Məhkəmə qərarları › İş №e-2(001)-125/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-125/2023

01.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-125/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, 39 T 0400047, ******* saylı koordinat üzrə kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın, yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, 39 T 0400047, ******* saylı koordinat üzrə kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın, yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X6 İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, 39 T 0400047, ******* saylı koordinat üzrə kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, yeni otaq tikilisi faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın, partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, 39 T 0400047, ******* saylı koordinat üzrə kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın, yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Neft Kəmərləri İdarəsinin X2 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3cü km-də, 39 T 0400047, ******* saylı koordinat üzrə kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada özünü Qarabağ müharibəsi qazisi kimi təqdim edən Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, içərisində yaşayış evinin hasara alınmış həyətyanı sahəsində, evə bitişik 4 metr enində, 5 metr uzunluğunda, 4 metr hündürlüyündə dam örtüyü vurulmamış yeni otaq tikintisinin aparılması aşkar edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş, lakin o, edilən xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmiş və əlavə işlərin aparılması üçün yazılı şəkildə təqdim olunmuş və DİN-nin 102 xidmətinə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixdə 8 saylı qarovulun 2-ci iş növbəsində saat 02-10-da sözü gedən ünvana təkrar baxış keçirilən zaman ev sahibinə edilən xəbərdarlığa məhəl qoyulmayaraq dam örtüyünün vurulması məqsədi ilə taxta atmaların vurulması aşkar edilmiş, evdə heç kim olmadığından tikiliyə müdaxilə olunmamışdır. Neft Kəmərləri İdarəsinin xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2882 saylı rəyindən müəyyən olunur ki, ekspertə təqdim edilmiş Bakı şəhəri Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, kəmərlə Cavabdeh aid mişar daşından inşa edilmiş hasar arasında olan məsafə 7 metr təşkil edir. Baxış zamanı cavabdeh tərəfindən həyətyanı sahəyə daxil olub orada yerləşən tikililərə baxış keçirilib, neft kəməri arasında olan məsafələrin ölçülməsi mümkün olmamışdır. Magistral neft Kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3 bəndinə əsasən Bakı şəhəri Binəqədi rayonu C.Cabbarlı küçəsində Cavabdeh aid hasar, ərazidən keçən Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1672 saylı rəyindən müəyyən olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa olunmuş hasar tikilisinin Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərindən 7 metr məsafədə, fərdi yaşayış evinin və yeni otaq tikilisinin neft kəmərindən 18 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsində yerləşən tikililərin (hasar, fərdi yaşayış evi və yeni otaq tikilisi) Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft Kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Cavabdeh tərəfindən aparılmış tikinti işlərinin Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında düşdüyünü nəzərə alaraq, həmin tikililərin tikinti-norma və qaydalarına uyöun olmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin uzun müddət yaşadığı fərdi yaşayış evi və inşa etdiyi digər tikililər Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçı cavabdehin yaşadığı evin mühafizə zonasında inşa edilməsini iddia etsə də, Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin nə vaxt inşa edilməsini müəyyən edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının özünün də tərtib etdiyi sənədlərdən cavabdehin yaşadığı evin köhnə ev olması müəyyən edilsə də, iddiaçı əvvəl cavabdeh tərəfindən mühafizə zonasında tikililər inşa edilməsinə imkan vermiş, daha sonra inşa olunan tikililərin sökülməsi, yəni cavabdehin mühafizə zonasından çıxarılmasına dair iddia ərizəsi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). İstinad olunan işdə Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Hazırkı işdə ərizəçi evi özü tikməmişdir, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir. Mübahisəli tikili ilə bağlı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdir və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007 V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın). Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. İstinad olunan qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir. Bununla bağlı məhkəmənin əsaslandırması belə olmuşdur: Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X3rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırki işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneft”in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri). Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış. (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57). Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. İstinad olunan qərardan daha sonra müəyyən olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin 0,3-cü km-də, 39 T 0400047, ******* saylı koordinat üzrə kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın, yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsindən ekspertiza tədqiqatının dəyərinə görə 152 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar