Məhkəmə qərarları › İş №e-2(001)-1357/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1357/2025

24.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1357/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə kompensasiya ödəməklə ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh isə onun oğludur, onunla birlikdə həmin mənzildə yaşayır və pasport qeydiyyatındadır. İddiaçı mülkiyyətində olan mənzili satmaq üçün qeydiyyatda olan hər kəsdən razılıq ərizəsi alsa da cavabdeh buna razı olmamış və əmlakın alqı-satqısı mümkün olmamışdır. İddiaçı mənzili satdıqdan sonra cavabdehə kompensasiya verəcəyini bildirsə də cavabdeh buna razı olmamış, mənzilin alqı-satqısına, iddiaçının öz mülkiyyətində olan yaşayış sahəsinə sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Tərəflər arasında məhkəmədən kənar razılıq olmadığına görə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 20.000 manat, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 20.000 manat, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 20.000 manat, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 20.000 manat, ümumilikdə 80.000 manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin əşyaları ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə iclas iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini və kompensasiya məbləği ilə razı olmadığını bildirdi. Həmçinin qeyd etdi ki, 1988-ci ildən həmin evdə yaşayır və evə 80.000 manatdan çox pul xərclədiyib. İddiaçı ilə o halda razılaşa bilər ki, iddiaçı həmin evi onun oğlunun adına rəsmiləşdirsin və onun özünə də oradan köçməsi üçün 5-6 manat məbləğində pul versin.

6. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, onların yaşamağa başqa evlərinin olmadığını, həmçinin həmin evin təmirinə pul xərclədiklərini bildirirək tələbin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, əvvəl həmin evdə ailə qurduqdan sonra yaşamasına razılıq verilsə də sonradan iddiaçı onun evdən çıxmasını tələb etmişdir. Lakin hələ də həmin evdə ailəsi ilə birlikdə yaşayır.

Mülki iş materialları:

8. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

9. "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın bazar və kirayə dəyərinin müəyyən edilməsi barədə arayışa əsasən ünvan 1 ünvanı və yaxın ətraf ərazidə yerləşən, sənədlə ümumi sahəsi 58.8 kv.m, faktiki sahəsi təxminən 120 kv.m təşkil edən 2 mərtəbəli eyni şəraitli fərdi yaşayış evlərinin 2025-ci ilin yanvar ayına bazar dəyəri – 110.000 manat, kirayə dəyəri – 600 manat təşkil edir.

10. "xxxx" MMC tərəfindən verilmiş 0169 saylı, xx.xx.2025-ci il tarixli hesaba əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar dəyəri – 172.000 manat, likvid dəyəri isə 154.800 manat müəyyən olunmuşdur.

11. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 015056 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və bu hüquq ona xx.xx.2002-ci il tarixdə verilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, AR Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin FM seriyalı, 015056 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilən layihə əsasında 2-ci mərtəbəsinin yanğın nəzarəti və tikinti təhlükəsizlik qaydalarıba riayət olunmaqla tikintisinə etiraz edilməmişdir.

Tətbiq edilən hüquq

13. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; - kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi);

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Məhkəmənin mövqeyi:

19. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mülki iş materiallarından və tərəflərin verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən mənzil İddiaçı mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir.

20. Məhkəmə iddia tələbinin cavabdehlərin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə münasibətdə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

21. Belə ki, tərəflər arasında hüquq münasibətləri 1994-cü ildə yaranmışdır (qeydiyyata alındığı tarix). Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

23. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

24. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

25. Məhkəmə hesab edir ki, cavabdehlərin hər birinə ayrı-ayrılıqda 20.000 (iyirmi min) manat, ümumilikdə 80.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququna xitam verilməsi əsaslı və ədalətlidir.

26. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxslərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxslərin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən təklif edilən məbləğin ədalətli olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

27. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

28. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

30. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

31. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

32. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər.

33. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.

34. Müəyyən edilmişdir ki, iddiaçı cəmi 80.000 manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılması və evin boşaldılaraq ona qaytarılmasını xahiş etmişdir.

35. Məhkəmə qeyd edir ki, iddia tələbi kompensasiya verilməklə cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin olunduğundan, cavabdehlər əşyaları ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya qaytarılmalıdır.

36. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 20.000 manat, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 20.000 manat, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 20.000 manat, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 20.000 manat ümumilikdə 80.000 manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər əşyaları ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya qaytarılmalı, iddiaçı tərəfindən cavabdehlərə kompensasiya verilməsi və cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməlidir.

37. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 20.000 (iyirmi min) manat, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 20.000 (iyirmi min) manat, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 20.000 (iyirmi min) manat, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 20.000 (iyirmi min) manat, ümumilikdə 80.000 (səksən min) manat məbləğində kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 əşyaları ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar və ev boşaldılaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 20.000 manat, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 20.000 manat, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh4 20.000 manat, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 20.000 manat, ümumilikdə 80.000 manat məbləğində kompensasiya verilməsi və cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar