Məhkəmə qərarları › İş №e-2(001)-1312/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1312/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1312/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X4 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağına dair bildiriş, ərizə və ona əlavə edilmiş sənədlər göndərilmiş, lakin zərf üzərində “ünvan tapılmır” qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 7733/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı pul tələbinə dair iş üzrə icraat iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh X3 mənzilindən su axıdılması nəticəsində, obyektə qismən zərər dəymişdir. Hadisə öz təsdiqini 22 saylı MKİS-in 25 iyul 2022-ci il tarixli aktında tapmışdır. Baş vermiş hadisə ilə bağlı, 399,49 manat sığorta ödənişi həyata keçirilmiş və ödənilmiş 399,49 manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında məhkəməyə bildirmişdir ki, iddianı müdafiə edir. Belə ki, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi ilə iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh X3 mənzilindən su axıdılması nəticəsində, obyektə qismən zərər dəymişdir. Hadisə öz təsdiqini 22 saylı MKİS-in 25 iyul 2022-ci il tarixli aktında tapmışdır. Baş vermiş hadisə ilə bağlı, 399,49 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən ödənilmiş 399,49 manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində iştirak etmiş və məhkəməyə bildirmişdir ki, hadisə baş verən zaman onun şəxsi həyatında böhranlı dövr idi. Onun ağır bir itkisi olmuşdur. Hadisə baş verən zaman o, sığorta şirkətinin heç bir nümayəndəsini görməmişdir. O, zərərçəkənə 250 manat ödəniş etmişdir. Zərərçəkənlə dünən telefonla danışmış və o, bu halı təsdiqləyir. Zərərçəkəndən niyə həm ondan, həm də sığorta şirkətindən pul alığını soruşduqda ona bildirdi ki, “Mən klinikanı sığortalamışamsa, nəyə görə sığortadan pul almamalıyam?”. Onun evi hadisədən 3-4 gün sonra sığortalanıb. Günay Musayevanın hazırkı işlə heç bir əlaqəsi yoxdur, həmin dövrdə orada özü yaşayıb. O, həkimə dedi ki, həkimdir, pula ehtiyacı yoxdur, o isə qadındır və 650 manat maaş alır. Həkim cavab verdi ki, “Mənim ehtiyacım var”. Su sızıntısının səbəbkarı da o olmayıb, ümumi su xətləri dəyişdirilərək, Azərsunun çəkdiyi ana xətdən su sızıntısı olmuşdu. O, sığorta şirkətinin əməkdaşlarını orada görsəydi, onlara həkimə dəyən zərəri özünün ödəyəcəyini deyərdi. O, həkimlə görüşmək istəmədiyindən pulu Şəkili kimi tanıdığı bir ustaya verdi və o, 150 manatı avadanlıq və təmirə verdiyini, 100 manatın isə həkimin istədiyini dedi. Həmin həkim İlqar Hüseynovdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına etiraz etməmiş və Cavabdeh işə X3 əvəzinə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh bildirdikləri xüsusatların aydınlaşdırılması üçün X9 oğlu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunsa və məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə bildirdi ki, əgər məhkəmə qaydasında cavabdehin zərərçəkən X9 oğluna vurulmuş zərərə görə pul ödəməsi və ziyanın aradan qaldırılması müəyyən edilərsə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iddiası təmin edilmədiyi təqdirdə, əsassız varlanmaya görə X9 oğluna qarşı iddia irəli sürmək hüququnu əldə edəcək. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə bildirdi ki, dəymiş ziyanı tamamilə aradan qaldırdığı halda hansı əsaslarla yenidən kiməsə pul ödəməli olması ona aydın deyil. Sığorta şirkəti İlqar Hüseynova pul ödəməmişdən əvvəl məsələni aydınlaşdırmalı idi. Belə ki, dəymiş zərər qonşuluqda yaşayan ustalar vasitəsilə tərəfindən dərhal aradan qaldırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, o, ustadır, qızı cavabdehin qonşuluğunda yaşayır, özü də hadisə baş verən zaman qızıgildə qalmışdır. Səhər durub gördülər ki, cavabdehin evində boru partlayıb və aşağıda yerləşən diş klinikasına bir az su sızıb. Diş klinikasına susızma nəticəsində ziyan dəymişdir. Əsas elektrik sistemi stroydan çıxmış və divarlarda susızma izləri var idi. O,Lətifə xanımın Şəkili kimi tanıdığı kürəkəni ilə birlikdə diş klinikasında beş ədəd spot/lampa dəyişdi, elektrik sistemini bərpa etdi və onlar batmış divarları ağartdılar. ziyan dəymiş yerlərə əl gəzdirdilər. Qızı da klinikada olan suyu təmizləmişdir. Diş klinikasında alçıpan dəyişilməyib. Buna ehtiyac yox idi. İndi gedib baxılsa – klinika gül kimidir. İlqar müəllim tam razı qalmışdır. Lətifə xanım təxminən 200 manat pul xərcləmişdir klinikanın təmirinə. İlqar müəllim onun klinikasının təmir olunmasını inkar etmir. Lakin deyir ki, sığortadan da pul almaq onun hüququdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən – 199,49 manat hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən və şahid ifadəsindən göründüyü kmi, xx.xx.2022-ci il tarixdə cavabdehin yaşadığı mənzildə su borusu patlamış və nəticədə qonşuluqda yerləşən diş klinikasını su basmışdır. Cavabdeh tərəfindən dəymiş ziyan aradan qaldırılmış, buna 200 manat məbləğində pul xərclənmiş, lakin zərər dəymiş əmlakın sahibi X9 oğlu sığorta şirkətinə müraciət edərək, ona 679 manat məbləğində zərərin dəydiyini təsdiqləmiş, bu barədə sığorta şirkəti ilə Dəymiş zərər məbləğinin razılaşdırılması barədə saziş bağlamış və sığorta şirkəti tərəfindən ona azadolma məbləği və sığorta haqqı çıxılmaqla, 399,49 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hal-hazırda da sığorta şirkəti həmin pulu zərəri artıq bir dəfə qarşılamış tərəfdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 199,49 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 199,49 (yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar