Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1268/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 2800 manat məbləğində pul vəsaitinin və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində Cavabdeh idarə etdiyi “BMW 525İ” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə tərəflərindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 520” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə avtonəqliyyat vasitələrinə və "xxxx" MMC-nin balansında olan metal hasara zərər dəymişdir. İlkin olaraq Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən TP5753848 saylı İnzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və "xxxx" ASC-də avtonəqliyyat vasitəsi ilə tərəflərindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 520” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü təqsirli hesab edilmişdir. Bu səbəbdən tərəflərindən hadisə üzrə “BMW 520” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə Cavabdeh 2800,00 manat, "xxxx" MMC-nin balansında olan metal hasara dəymiş zərərlə bağlı isə MMC-yə 300,00 manat sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5753848 saylı İnzibati tənbeh vermə haqqında qərar əsassızdır. Müvafiq orqanlara edilmiş şikayətlər nəticəsində TP5753848 saylı İnzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş, “BMW 525İ” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli hesab edilmiş, lakin inzibati tənbeh vermə haqqında müddət keçdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərəflərindən ilkin ləğv olunmuş qərar əsasında ödənilmiş sığorta ödənişləri əsassız varlanmaya əsasən cavabdehdən geri alınmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
a) Mülki işin materialları:
4. PXA152050 saylı sığorta aktına və ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh ("xxxx" ASC hesabı ilə) 2800 manat ödəniş edilmişdir.
5. TP5753848 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 yol-nəqliyyat hadisəsinin baş verməsidə təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
6. XP1915267 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayon DYPŞ ərazisində “BMW 525İ” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh inzibati xəta törətmişdir. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Lakin inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallar (inzibati tənbeh vermə müddəti başa çatdığından) aşkar olunduğundan vətəndaş Cavabdeh barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla başlanılmış icraata xitam verilmişdir.
7. Pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 2800 manat məbləğində vəsaitin 7 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
8. 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
10. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
11. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər.
12. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
15. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.
16. “Sığorta haqqında” Azərbaycan Rspublikası Qanunun əsasən 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
17. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
24. Məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı “BMW 525İ” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş zərərin aradan qaldırılması üçün 2800 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
26. Beləliklə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əvvəlcə X1 təqsirli bilindiyinə görə iddiaçı tərəfindən Cavabdeh 2800 manat sığorta ödənişi edilmişdir. Lakin sonradan X1 barəsində tərtib edilmiş protokol ləğv edilmişdir, yəni baş vermiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri ucbatından baş verdiyi məlum olmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati icraat başlanılmış, lakin inzibati tənbeh vermə müddəti keçdiyindən başlanılmış icraata xitam verilmişdir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı haqlı olaraq cavabdehdən ödənilmiş sığorta ödənişini tələb edir. Belə ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsirindən baş verdiyindən ödənilmiş sığorta ödənişi geri qaytarılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 2800 manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 70 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat əsas borc və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova