Məhkəmə qərarları › İş №e-2(001)-1223/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1223/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1223/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 19 sentyabr 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 1178,4 manat əsas, 176,7 manat cərimə borcu olmaqla, cəmi 1355,1 manat və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 33,55 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı İphone markalı telefona, 18 ay ödəniş cədvəli üzrə hər ay 108 manat olmaqla cəmi 1934,79 manat ödəməyi öhdəsinə götürmüş, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 1178,4 manat əsas, 176,7 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 19 sentyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aldığı İphone markalı telefona görə, 18 ay ödəniş cədvəli üzrə hər ay 108 manat olmaqla cəmi 1934,79 manat ödəməyi öhdəsinə götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh 19 sentyabr 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 1178,4 manat əsas, 176,7 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 1178,4 manat əsas borca tənasübsüz olaraq 176,7 manat olaraq dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir, belə qənaətə gəlir ki, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 82,48 manat müəyyən edilməlidir. Beləliklə, hesab edirəm ki, iddia qismən təmin edilməli, müqavilə üzrə əsas borc iddia tələbində göstərilən məbləğdə, cərimə borcu isə məhkəmənin müəyyənləşdirdiyi məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 33,55 manat məbləğində pul vəsaitinin 29 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 19 sentyabr 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 1178,4 manat əsas, 82,48 manat cərimə borcu olmaqla, ümumilikdə 1260,88 manat və dövlət rüsumu kimi ödənilmiş 29 manat məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar