Lakin cavabdehlər təklifləri cavabsız qoymuşlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya yazılı etiraz ünvanlayaraq ünvan 2 hal-hazırda Cavabdeh1 oğlu öz ailəsi ilə yaşadığından həmin evin açıq hərraca qoyub satılmasına etiraz edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı onun payının dəyərinə uyğun kompensasiya məbləğinin hissə-hissə ödənilməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 iddiaçıya onun mənzildə olan payının dəyərinə uyğun hissə-hissə bir il ərzində kompensasiya ödəməyə razıdır. Çünki, kompensasiyanı birdəfəlik ödəməyə imkanı yoxdur. Digər cavabdeh ilə söhbət aparılmış, o, hər hansı kompensasiyanın iddiaçıya ödənilməsinə razı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin 1/5 hissəsinə Cavabdeh1, 1/5 hissəsinə İddiaçı qızının, 3/5 hissəsinə isə Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehlərə ünvanladığı təkliflərdən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137, 24 saylı mənzildə olan payının naturada ayrılması, bu mümkün olmadığı halda onun mənzildəki payının dəyərinin kompensasiya şəklində ödənilməsi təklif edilmiş, əks təqdirdə sözügdən mənzildə payların naturada ayrılması, mümkün olmadıqda isə mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin əmlakdakı paylara nisbətdə payçılar arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişlər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, 10/1148 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsü “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin bazar qiyməti isə 115.000 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 350 manat təşkil edir. 20 oktyabr 2021-ci il tarixli qəbzə əsasən iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil...Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən iddiaçının həmin əmlaka öz payının naturada ayrılması texniki cəhətdən mümkün deyil. İddiaçı cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsinə razılığını bildirsə də, Cavabdeh1 yalnız hissə-hissə kompensasiya ödəyə biləcəyini bildirmiş, iddiaçı isə bu təkliflə razı olmamış, digər cavabdeh isə ümumiyyətlə iddiaçıya kompensasiyanın ödənilməsinə dair fikrini bildirməmişdir. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan evin və mənzilin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və mütəxəssis rəyi ilə müəyyən edilmiş mənzilin bazar qiymətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı (1/5 hissə), cavabdehlər Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137, 24 saylı mənzilin satış qiyməti 115.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. İddiaçı (1/5 hissə), cavabdehlər Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137, 24 saylı mənzilin satış qiyməti 115.000 (bir yüz on beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satış pulu iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 350 (üç yüz əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHAAZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i **********, müxbir hesab AZ82NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-1061/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1061/2022
15.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver