Məhkəmə qərarları › İş №e-2(001)-1088/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1088/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1088/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Kazimoff Group MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Kazimoff Group MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Kazimoff Group MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə İktech markalı su təmizləyici sisteminin alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kazimoff Group MMC, ümumi dəyəri 1590 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun, malın dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda cavabdehin əsas borc üzrə 535 manat, cərimə üzrə 42,8 manat borcu vardır. Müqavilənin 2.4-cü bəndinə əsasən ödənişin gecikməsinə görə borclu hər gecikdirilən gün üçün penya ödəyəcəkdir. Ona görə də xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 535 manatın, cəriməyə görə 42,8 manatın, ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın Cavabdeh Kazimoff Group MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Kazimoff Group MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında 2018-ci ilin sonunda su filterini reklam edən gənc qızın onu sadəcə suyu yoxlayıb gedəcəyinə inandırmasını, suyu yoxladıqdan sonra filtrin qiymətinin 2000 manat olduğunu bilib baha olması səbəbindən istəmədiyini, sonra filtrin kompaniya qiymətinin 1500 manat olduğunu bildiyini, ilkin ödəniş kimi 200-250 manat ödədikdən sonra endirim olunacağı üçün müqavilə bağladığını, ona bir illik ayda 85 manat kredit hesablandığını, müqaviləni imzalayarkən ona müqaviləni birtərəfli qaydada pozacağı halda filtrin aparılacağını və 600 manat cərimə ediləcəyinin deyildiyini, ilkin ödənişi etdikdən sonra su filtrinin qoşulmasını, hədiyyə olaraq duş verilməsini, hər ay 85-100 manat borcunu qapıda Kazimoff Group MMC-nin əməkdaşlarına verdiyini, 2020-ci ilin mart ayında son ödənişi etdiyini, bir ildən sonra ona satıcının əməkdaşı zəng edərək 200 manata filtrin dəyişmə vaxtı olduğunu dediyini, həmin vaxt ona borcunun qalmasının deyilmədiyini, həmin vaxt o, filtri çox az işlətdiyini bildirərək lazım olanda özünün müraciət edəcəyini deməsini, 2021-ci ildə Kazimoff Group MMC-nin əmakdaşları zəng edib ona 220 manat, daha sonra vaxtaşırı zəng edib 300, 450, 474, 590 manat borcu olduğunu bildirib pul tələb etdiklərini, o, dəfələrlə həmin şəxslərə gəlib filtri aparmalarını və ödənilən pulu geri qaytarmalarını deməsini, İlkin Qurbanov adlı şəxs onda ödəniş qəbzlərinin olmamasını bildikdən sonra ona bir cədvəl göndərildiyini, cədvəldə 75 manat ödənişləri görəndə adadıldığını bildiyini, bir il müddətində 85 manat ödəniş etməsini, İlkin Qurbanovdan müqavilənin və ödəniş qəbzlərinin surətinin ona təqdim etməsini tələb etdiyini, 2022-ci ilin sonunda Kazimoff Group MMC-nin əməkdaşları ona əvvəl 471 manat borcu olduğunu deyib, sonra onu məhkəməyə verdiklərini, etirazında istinad etdikləri ilə bağlı heç bir yazılı sübutunun olmadığını, iddiaçıya borcunun olmadığını göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş alqı-satqı müqaviləsi üzrə borc məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) X3 MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 777 saylı alqısatqı müqaviləsindən müəyyən olunur ki, satıcı qiyməti 1590 manat olan İktech markalı su təmizləyici sistemini 18 ay müddətinə hər ay 80 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, alıcı hər gecikdirilmiş günə görə ödəniləcək məbləğin 1%-i həcmində penya ödəməlidir. X3 MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhviltəslim aktından müəyyən olunur ki, Cavabdeh İktech markalı su təmizləyici sistemini işlək və tam qüsursuz vəziyyətdə təhvil almışdır. Kazimoff Group MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcını 3 iş günü ərzində müqavilə üzrə öhdəliklərini icra etmədiyi halda, aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Kazimoff Group MMC-nin xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 535 manat, cəriməyə görə 42,80 manat olmaqla cəmi 577,8 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, alqı-satqı müqaviləsi üzrə borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 535 manat, cəriməyə görə 42,8 manat olmaqla cəmi 577,8 manat borcunun olması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə cavabdehin etirazına münasibət bildirib qeyd edir ki, cavabdeh müqavilə üzrə aldığı əşyanı təhvil aldığından, özünün də imzaladığı xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini xx.xx.2020-ci il tarixinədək icra etməli olduğunu bildiyindən, öhdəliklərini vaxtında icra etməyəcəyi halı üçün iddiaçıya cərimə ödəyəcəyini öhdəsinə götürdüyündən, öhdəliklərini icra etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən etirazda qeyd olunan hallar əsassızdır, ona görə də məhkəmə tərəfindən qəbul olunmur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 535 manat, cəriməyə görə 42,8 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 608,2 manat Kazimoff Group MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar