Məhkəmə qərarları › İş №e-2(001)-1167/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1167/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1167/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC(Texnoplus mağaza) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 998 manat məbləğində əsas borc, 467 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 36.40 manat məbləğində dövlət rüsumu ilə birlikdə 1501.40 manat məbləğində borcun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinın qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1167/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ilə bağlı materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlər edilməsi qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh arasında xx.xx.2021 -ci il tarixində STN09-0833 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 1.199 manat dəyərində “X1” almışdır. STN09-0833 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə 100 azn ilkin ödəniş olub və 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 1.199 azn ümumi məbləği 18 ay ödəniş etmək şərti ilə, hər ay 67 azn ödəniş etməli idi. Cavabdeh cəmi 201 azn ödəniş etmişir. Qalıq borcu 998 azn təşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 467 azn təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, ilə alqı- satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur. STN09-0833 № alğı-satqı müqaviləsi üzrə-998 azn əsas borc, 467 azn dəbbə pulu və məhkəməyə ödənilən 36.40 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə, cavabdeh tərəfindən 1501.40 azn ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. TAB MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.

4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin əsaslandırılmasında yol verdiyi yalnışlıqla bağlı ərizə təqdim etmiş və ərizədə göstərilmişdir ki, tərəflər arasındakı müqavilə tələbin güzəşt edilməsi qaydasında yox, nisyə alğı-satqı formasında bağlanmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasındakı müqavilə tələbin güzəşt edilməsi qaydasında yox, nisyə alğı-satqı formasında bağlanmışdır.

7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1299 manat olan (Electrolux Atrium kondisioner) məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 67 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 14 sentyabr 2021-ci il, sonuncu ödəniş tarixi 14 fevral 2023-cü il müəyyən edilmişdir.

9. 14 avqust 2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №STN09-0833 saylı müqaviləyə əsasən “Electrolux Atrium” kondisioneri İddiaçı MMC-dən təhvil almışdır

10. 21 dekabr 2022-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı müqavilə üzrə əsas borcu 998 manat, cərimə borcu 467 manat olmaqla, ümumilikdə 1145 manat məbləiğində borcu vardır.

11. 14 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əşyanın nisyə alğı-satqısına dair 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı müqavilə bağlanmışdır. 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün aylıq ödənişin 1% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

21. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

22. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

23. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi:

24. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

25. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı müqavilə üzrə 998 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir.

27. Belə ki, 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı saylı nisyə alqı-satqı müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən müqavilə üzrə hesablanmış 467 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

28. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

30. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;

31. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

32. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

33. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən tələb olunan cərimə məbləği azaldılmalı və 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

39. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 avqust 2021-ci il tarixli, №STN09- 0833 saylı müqavilə üzrə əsas borca görə 998 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 1098 manat məbləğində pul vəsaiti, 36 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

40. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 14 avqust 2021-ci il tarixli, №STN09-0833 saylı müqavilə üzrə əsas borca görə 998 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 1098 (bir min doxsan səkkiz) manat məbləğində pul vəsaiti, 36 (otuz altı) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar